İqtisadi güc və siyasi iradənin qətiyyəti

 

İlham Əliyev Böyük qayıdış üçün Qarabağ və Şərqi Zəngəzurda mükəmməl həyat şəraiti yaradır

 

Bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır.

Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır.

Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Müharibədən ötən müddət ərzində bu iki iqtisadi rayonun müxtəlif ərazilərində lazımi infrastrukturlar yaradılıb və Böyük qayıdışa start verilməsi üçün mühüm işlər görülüb. Hazırda bölgədə quruculuq sürətlə davam etdirilir. Artıq Qarabağ və Şərqi Zəngəzur sakinlərini qarşılamağa hazırlaşır. Azərbaycan isə Vətən müharibəsinin hər günündə olduğu kimi, yeni-yeni tarixi səhifələr yazır.

 

 

 

İlin sonuna qədər yol infrastrukturu tam hazır vəziyyətdə olacaq

 

 

 

Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də gediş-gəliş baxımından yolların inşası təxirə salınmadan həyata keçirilir. Hazırda  dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərimizdə 15 avtomobil yolunun tikinti işləri davam etdirilir.

Bu il Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının istifadəyə verilməsi planlaşdırılır. İlin sonuna qədər 8 yol infrastrukturu tam hazır vəziyyətdə olacaq.

Bundan başqa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir.

Həmin layihələrin və xüsusən də ən mühüm tunellərin tikildiyi ərazi Kəlbəcər və Laçına gedən yolların üzərindədir. Burada mühüm layihələrdən biri də Göygöllə Kəlbəcəri birləşdirən və uzunluğu 81 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu yoludur. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 12 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Bu tunel dünyanın ən uzun tunellərindən biri olacaq.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Həm Şərqi Zəngəzurda, həm də Qarabağda yalnız yol təsərrüfatına aid olan genişmiqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətinin, bu sahədəki təcrübəsinin göstəricisidir.

 

 

 

Daimi enerji təminatı, “yaşıl enerji” zonası

 

 

 

Vətən müharibəsindən sonra İlham Əliyev işğaldan azad edilmiş ərazilərin qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib. Artıq demək olar ki, "Azərenerji" tərəfindən əksər şəhər və rayonlarda 110/35/10 kilovoltluq yarımstansiyalar inşa edilib.

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Ötən ilin mayında "Şuşa", iyunda "Füzuli" və "Şükürbəyli", avqustda "Kəlbəcər", oktyabrda "Cəbrayıl", "Zəngilan" və "Qubadlı" yarımstansiyaları işə salınıb. Bu il fevral ayının 13-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının açılışı olub. Ağdamda "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzi də fəaliyyətə başlayıb.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş, müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimləmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində mərkəzdən "Azərenerji"nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.

Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulub və tam rəqəmsallaşdırılıb. Bu ərazilərdə eləcə də 365 kilometr məsafədə ikidövrəli olmaqla 10 istiqamətdə yüksəkgərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərimizin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ümumi gücü 20 meqavat olan "Güləbird", "Suqovuşan-1", "Suqovuşan-2" və "Kəlbəcər-1" kiçik su-elektrik stansiyaları (KSES) tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal olunub.

Xatırladaq ki, keçən il 4 su-elektrik stansiyası istifadəyə verilib, bu il isə 5 su-elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücünü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.

Əksər KSES-lər isə Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə yerləşdiyi şəhər və rayonda olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan fəaliyyət göstərir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

"Azərenerji"nin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, ermənilərin təbiəti məhv etməklə köhnə nəsil texnologiyalar əsasında kortəbii hesablamalarla apardıqları planlaşdırmadan fərqli olaraq, Dördüncü Sənaye İnqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.

 

 

 

Zəngəzur dəhlizi və yeni layihələrin icrası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb

 

 

Prezidentin tapşırıqlarına uyğun olaraq, "Azərsu" tərəfindən işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilərək əksər şəhər və rayonlarda təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, şəhər və rayonlara, kəndlərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Rayonların ərazilərində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə fasiləsiz xidmət təşkil edilib. Hazırda yüksək dağlıq ərazilərdə yeni su mənbələrinin axtarışları davam etdirilir.

Bütün bu layihələr onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi qüdrətinə arxalanaraq Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. İlyarım böyük zaman kəsiyi deyil, lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Öz doğma yerlərinə qayıdacaq vətəndaşlarımız üçün indi ən mükəmməl həyat şəraiti yaradılır.

 

Hər kəsə bəllidir ki, Qarabağ və  Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin ötən ay dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.

Tarixi Zəngəzur dəhlizinin açılmasına çox az vaxt qalır. Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün işləri başa çatdırmaq üzrədir. Dəhlizin bir parçası olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə aparılır. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Ötən ilin oktyabr ayının 26-da təməli qoyulan, Zəngəzur dəhlizinin bir parçası hesab edilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq.

Dəhlizin funksiyasını dəyərləndirərkən İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu dəhlizə sadəcə olaraq dəmir yolu kimi baxmır. Çünki bu dəhlizdən həm dəmir yolu, həm avtomobil yolu keçəcək. Növbəti mərhələdə oradan Naxçıvana elektrik xətlərinin çəkilməsi də nəzərdə tutulub.  Eyni zamanda qaz xətləri də dəhlizdən keçə bilər. Yəni Prezidentin də söylədiyi kimi, Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, tarixi torpaqlarımıza həyat qayıdır. Onilliklər boyu yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın qısa müddət ərzində öz dədə-baba torpaqlarına qovuşdurulması üçün böyük işlər həyata keçirilir və Cocuq Mərcanlıdan başlanan Böyük qayıdışın növbəti mərhələsi "ağıllı kənd" layihəsinin tətbiq edildiyi Zəngilanın Ağalı kəndi oldu.

Bu il mayın 27-də Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi məhz müstəqilliyimizin möhkəmlənməsinin bariz nümunəsidir. Bu da hər kəsdə qürur hissi yaradır ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir və xalqın xoşbəxtliyi üçün əsas amildir.

 

 Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 15 iyul.- S.4.