"Qaxdan Qarabağa gedən yol"

 

Bölgədə yaşayan həmkarımız igid həmyerlilərindən yazıb

 

 

...Vətən müharibəsinin ilk günləri idi. Qaxda yaşayan həmkarımız, rayonda çıxan "Şəlalə" qəzetinin redaktoru Xavər Əfəndiyevaya zəng vurduq. Xavər xanım zabit anasıdır. Bilirdik ki, oğlu, hərbi təyyarəçi, polkovnik-leytenant  Sadiq Əfəndiyev ön cəbhədədir. Məqsədimiz də keçmiş tələbə yoldaşımıza, qələmdaşımıza ürək-dirək vermək, təmkinli olmağı tövsiyə etmək idi.

Elə yenicə dinmişdik ki, Xavər sözümüzü yarımçıq kəsdi:

- Nə mənim övladım bu gün cəbhədə şəhid olan oğullardan artıqdır, nə də mən onların anasından artığam...Təki bu müharibə qələbəmizlə bitsin, biz məğlub xalq kimi yaşamaq xəcalətindən xilas olaq.

Əslində, bu cavabı  gözləməli idik. Çünki son üç onillik ərzində ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından-qanından keçən həmyerlilərindən  yazdığı neçə-neçə oçerk, zarisovka ilə o, Vətən sevdalı bir xanım olduğunu təsdiqləmişdi. Bu qeydlərdən bir neçəsi "Azərbaycan" qəzetində dərc olunmuşdu.

Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra Xavər Əfəndiyevanın Qax rayonundan olan Vətən fədailəri haqqında yazılarının silsiləsi davam etdi. Bu yazıların kitab halında çap olunması təşəbbüsü isə müəllifin ailəsindən gəldi. Beləliklə, "Qaxdan Qarabağa gedən yol" kitabı ArazSadiq Əfəndiyev qardaşlarının maliyyə dəstəyi ilə araya-ərsəyə gəldi.

X.Əfəndiyevanın yazdıqlarından  Qaxın  yetirmələri olan igidlərimiz haqqında nəyi öyrənirik? Birinci  Qarabağ müharibəsində  qaxlı gənclərin göstərdiyi fədakarlığı  Azərbaycanın Milli Qəhrəmanı, cəsur pilot Cavanşir Rəhimovun timsalında aydın görürük. İkinci  Qarabağ müharibəsində isə Milli Ordunun baş leytenantı İzzət Balacayev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 12-dən çox qaxlı zabit döyüşdə göstərdiyi igidliyə görə ordenlə təltif olunub. Vətən müharibəsində Qaxın  29 igid yetirməsi şəhidlik   zirvəsinə yüksəlib. Müəllif  hər birinin həyat və döyüş yoluna ayrı-ayrılıqda nəzər salıb. Sözügedən kitabda onlar haqqında yazıların hamısı öz əksini tapıb.

"Vətən andı içənlər" hissəsində isə Vətən müharibəsində iştirak edən bir qrup qaxlı hərbçi haqqında söhbət açılır. "Hünəri ilə tarix yazanlar"  hissəsində  Birinciİkinci  Qarabağ müharibəsində igidlik göstərən  şəhid və  qazilərdən  bəhs olunur.

Müəllif  yazır: "Birinci Qarabağ müharibəsi zamanı əliyalın, sinəsini düşmənə sipər edən oğullarımızın igidlikləri havadarlarına arxalanan düşmənin özünümat qoymuşdu. Lakin vahid ordusu olmayan, başıpozuq rəhbərlərin ölkəni idarə etməsi sonda torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Bəşər tarixinin ən böyük faciəsini -Xocalı faciəsini yaşadı xalqımız. Dünya lal-kar olmuşdu. Haqq səsimizi eşitmək, görmək istəmirdilər. Düz 30 ilə yaxın işğal altında olan doğma yerlərin xiffəti ilə, tapdanmış izzəti-nəfsimizin utancı ilə yaşadı bu xalq. Və bir gün...Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, vaxtı, zamanı çatdı. Artıq Azərbaycan 30 il əvvəlki Azərbaycan deyildi..."

X.Əfəndiyevanın dediyi kimi, əsgərlərimiz  Qarabağ uğrunda gözlərini qırpmadan ölümə atıldılar. Döyüşdə misli görünməyən cəsarət göstərdilər.  Sal qayalara ayaqyalın dırmanan, toplu-tüfəngli düşmənin üstünə  şığıyan  Azərbaycan əsgərinin Vətən sevgisini bütün dünya gördü. Analarımız oğullarını döyüşə yola salanda "Vətən sizlərə əmanət" dedilər. Yeganə övladının müqəddəs bayrağımıza sarılmış tabutu qarşısında başı dik dayanaraq "Vətən sağ olsun!" deyən minlərlə anamızı gördük. Bu qələbə birliyimizin rəmzi oldu. Ordu-xalq-lider birliyi "dəmir yumruq" olub düşmənin başını əzdi.

"Milli Ordumuzun hünəri bəlkə də dastanlara sığmaz. Çünki Vətən müharibəsinin hər bir döyüşçüsü bir qəhrəmandır. O qəhrəmanların sırasında doğma Qaxımızın da övladları var. Hər biri bir əfsanəyə dönüb hünəri, igidliyi ilə", -  qürurla qeyd edir müəllif.

"Qaxdan Qarabağa gedən yol" kitabının rayondakı Heydər Əliyev Mərkəzində  keçirilən təqdimat mərasimində  də məhz bütün bunlar bir daha qeyd olunub. Çıxış edənlər Birinciİkinci Qarabağ müharibələrində Qax rayonunun 176 şəhid verdiyini xatırladıblar.Tədbir iştirakçıları müalicəsi davam edən Vətən müharibəsi  qazilərinə cansağlığı diləyiblər. Müəllif isə bildirib ki, hələ şəninə min dastan deyiləcək igid Vətən oğullarının!

 

 Flora SADIQLI,

Azərbaycan.-2022.- 15 iyul.- S.10.