Şuşada Vaqif Poeziya Günləri dahi şairin məqbərəsi önündə davam edib

 

Şuşada keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də dahi Azərbaycan şairinin muzey-məqbərə kompleksinin önündə davam edib.

AZƏRTAC xəbər verir ki, Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Qeyd edib ki, 30 il ərzində əsarət altına qalan Şuşa artıq azaddır.

O, Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlər barədə danışıb. Həmçinin Xalq yazıçısı Molla Pənah Vaqifin həyat və yaradıcılığına nəzər salıb. Azərbaycan Yazıçılar Birliyinin sədri dahi şair Vaqifin şeirlərini səsləndirib və xatirələrini bölüşüb.

Xalq yazıçı deyib: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”.

Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirib. Deyib ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi.

“44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda can qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq",- deyə Çingiz Abdullayev vurğulayıb.

Daha sonra tamaşaçılar Azərbaycan muğamlarını dinləyiblər.

“İgidlərin sözü” kompozisiyası zamanı Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamın müşayiəti ilə çıxışları olub.

Sonda görkəmli şairlərin “Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirilib.

 

Azərbaycan.-2022.- 15 iyul.- S.5.