Gürcüstanın Baş prokurorunun rəhbərlik
etdiyi nümayəndə heyəti ölkəmizdə
səfərdədir
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə
Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi
nümayəndə heyəti ölkəmizdə səfərdədir.
İyulun 14-də Azərbaycan
Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.
Baş
Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, görüşdə
dövlətlərimiz arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafının dövlət
başçılarının birgə ciddi səyləri və
sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldiyi, dərin tarixə və
mədəni köklərə söykənən ikitərəfli
münasibətlərin gələcək dövrdə də
uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş prokuroru İrakli Şotadze rəhbərlik etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Görüşdə Gürcüstanın Kvemo-Kartli və Kaxetiya bölgələrində sıx yaşayan soydaşlarımızın, eləcə də ölkəmizin Ağstafa, Qazax, Balakən, Zaqatala və digər rayonlarda yaşayan etnik gürcülərin hüquq və azadlıqlarının qorunması məsələləri müzakirə olunub. Hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində, ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olub.
Daha sonra qonaqlar Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasında yaradılmış şəraitlə tanış olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət edib.
Görüşlərdə
Gürcüstanın ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib.
Nümayəndə
heyətinin ölkəmizə səfəri davam edir.
Azərbaycan.-2022.- 15 iyul.- S.2.