Paşinyan erməni diasporunun "xidməti"ndən imtina edir

 

Rəsmi İrəvan xaricdə yaşayan ermənilərin ölkəyə müdaxiləsini məhdudlaşdırır

 

 Ermənistanın mövcud çətinliklərlə üzləşməsində, regionun ən zəif halqasına çevrilməsində erməni diasporunun rolu kifayət qədər böyük olub. Buna səbəb odur ki, diaspor Ermənistandan həmişə öz maraqları naminə istifadə edib. Bu kontekstdə isə Ermənistan bütün inkişaf parametrlərinə görə region ölkələri ilə müqayisədə çox geridə qalıb.

Eyni zamanda İrəvanın region dövlətlərlə düşmənçilik siyasətinin həyata keçirilməsində diasporun da rolunun olduğu heç kimə sirr deyil. Ancaq indi görünür ki, mövcud hakimiyyət diasporun təsir dairəsindən uzaq olmağa çalışır.

Bu fonda Ermənistanın milli təhlükəsizlik xidməti "Vətəndaşlıq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə təqdim edib. Layihədə "diaspor erməniləri"nin Ermənistan vətəndaşlığı almaları üçün prosedurların sərtləşdirilməsi nəzərdə tutulur. Bildirilir ki, xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq almaq prosedurunun sərtləşdirilməsinin əsas səbəbləri bölgədəki vəziyyət, Ermənistan vətəndaşlığı alan şəxslərin sonradan ölkəyə gəlməmələri və erməniliyin xeyrinə fəaliyyət göstərməmələridir.

Hazırda qüvvədə olan qanuna görə, istənilən xarici ölkədə yaşayan erməni Ermənistana ayaq basan kimi vətəndaşlıq almaq üçün müraciət edə bilər. Ermənistanın milli təhlükəsizlik xidmətinin qanuna əlavə və dəyişikliklərlə bağlı açıqlamasında qeyd olunur ki, əsasən Yaxın Şərq, Suriya, Livanİordaniyadan gələn və erməni olduqlarını iddia edən şəxslər Ermənistan vətəndaşlığı almaq üçün daha çox müraciət edir və vətəndaşlıq aldıqdan sonra ölkəyə 4-5 ildə bir dəfə gəlir və yaxud ümumiyyətlə gəlmirlər.

Ermənistanın üzləşdiyi çoxsaylı problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları da göstərilir. Ermənistanın istər daxili, istərsə də xarici siyasətinin müəyyən olunmasında həlledici təsir gücünə malik olan diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən ölkəni getdikcə daha böyük problemlərə düçar edib. Fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan, maddi çətinliklərlə qarşılaşmayan erməni diasporunu əslində Ermənistanın üzləşdiyi problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi İrəvanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəsəcəyi ilə hədələyir.

Ölkə hakimiyyəti isə hər zaman diaspor qurumlarından gələn göstəriş və əmrləri canla-başla yerinə yetirməyə müntəzir dayanır. Elə bunun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar ölkə daxilində yox, onun sərhədlərindən kənarda qəbul olunur. Bu vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməkdə, onun iflasını tezləşdirməkdədir.

Real vəziyyətin təhlili göstərir ki, həqiqətən də baş nazir Paşinyan postmüharibə dövründə təkcə ölkə daxilində yox, həm də xaricdə dəstəyini itirir. Xüsusən də erməni diasporunun təmsilçilərinin ondan açıq şəkildə üz döndərdiyi özünü qabarıq formada büruzə verir. Yerli  media da yazır ki, baş nazirlə erməni diasporunun təmsilçiləri arasında münasibətlər get-gedə pisləşir. Elə bu səbəbdəndir ki, özünün xaricə səfərləri zamanı Paşinyan diaspor nümayəndələri ilə görüşdən qaçır.  Eyni zamanda diaspor qüvvələrinin də Ermənistan baş nazirinə qarşı fəaliyyəti genişlənir, Paşinyanın son xarici səfərləri etirazlarla qarşılanır. Ötən il Ermənistan rəhbəri Fransada səfərdə olarkən diaspor nümayəndələri onun toplantı keçirdiyi binanın qarşısında etiraz aksiyasına başlamışdı. Nəticədə  mühafizəçiləri Paşinyanı arxa qapıdan çıxarmağa məcbur olmuşdular.

Ölkədə iqtisadi durum da getdikcə ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Bu günlərdə rəyi soruşulan insanların 38,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 35,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir. Əhalinin yalnız 0,6 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu bildirib. Ermənistanın ümumi dövlət borcunun getdikcə artmasının da ciddi çətinliklər yaradacağı istisna olunmur.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 15 iyul.- S.12.