Azərbaycan- Litva əlaqələri inkişaf edir

 

İyulun 14-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini bu cür səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına xüsusi təkan verdiyini qeyd edib. Azərbaycan-Litva münasibətlərinin tarixinə toxunan Adil Əliyev Litvanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. O, qarşılıqlı münasibətlərin inkişafında ölkə başçılarının, eləcə də yüksək səviyyəli digər qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Adil Əliyev Ermənistanın Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasından bəhs edərək, bu illər ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını və Ermənistanın beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu bildirib. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Milli Məclisin sədr müavini Ermənistanın işğal illərində bu ərazilərdə törətdiyi dağıntılar, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük sürətlə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib, bu ərazilərə yeni nəfəs gəldiyini qeyd edib.

Ermənistanın hələ də sülh müqaviləsinin imzalanması istiqamətində konkret addım atmadığı və Azərbaycanın ərazisinin mina ilə ən çox çirklənmiş ölkələrdən biri olduğu qonaqların diqqətinə çatdırılıb. Beynəlxalq ictimaiyyətin bu məsələlərə xüsusi önəm verməsinin zəruriliyi vurğulanıb.

Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyus səmimi görüşə görə minnətdarlığını bildirib. O, Litva-Azərbaycan münasibətlərinin inkişafının hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edərək, bu əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qonaq parlamentlərarası münasibətlərə də toxunub, qarşılıqlı təcrübənin öyrənilməsinin, əməkdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyindən danışıb.

Söhbət zamanı Azərbaycanın artan nüfuzundan, vacib enerji tədarükçüsü kimi çıxış etməsindən, eləcə də Litva ilə Azərbaycan arasında ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıqdan söhbət açılıb.

Görüşdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Pərvin Kərimzadə, Şahin İsmayılov, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.-2022.- 15 iyul.- S.2.