Azərbaycan tolerantlıq, dini dəyərlərə ehtiram nümunəsidir

 

Xalqımız öz milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, dini inanclarına hər zaman sadiq qalıb. Tariximizin təlatümlü çağları çox olub, xalqımız ağır sınaqlardan keçib. Onu milli-mənəvi düşüncələrindən, dini etiqadından uzaqlaşdırmağa çalışıblar. Çox da uzaq olmayan tariximizdə - sovetlər dövründə nəinki buna cəhd göstərilib, hətta bu siyasət ozamankı mərkəzi hakimiyyətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib.

 

 

Sovet hökumətinin boşa çıxan cəhdləri

 

 

1920-ci illərdə Azərbaycanda din əleyhinə fəaliyyət göstərmək məqsədilə tədbirlər görülüb. 1924-cü ilin yanvarında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaradıb. Respublikanın şəhər və kəndlərində komissiya tərəfindən "Allahsızlar Cəmiyyəti" təşkil edilib. Dinə qarşı hücumlar 1929-cu ildən daha da gücləndirilib və genişlənidirilib. "Allahsızlar Cəmiyyəti" həmin il "Mübariz Allahsızlar İttifaqı"na çevrilib və bütövlükdə Azərbaycan cəmiyyətini dinindən ayırmaq, uzaqlaşdırmaq niyyəti ilə müxtəlif tədbirlər həyata keçirilib. "Allahsızlar Cəmiyyəti"nin sıralarını genişləndirmək üçün nəinki yerlərindən, ali məktəblərdən, hətta orta məktəblərdə şagirdlər arasından da üzvlər seçilib. Ali məktəblərdə ateizm dərsləri keçirilib. Ancaq bununla da istədikləri nəticəni əldə etməyiblər. Çünki əlaçı tələbələr belə ateizmi yalnız qiymət xətrinə oxuyurdular. Əhalinin ateistləşməsi prosesində məqsədinə çata bilməyən sovet hökuməti Azərbaycana dini məsələlərlə bağlı ən böyük zərbəni məscid binalarını, ibadətgahları bağlamaqla, din xadimlərinə divan tutmaqla vurub. Hətta tarixi əhəmiyyəti belə nəzərə alınmadan dini məbədləri, məscid binalarını anbarlara, uşaq bağçalarına çeviriblər. O dövrdə Azərbaycan tarixinə faciəli səhifələr yazılıb. Din xadimlərini, mollaları az qala sinfi düşmən elan edərək təqiblərə məruz qoyub, həbs edib, sürgünə göndərib, güllələyiblər. Qurani-Kərim və dinlə bağlı digər kitabları məhv etmək üçün görülən işlərlə də Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, incəsənətinə ağır zərbələr vurublar. Ərəb qrfikasında yazılmış əlyazmalar, eləcə də çap olunmuş kitablar müsadirə edilib, yandırılıb.

 

 

Din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində aparılan islahatların uğurlu nəticələri

 

 

1990-cı illərdə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaşayan bütün xalqlara öz dini ayinlərini həyata keçirmək üçün şərait yaradıldı. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi. Həmin qanuna 1996-cı və 1997-ci illərdə müvafiq düzəlişlər olundu. Sonrakı illərdə Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində dövlət tərəfindən çox mühümciddi addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə böyük əhəmiyyətə malik tədbirlər həyata keçirdi. Prezident İlham Əliyev indi bu yolu yüksək həssaslıq və əzmlə davam etdirir. Dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində aparılan islahatlar uğurla nəticələnib. Bu gün müasir, dinyəvi dövlət olaraq tanınan Azərbaycan dünyaya həm də tolerantlıq, dini dəyərlərə ehtiram nümunəsi göstərir. Ölkəmizdə yaşayan bütün xalqlaretnik qruplar bir ailənin üzvləri kimi mehriban yaşayıb dolanırlar. Azərbaycanda dini ayinlərin icrasına hər cür şərait yaradılır. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili", 2017-ci il isə "İslam həmrəyliyi ili" elan edilib.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə son illər Azərbaycanda bir çox yeni məscidlər tikilibya bərpa edilib. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə məscidi, Həzrət Məhəmməd məscidi, Əjdər bəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksionlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Cənubi Qafqazın ən böyükmüasir məscidi - Heydər məscidi tikilib. Eyni zamanda respublikanın müxtəlif regionlarında bir çox ibadət evləri Heydər Əliyev Fondunun layihəsi çərçivəsində bərpa olunub.

 

 

Erməni əsirliyindən qurtulmuş ərazilərimizdəki bütün məscidlərdən azan səslərinin yüksələcəyi günlər uzaqda deyil

 

 

Azərbaycan XX əsrin sonuncu onilliyində çox ağır sınaqlarla üzləşdi. İmperiyadan xilas olan respublikamızda bütün sahələrdə tənəzzül yarandı. Dövlət müstəqilliyi, azadlığı yolunda çətin də olsa irəliləməyə çalışan ölkəmiz erməni işğalçıları ilə münaqişəyə cəlb olundu. Ermənistan himayədarlarından aldığı sılah-sursat və digər yardımlar sayəsində ərazilərimizin iyirmi faizini işğal etdi. Bir milyondan çox soydaşımız yurdundan, evindən məhrum olundu. Təcavüzkar ermənilər minlərlə azərbaycanlını qətlə yetirdilər. Düşmənlər ana bətnində körpələrə, dünyada olanları hələ doğru-dürüst anlamayan uşaqlara, ömürlərinin bahar çağındakı gəlinlərə, qürub çağlarını yaşayan qocalara, yatağa məhkum xəstələrə, əlillərə belə acımadılar. Onları yalnız millidini mənsubiyyətinə görə dəhşətli işgəncələrlə, görünməmiş qəddarlıqla  öldürdülər.

Ermənistan dövləti Qarabağ və Şərqi Zəngəzur torpaqlarını otuz ilə yaxın  işğal altında saxladı. Bu illər ərzində Azərbaycanın həmin ərazilərində bütün tikililəri - yaşayış və inzibati binaları, tarixi-mədəni, dini abidələri uçurub dağıtdılar, yerləyeksan etdilər.

Azərbaycanda hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq ibadətgahlar dövlət tərəfindən qorunaraq bərpa olunub. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub və fəaliyyətini davam etdirir. Ermənistan isə işğalda saxladığı ərazilərdə azərbaycanlıların dini ocaqlarını, məscidlərini, ibadətgahlarını dağıtdılar, məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çevirdilər. Prezident İlham Əliyevin bildirdiyi kimi: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər".

2016-cı ilin Aprel döyüşlərində ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ermənistan tərəfindən tamamilə dağıdılmış Zəngilan rayonunun Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu, evlər, məktəb, tibb məntəqəsi ilə bərabər, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid də tikildi. O zaman həyata keçirilən quruculuq işləri Azərbaycanın mövqeyini əks etdirdi. Tariximizə, mədəniyyətimizə, dinimizə ehtiramımızın təzahürü olmaqla yanaşı, əminlik yaratdı ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz tarixi torpaqlarını Ermənistanın işğalında qoymayacaq.

Azərbaycan tarixin müxtəlif dönəmlərində olduğu kimi, bu sınaqdan da alnıaçıq, üzüağ çıxdı. 2020-ci ilin 27 sentyabrından başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu amansız düşmənin yalnız ona qarşı silah qaldıran, atəş açan döyüşçüsü ilə vuruşdu, mülki əhaliyə toxunmadı. Ermənistan silahlı qüvvələrini məğlub etdi, düşmənləri torpaqlarımızdan qovdu.

Dövlətimizin başçısı xalqa müraciətlərində ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin silinməsi cəhdlərinə son qoyulacağını, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpa ediləcəyini bildirmişdi. Noyabrın 10-da qalib ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq xalqa müraciət edən İlham Əliyev dedi: "Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq".

Öz milli-mənəvi, dini dəyərlərini hər zaman qoruyub saxlamağa qadir olan Azərbaycan tarixi günlərini yaşayır. Düşmənin viran qoyduğu ərazilərimizdə artıq dövlətimizin diqqəti və qayğısı, xalqımızın sevgisi və əzmi ilə həyat yenidən canlanır. Artıq işğaldan azad olunmuş ərazilərimizdə sürətlə tikinti-quruculuq işləri aparılır. Həyata keçirilən mühüm işlər sırasında məscidlərin, ibadətgahların bərpası da var. İşğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanmalıdır. Fondun dəstəyi ilə Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı, Ağdam Cümə məscidlərinin bərpa-təmir işləri görülüb.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 15 iyul.- S.9.