Balaxanının turizm imkanları genişlənir

 

 

Balaxanı qəsəbəsində görülən yenidənqurma işləri sakinlər tərəfindən maraqla qarşılanıb. Yaşayış məntəqəsi özünəməxsus memarlığı - zövqlü tikililəri, dar küçələri və ənənəvi həyətyanı sahələri ilə seçilir. Balaxanıda Şirvanşahlar və Səfəvilər dövrünə aid bir çox maraqlı tarixi abidələr mövcuddur. Bu məkan haqqında söz düşərkən ilk ağıla gələn neft olur.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, qəsəbənin küçələri abadlaşdırılıb, tarixi abidələr bərpa olunub, infrastruktur yenilənib. Bir sözlə, Balaxanı simasını büsbütün dəyişib. Küçə və məhəllələri dolandıqca insanda xoş ovqat yaranır. Yolboyu yerə qəmbər daşları döşənib, hasarların, darvazaların və pəncərələrin önünə dibçəklər qoyulub, müxtəlif güllər, dekorativ bitkilər əkilib. Evlər isə bir-birini tamamlayan rənglərlə bəzədilib. Görülən işlər buranın qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər aparılıb.

Bütün küçələrdə turizm yönümlü sahibkarlığın inkişafı, xüsusilə xalçaçılıq, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, milli suvenirlər, geyimlər, keramik qablar, musiqi alətlərinin satışı və digər sahələri təşviq etmək üçün şərait yaradılıb.

Prezident İlham Əliyev mütəmadi olaraq Bakının rayonlarına və qəsəbələrinə gedir, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. "Balaxanı kəndinin yeni dövrü başlayır" deyən dövlət başçısı sakinlərlə görüşündə qəsəbəyə xüsusi diqqətin olduğunu bildirib: "Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçünbunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb".

 

 

Mirzə Ələkbər Sabir bu məktəbdə çalışıb

 

Abşeronda neft istehsalından əvvəlki dövrdə əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, bostançılıq olub. Daha sonra neft qoxulu, zibil poliqonlu bir əraziyə çevrilib. Buranın Böyük İpək yolunun üstündə yerləşməsi tarixən Balaxanını strateji bir yerə çevirib. Bu ərazi uzun əsrlər boyu şərqdən qərbə qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub. XX əsrin əvvəllərindəki neft bumundan sonra Balaxanı nefti ilə tanınmağa başlayıb.

Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park, Xacə Ruhulla imarəti, 1635-1636-cı illərə aid Şah Səfi karvansarası, XIV əsrə aid Hacı Şəhla məscidi və Şakir ağa türbəsi, ovdan, Qum hamamı və digər tarixi abidələr bərpa olunub. Tədqiqatçılar qeyd edirlər ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərirmiş. Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanı məktəblərində çalışmışdır. Bir çox məşhur şeirlərini də o, məhz burada yazmışdır. Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: yerli balaxanılılar öz dillərində bu kəndə "Bəəxonə" deyir ki, "bəə" - yuxarı, hündür, "xonə" - ev deməkdir.

 

 

 

Qəsəbəyə yeni ruh gəlib

 

 

Maraqlısı budur ki, küçə boyu binaların divarlarına fərqli freskaqrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib. Balaxanı küçələrində qəsəbə sakinləri ilə söhbətimiz zamanı onların yaradılan şəraitdən razı qaldıqlarının şahidi olduq. Sakinlər deyirlər ki, artıq qəsəbəyə yeni ruh gəlib.

Qəsəbə sakini, eyni zamanda bizə bələdçilik edən Aytən Əzimova deyir ki, Balaxanı neftin ilk aşkarlandığı ərazidir: "Balaxanı Bakının qədim ərazilərindən biridir. Neft quyularının birinin dibindən 1594-cü ilə aid daş kitabə tapılıb. Daş kitabənin üzərində "Allahyar Məmmədnuru oğlu 1594-cü il" qeyd olunub. Qəsəbəmiz illərlə baxımsız vəziyyətdə qalmışdı. Lakin dövlətimizin dəstəyi ilə 2019-cu ildən bəri qəsəbədə abadlıq işləri aparılıb. Bu həm yerli sakinlərin, həm də qəsəbəyə gələn turistlərin marağına səbəb olub. Aparılan abadlıq işləri insanlarda xoş təəssürat yaradıb. Şəhərin səs-küyünə baxanda qəsəbəmizin sakitliyi və sərinliyi insanda xoş əhvali-ruhiyyə yaradır".

Bizimlə təəssüratını bölüşən digər sakin Leyla Babayeva isə deyir: "Qəsəbəmizin yeni görkəm alması bizi çox sevindirir, xoş ovqat yaradır. Hazırda yaradılan şəraitlə tanış olmaq üçün Balaxanıya çoxlu insan gəlir. İnanırıq ki, qəsəbəmiz turistik məkana çevriləcək. Bu, bizim də xeyrimizədir, əlavə yerləri deməkdir".

 

 

 

Tarixi abidələr bərpa edilib

 

 

Balaxanı tarixi abidələri ilə də tanınıb. Burada yerləşən Hacı Şəhla məscidi Balaxanı qəsəbəsinin qəbiristanlığında hündür bir təpənin üzərində tikilmiş XIV əsr memarlıq abidəsidir. Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-1428-ci ildə inşa olunub və 1385-1386-cı ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Şakir ağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur.

Qəsəbədə vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllənin hamamı var idionlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib. Qəsəbədə olarkən tarixi abidələrdən birinə - qədim Qum hamamına da baş çəkdik. XIV əsrə aid tarix-memarlıq abidəsi ümumilikdə bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas giriş sayılır. Buradan dəhliz soyunma, paltar saxlama və geyinmə otaqlarına aparır. İkinci hissə istisoyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan kiçik otaqlar da birləşir.

 

 

 

40 pilləkənli ovdan

 

 

 

Qəsəbədəki ovdan Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilib. Pilləkənlərinin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ovdanın 2 metrə yaxın hündürlüyü olan giriş tağı var. Ehtimal olunur ki, Qum hamamı ilk vaxtlar məhz bu ovdanın suyu ilə işlədilib. Ovdandan su götürmək üçün lay daşlardan yonulmuş 40 pilləkəni düşmək lazım gəlir. Onun çox az hissəsi yerin üstündə, qalanı torpağın altındadır. Burada da yenidənqurma və bərpa işləri aparılıb. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

Balaxanıdakı Şah Səfi karvansarası 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb. Karvansara usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. İnşasını isə I Şah Səfi sifariş etmişdir.

Balaxanı qəsəbəsinin yenidən bərpası onun turizm baxımından cəlbediciliyini daha da artırıb. Ölkə rəhbərinin tapşırıqlarına əsasən, Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində aparılan yenidənqurma tədbirləri qarşıdakı dövrdə daha da sürətləndiriləcək və abadlıq işləri geniş vüsət alacaq.

 

 Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 15 iyul.- S.11.