Hər
kəs görsün və bilsin
Prezident
İlham Əliyevin sədrliyi ilə bu ilin altı
ayının yekunlarına həsr olunan müşavirə
keçirilib
İyulun
15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə bu ilin altı ayının
yekunlarına həsr olunan müşavirə keçirilib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
müşavirədə giriş nitqi söylədi.
Prezident İlham
Əliyevin giriş nitqi
- Bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.
Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır.
Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının Prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb. Əlbəttə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir. Bu il mənim Türkiyə Prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb – mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir.
Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır.
Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.
Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq, deyə bilərəm ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik.
Digər müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı.
Düzdür, Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər.
Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir.
İkinci mənfi məqam ondan ibarətdir ki, yenə də həmin 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün.
Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu bizə verilməyib. Bir il səkkiz ay keçib, mən bu məsələni dəfələrlə qaldırmışam, o cümlədən Brüssel görüşlərində - mənim, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin görüşləri əsnasında üç dəfə qaldırmışam. Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır.
Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var - digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir.
Ona görə, bilirsiniz, bax, bu mənfi meyillər güclənir. Bütün məsələlərlə bağlı, məsələnin həlli üçün, yaxud da düzgün təhlil aparmaq üçün gərək sən o meyilləri düzgün seçəsən. Hələ ki, bu, hansısa bir ciddi fəsada çevrilməyib. Amma əgər bu zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Ancaq bu meyili görməmək də mümkün deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik.
Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.
Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək.
Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola.
Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.
Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var.
Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni, dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki bəli, dünyada neftin qiyməti qalxıb, amma, eyni zamanda, dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir.
Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru.
O ki qaldı, iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq.
Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır.
Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb - haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində, belədir.
Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq.
Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm.
Bir sözlə, iqtisadi sahədə bu altı ayda görülmüş işlər, əlbəttə, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq.
Bir neçə kəlmə energetika sektoru ilə
bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə
prioritet olub. Amma bu gün bizim enerji
imkanımız bir çox ölkələr üçün
də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə
aparırıq. Əlbəttə, uzun illər ərzində
böyük hazırlıq işləri gedib ki, bərpaolunan
enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə,
xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar
öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat
gücündə üç Günəş və külək
elektrik stansiyasının tikintisi ilə məşğuldur.
İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl
rayonundakı stansiyanın inşası üçün
hazırlıq işləri gedir. Yəqin ki, gələn
il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz
razılaşmalara görə, əlavə iki min meqavat və
ondan da əlavə iki min meqavat Günəş və külək
elektrik stansiyalarının inşası nəzərdə
tutulur. Üstəgəl, Kəlbəcər
və Laçın rayonlarında su elektrik
stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.
Çünki biz müharibədən sonra ancaq
ermənilərin dağıtdıqları su elektrik
stansiyalarının istehsal gücünü
hesablamışdıq. Orada 32 su elektrik
stansiyası var idi ki, ermənilər Kəlbəcər,
Laçından gedəndə onları vəhşilər kimi
dağıtdılar. Biz onları
hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.
Ancaq indi daha dərin təhlil aparılır. Çünki
orada daha böyük həcmdə su elektrik
stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz
orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından
mindən çox meqavat götürə bilərik.
Artıq bir il yarım ərzində 9 su
elektrik stansiyasının inşası ya başa çatıb,
ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək.
Yəni, bu sahə bizdə İkinci Qarabağ
müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə
qalxır. Yenə də demək istəyirəm
ki, bərpaolunan enerji növlərinin istehsalına, - su
elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul
qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə,
bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha
böyük həcmlə ixrac edək. İndi
biz ənənəvi yolla - mövcud olan yüksək gərginlikli
xətlərlə ixrac edirik. Amma biz gələcəkdə
Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil
edə bilərik və Avropa tərəfindən yeni layihə
təqdim edildi. Qara dənizin altından
Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi
layihəsi də var və biz bu layihəyə də maraq
göstəririk. Yəni, bu sahədə çox
böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək
ki, təbii qaza qənaət edək və qənaət
edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə
alsaq ki, bizim qazımıza tələbat indi kəskin
artıb. Bunun səbəbi də bəllidir və
biz, əlbəttə ki, bu istiqamətdə işləyirik.
Perspektivli yataqlardan çıxarılacaq
qazı həm daxili tələbatı ödəmək
üçün, eyni zamanda, ixrac üçün də nəzərdə
tutmuşuq. Hələ ki, bizim ixrac resurs
bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın
gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”,
“Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin
dərin qaz adlandırılan yataqlarından qaz hasilatı
gözlənilir. Yəni, çox böyük
resursdur və bütün sadaladığım layihələr
üzrə fəal işlər gedir. Bu,
sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal
işlər gedir. Ayın 18-də Avropa
İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin
enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.
Əlbəttə ki, ölkəmizin həm beynəlxalq
nüfuzu artır, imkanları artır, gəlirləri artacaq,
biznes şəraiti yaxşılaşır. Energetika nəqliyyatla
bərabər bundan sonra da bizim üçün əsas
sektorlardan biri olacaq. Nəqliyyat sahəsində
də artım var. Tranzit yüklərin həcmi təxminən
30 faiz artıb. Mən hələ 5
ayın nəticələrini deyirəm, 30 faiz artım
çox böyük artımdır. Bəzi
istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb
nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və
yaradılmış infrastruktur, əlbəttə, imkan verir
ki, biz çox önəmli tranzit ölkəsinə
çevrilək. Onsuz da Azərbaycan üzərindən
tranzit yüklərin daşınması hər il
artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin
imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin
yaradılmasına daha sürətlə
çalışırıq.
Nəqliyyat sektorunda görüləcək işlərlə
bağlı hökumətə tapşırıqlar artıq
verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma
zavodumuz tam gücü ilə işləməlidir, nə qədər
imkanı varsa, o qədər də gəmi, tanker, bərə
istehsal etməlidir. Bu zavodun imkanları gərək
yenidən araşdırılsın. Mənə
verilən məlumata görə, ildə 6 tanker - bərə,
yük gəmisi istehsal oluna bilər. Baxmaq
lazımdır ehtiyac nə qədərdir, Xəzəryanı
ölkələrdə gəmilərin sayı nə qədər
artacaq. Qonşu ölkələrlə bu məsələləri
müzakirə etməliyik. Ola bilsin, biz
qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin
növləri ilə bağlı hansısa razılığa
gələk ki, eyni gəmi növlərini istehsal etməyək.
Çünki Xəzər üzərindən
yükdaşımaların həcminin artırılması
artıq reallıqdır. İndiki şəraitdə
biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz
Ticarət Limanının ikinci fazasına
başlamalıyıq, limanı genişləndirməliyik.
Mənə bu yaxınlarda verilən məlumata
görə, artıq ərazimizdən keçən yükləri
aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət
limanını o vaxt olan yüklərə görə inşa
etmişik, birinci fazasını başa
çatdırmışıq. İndi
tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə
lazımdırsa, onu edəcəyik. Dibdərinləşdirmə
işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi
düşür. Ona görə gəmilərin
daha sürətlə gedib-gəlməsi üçün yeni
kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə
işləri də, bunlar da nəzərdə tutulur. Limanın genişləndirilməsi, yeni gəmilərin
inşası, bütün bizim nəqliyyat qurumlarının
vahid mexanizm kimi işləməsi. Çünki
əvvəllər bu, yox idi, necə deyərlər, hərəsi
yorğanı öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir
mexanizm kimi işləməlidir və mən bunu hökumətə
tapşırmışam. Baş nazirin rəhbərliyi
altında indi müşavirələr keçirilib. Gələn ilin büdcəsi formalaşanda, əlbəttə
ki, biz bu sahəni xüsusilə nəzərdə
saxlamalıyıq. Çünki bu, bizim iqtisadi
imkanlarımızı artıracaq, eyni zamanda, tranzit
potensialı artacaq, iş yerləri yaradılacaq və biz -
açıq dənizlərə çıxışı
olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə
çevriləcəyik.
Əlbəttə ki, Qarabağda gedən işlərlə
bağlı bir neçə kəlmə demək istərdim. Çox
danışmaq istəmirəm, çünki hər şey
göz qabağındadır. Bütün işlər
plan üzrə gedir. İnfrastruktur işləri - artıq
yaşayış binalarının inşasına
başlanılıb, Ağalı kəndi istifadəyə
verilib, beş şəhərin Baş
planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin
yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası,
yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası.
Yəni, burada hər şey plan üzrə
gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki
Azərbaycan üçün, dünya üçün
nümunəvi bölgə olacaq. Biz hər
şeyi planlı şəkildə edirik. Əlbəttə
ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə
yol vermirik. Bütün tender prosedurları keçməlidir,
şəffaflıq tam təmin edilməlidir, orada heç bir
inhisarçılıq olmamalıdır. Açıq
tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat
verilməlidir və veriləcək.
Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla
bağlı işlər arasında ərzaq təhlükəsizliyi
məsələləri də vacib məsələlərdəndir. Bu il bu
problemlə nəinki biz, artıq bütün dünya üzləşib.
İndi informasiya kanallarında, mətbuatda
taxıl qıtlığı ilə bağlı geniş məlumat
yayılır. Əfsuslar olsun ki, biz də
taxılın idxalından böyük dərəcədə
asılı olan ölkəyik. Bu
asılılığı aradan qaldırmaq üçün
indi proqram hazırlanıb. Həm azad
edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində
biz vaxt itirmədən, tezliklə taxıl istehsalını
artırmalıyıq və artıracağıq. Mənə
verilən son məlumata görə, bu il heç vaxt istifadə
olunmayan təqribən 100 min hektarda taxıl, yəni,
buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.
Bir sözlə, yenə də deyirəm, bu gün mən
görülmüş işlərin kiçik hissəsini
işıqlandırdım. Amma bu da kifayətdir hər
kəs görsün ki, nəhəng işlər
görürük və qarşıda duran bütün vəzifələri
icra edəcəyik.
İndi isə söz verilir əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayevə.
x x x
Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, verdiyiniz yüksək qiymətə görə
təşəkkür edirəm. Həqiqətən də Sizin rəhbərliyiniz altında Azərbaycanda
həyata keçirilən dövlət siyasətinin ana xəttini
hər zaman əhalimizin sosial rifahı təşkil edib. Bu
istiqamətdə ardıcıl olaraq verdiyiniz
tapşırıqlar nəticəsində təkcə cari il ərzində üçüncü sosial
islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı
əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu
paket çərçivəsində əməkhaqqı
seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza
əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində
əməkhaqqı artımları edilib. Həm
də minimum əməkhaqqı 20 faiz artırılaraq 300
manata çatdırılıb. Eyni zamanda,
bir çox sektorda çalışanların əməkhaqları
ciddi şəkildə artırılıb. Əlavə
olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min
vətəndaşımızı əhatə edib və
minimum pensiya 20 faiz artırılaraq 240 manata
çatdırılıb. Orta pensiya 11 faiz
artaraq 364 manata, yaşa görə pensiya 395 manata
çatıb. Sosial müavinətlər
34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
isə 26 faiz artırılıb. Bu siyasət
ardıcıl həyata keçirilən proqramın tərkib
hissəsidir. Son dörd il ərzində
3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız
əhatə olunub. Onlar üçün illik 6 milyard
manatlıq əlavə dövlət vəsaiti ayrılıb və
nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4
il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata
çatıb. Əməkhaqqı fondu 2,2
dəfə, əhali arasında gəlirlərin
bölgüsünün ədalətlilik göstəricisi olan
median əməkhaqqı 86 faiz artıb.
Sosial ödənişlərdə isə artımlar daha
böyük rəqəmlərlə ifadə olunur. Minimum
pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta
pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər
isə 3,5 dəfə artıb ki, bu da
xüsusilə həssas təbəqədən olan
insanları əhatə edir. Əlavə sosial
islahatlar çərçivəsində təkcə sosial
müavinət və təqaüdlərə də illik 1
milyard manat ayrılıb.
Bu
dövrdə Sizin tapşırığınızla əsas hədəfimiz,
əlbəttə ki, Ali Baş Komandanlığınız
altında Azərbaycan Ordusunun Vətən müharibəsində
böyük Zəfər qazanmasından sonra şəhid ailələri,
müharibə əlilləri, müharibə
iştirakçılarının sosial müdafiəsinə,
sosial dəstək tədbirlərinə yönəlib. Postmüharibə dövründə 100 min unikal fərdə
193 min xidmət göstərilib. Bunun ən
böyük istiqaməti sosial ödənişlərdir.
Sosial ödənişlər çərçivəsində
94 min unikal şəxsə 105 min sosial ödəniş təyin
olunub. Bu ödənişlərin məbləğləri
- ötən il sosial müavinətlər
60 faiz, bu il isə təqaüdlər 60 faiz
artırılıb. Bu ödənişlərin
mütləq əksəriyyəti proaktiv qaydada – sənədlərin
elektron qaydada toplanması ilə əlaqədar şəffaf
şəkildə baş verib.
Siz mənzil proqramı ilə bağlı
görülmüş işləri artıq qeyd etdiniz. Bu il bu
kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və
nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti
iki ay ərzində daha 500 mənzil və fərdi evin bu
kateqoriyadan olan insanlarımıza təqdim edilməsi
planlaşdırılır. Beləliklə,
biz Bakı, Sumqayıt və Abşeron ərazisində Sizin
tapşırığınıza uyğun olaraq, əsas kontingent
olan şəhid ailələrinin və müharibə əlillərinin
mənzil təminatını yekunlaşdıracağıq.
Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə
də bu iş davam etdirilir. Əlavə olaraq
cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə
təqdim edilib.
Digər bir istiqamət məşğulluqdur. Postmüharibə
dövründə artıq 19 min şəhid ailəsi
üzvü, müharibə əlili və Vətən
müharibəsi iştirakçıları ilə
görüş keçirilib. Onların
aktiv məşğulluq proqramına cəlb olunmaları
üçün imkanları dəyərləndirilib, istəklərinə
uyğun olaraq, böyük bir qismi - 8 min nəfəri
özünüməşğulluq proqramlarına cəlb
edilib. Bu, 8 min ailədə kiçik ailə
təsərrüfatının qurulması onların daimi gəlir
mənbəyinin yaradılması imkanıdır. Burada əsas mənbə İşsizlikdən
Sığorta Fondu, yəni, dövlət vəsaitləri olub.
Paralel olaraq, Dünya Bankı ilə layihə də
icra edilir. Sizin ötən müşavirələrdə
verdiyiniz tapşırığa uyğun olaraq, Banklar
Assosiasiyası və Həmkarlar İttifaqları
Konfederasiyası da bu prosesə qoşulub.
İşədüzəldilmə proqramı üzrə
5400 müharibə əlili və veteranı münasib işlə
təmin olunub.
Burada da Sizin qeyd etdiyiniz Məşğulluq
Marafonu çox böyük rol oynadı, özəl sektordan
600-dən çox şirkət 2500-dən çox müharibə
əlilini işlə təmin etdi. Bu proses davam edir.
On bir min müharibə əlili və müharibə
veteranı sosial-psixoloji dəstək və reabilitasiya
proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya
vasitəsi təqdim edilib. Qeyd etdiyiniz kimi,
artıq 200 nəfər Vətən müharibəsi əlili ən
yüksək texnologiyalı dördüncü nəsil
müasir protezlərlə təchiz olunub. Daha
öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən
130 nəfər də bu protezlərlə təmin edilib.
Yəni, son bir il yarımda bu protezlərlə
təchiz edilən hərbçilərimizin sayı 330-a
çatıb. Vətən müharibəsi əlillərindən
protezləşməyən cəmi iki nəfər qalıb.
Onların müalicə prosesi davam etdiyinə
görə hələlik texniki olaraq bu, mümkün deyil.
Amma tam hazırlıq var və həmin iki nəfərin
müalicəsi bitdikdən sonra protezləşmə Vətən
müharibəsinin bütün qazilərini əhatə
etmiş olacaq. Bu işlərin əlaqələndirilməsi
üçün ötən ilin avqustunda Sizin
müvafiq Fərmanınızla Vahid Əlaqələndirmə
Mərkəzi yaradılıb. Artıq 48 rayon üzrə 11
regional mərkəzdə yerli icra hakimiyyəti
orqanlarının və 5 mərkəzi icra hakimiyyəti
orqanının 26 növ xidməti bu mərkəzdə
toplanıb. Bu günədək Vahid Əlaqələndirmə
mərkəzlərində 41 min şəhid ailəsinin
üzvü, Vətən müharibəsi veteranı və əlilinə
xidmətlər göstərilib.
Cənab
Prezident, Sizin tapşırığınıza uyğun olaraq,
inzibati icraatın inkişaf etdirilməsi və elektronlaşma
tədbirləri çərçivəsində də iki əsas
istiqamətdə islahatlarımız davam etdi. Birinci istiqamət
hörmətli Birinci vitse-prezidentimizin təşəbbüsü
olan DOST konsepsiyası idi. DOST konsepsiyası
çərçivəsində artıq 1 milyona yaxın vətəndaşımıza
xidmət göstərilib. Beş mərkəzimiz
bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul
edib, onlara xidmət göstərib. Qəbul
edilən hər bir vətəndaşın
qarşılarındakı elektron monitorda verdiyi qiymətə
əsasən vətəndaşlarımızın məmnunluq
səviyyəsi 98 faiz olub. Şəbəkənin
genişləndirilməsi istiqamətində işlər
görülüb. Artıq Zəngilanın Ağalı
kəndində ilk “smart DOST” məntəqəsi Sizin
iştirakınızla istifadəyə verilib. Düşünürük
ki, bu “smart” məntəqələr növbəti mərhələlərdə
digər ərazilərimizdə də bizə dəstək
olacaq. Paralel olaraq, Bakı şəhərində sonuncu
DOST mərkəzinin, həmçinin Şuşa,
Sumqayıt, Gəncə, Bərdə, Quba və digər
regionlarımızda mərkəzlərin yekun layihələndirmə-tikinti
işləri aparılır. Onlar da istifadəyə
verildikdən sonra şəbəkə bütün ölkəni
əhatə edəcək.
Elektronlaşma tədbirlərimiz isə genişlənərək
davam edir. Bu ilin ilk 6 ayında 125 milyon elektron xidmət göstərilib.
Nazirliyin əhaliyə göstərdiyi xidmətlərin
110-u artıq tam elektron platformadan icra olunur. Cari ilin sonunadək elektron xidmətlərin növlərinin
sayı 150-yə çatdırılacaq. Beləliklə,
əhaliyə göstərilən xidmətlərin 90 faizi tam
elektronlaşmış olacaq. Görülən
bu işlər beynəlxalq qurumlar tərəfindən də
yüksək dəyərləndirilib. Bu ilin ilk 6
ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq
mükafat və sertifikatla təltif olunub.
Dövlət Sosial Müdafiə Fondu və
elektronlaşma işləri Böyük Britaniyada keçirilən
nüfuzlu müsabiqədə “İlin dövlət qurumu”
mükafatına layiq görülüb. DOST Agentliyi “Avropa sosial xidmət
mükafatı”nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının
üzvü olmayan ölkənin qurumu belə yüksək
mükafata layiq görülüb.
Sosial xidmət
sahəsində dünyada ən böyük beynəlxalq təşkilat
olan Beynəlxalq Sosial Təyinat Assosiasiya tərəfindən
həm DOST Agentliyinə, həm də Dövlət Sosial
Müdafiə Fonduna cari il ərzində 4 ən
yaxşı təcrübə mükafatı təqdim edilib. Eyni zamanda, keyfiyyətli idarəetmə, korrupsiyaya
qarşı idarəetmə və müştəri məmnunluğu
sahələrində nazirliyin qurumları tərəfindən
12 beynəlxalq ISO sertifikatı əldə olunub. Bu islahatlar Sizin tapşırıqlarınıza və
tövsiyələrinizə uyğun olaraq, növbəti
dövrdə də icra olunacaq.
Təşəkkür edirəm.
x x x
Prezident
İlham Əliyev: Sağ olun. İndi isə
söz verilir iqtisadiyyat nazirinə.
x x x
İqtisadiyyat
naziri Mikayıl Cabbarov çıxış edərək dedi:
- Təşəkkür
edirəm, möhtərəm cənab Prezident. Dünya
iqtisadiyyatında və bölgədə baş verən
proseslər qlobal iqtisadi aktivliyə mənfi təsir etməkdə
davam edir, dünya bazarlarında başlıca əmtəələr
üzrə yüksək qiymət təzyiqinə səbəb
olaraq qalır. Belə ki, cari ilin iyun ayında ötən
ilin iyun ayı ilə müqayisədə dünya bazarında
buğda 30 faiz, xam palma yağı 50 faiz, kərə
yağı 29 faiz, günəbaxan yağı 45 faiz,
qarabaşaq 43 faiz bahalaşıb. Bununla yanaşı, cari il iyun ayının sonuna dünya bazarlarında
təbii qazın qiyməti ilin əvvəlindən 42 faiz,
“Brent” markalı neftin bir barel spot qiyməti isə 53 faiz
artmışdır.
Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə
baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə
iqtisadiyyatında yüksək iqtisadi artım templəri
müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri
arasında əlavə dəyər qeyri-neft qaz sənayesində
11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində
15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə
86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Kənd
təsərrüfatında ola bilsin ki,
iqlimlə bağlı ilk altı ayda artım hələ ki,
müsbət zonadadır, lakin minimal müsbət zonadadır.
Sənaye zonalarının ölkədə sənayeləşmə
proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni
dövrü ilə müqayisədə sənaye zonalarında
istehsal 53 faiz, ixrac isə 2 dəfə artmışdır.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə
hazırda ölkəmizin sənaye potensialının maksimum
reallaşdırılmasına xüsusi diqqət yetiririk. Belə ki, zəruri
xammalın və enerji resurslarının fasiləsiz təmin
olunması nəticəsində bir sıra dövlət və
özəl müəssisələr - “SOCAR Karbamid”, “SOCAR
Metanol”, “Azerfloat” artıq tam istehsal gücləri ilə fəaliyyət
göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini
gerçəkləşdirmək üçün qazdan xammal
kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin
də işə salınması üzərində fəal
iş aparılır. Bu qəbildən olan və Sizin tapşırığınıza uyğun
olaraq yaradılmış iki yeni müəssisəni uğurlu
nümunə kimi qeyd edə bilərəm. Sumqayıt
Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin
inşasını artıq başa
çatdırmışıq və onlar
açılışa tam hazırdır. Daha bir
neçə xarici investorla iş aparılır. Eyni ərazidə
yerləşən, Çin investoruna məxsus “Azərbaycan
Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə
tutulur. İldə 18,5 milyon kvadratmetr
keramik plitə istehsal edəcək müəssisə təməlqoyma
üçün tam hazır vəziyyətdədir.
Daşkəsən dağ-filiz mədən klasterinin
yaradılması üzrə işlər
tapşırığınıza əsasən, uğurla və
qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan
Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach
Buschhütten” şirkəti arasında alüminium məhsullarının
istehsalı üzrə birgə müəssisənin təsis
və dəyərləndirilməsinə dair müqavilə
imzalanıb. Layihə çərçivəsində Gəncədə
illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının
istehsalı və layihənin birinci mərhələsində
132 milyon ABŞ dolları həcmində sərmayənin
qoyulması nəzərdə tutulur. Siz Bakı
Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi
mövzusuna toxundunuz və tranzit yükdaşımaları ilə
bağlı bu fəaliyyəti həmkar qurum, struktur və
nazirliklər ilə çalışaraq sıx əlaqələndiririk.
Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi
bir tərəfdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının modernləşməsinə
və nəticədə həm Azərbaycan vasitəsilə
tranzit yükdaşımaların buraxılış qabiliyyətinin
artırılmasına imkan yaradır, digər tərəfdən
isə sənayeləşmə və məşğulluq
proseslərinə mühüm töhfə verir.
İnvestisiyalara gəldikdə, ölkə
iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə
dövlət büdcəsinin investisiya xərclərinin
icrasının sürətlənməsi, o cümlədən
işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı tikinti-bərpa işlərinin həyata
keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki
aylarla müqayisədə əsas kapitala investisiyaların real
artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri
ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların
real artımı 18,5 faiz təşkil edib.
Bu amillərin təsiri ilə cari ilin 6 ayında
ötən ilin eyni dövrü ilə müqayisədə
tikinti sektorunda əlavə dəyər 8 faizədək
artıb.
Azad olunmuş ərazilərdə irimiqyaslı tikinti-bərpa
işləri bölgədə iqtisadi fəallığa
müsbət təsir göstərməklə yanaşı,
bu ərazilər ətrafındakı bölgələrdən
böyük işçi qüvvəsinin cəlb edilməsinə
də şərait yaradır. Azad olunmuş ərazilər
üçün Sizin
tapşırığınızla tərəfimizdən
hazırlanan və geniş iqtisadi stimulları əhatə edən
xüsusi proqramın tətbiqi yaxın gələcəkdə
regionda iqtisadi fəallığı əhəmiyyətli dərəcədə
artıracaq.
Möhtərəm cənab Prezident, Siz xarici ticarətlə
bağlı dinamikaya da toxundunuz. Onu vurğulamaq istərdim
ki, qeyri-neft-qaz məhsullarının ixracının 60 faizini
sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının
ixracı 42 faizədək artıb. Bu da sənaye
potensialının artırılması ilə birbaşa
bağlıdır.
Bu ürəkaçan
nailiyyətlərin əldə olunmasında əsas amillər
kimi, Sizin rəhbərliyinizlə dərinləşən
iqtisadi islahatların real effektlərini qeyd etmək
mümkündür. Uzaqgörən siyasətiniz nəticəsində
ölkəmizin enerji istehsalçısı olması və
enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli
haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit
infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin
idarə edilməsində effektivliyin
artırılmasının təsiri, - burada Azərbaycan
İnvestisiya Holdinqi də tapşırığınızla
fəaliyyətini davam etdirir, - və kölgə
iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin
nəticələrini qeyd edə bilərik.
Sizin tapşırıqlarınızdan biri antiinflyasiya tədbirləri
ilə bağlı idi. Cari ilin yanvar-iyun aylarında inflyasiya 12,9
faiz təşkil edib, o cümlədən qida məhsulları
üzrə qiymət indeksi 19 faiz artıb. Bununla
əlaqədar ölkədə antiinflyasiya siyasəti üzrə
xüsusi tədbirlər planı təsdiqlənib və
icrası həyata keçirilir. Həmin tədbirlər
planı çərçivəsində ərzaq bazarlarında
sağlam rəqabətin təmin edilməsi və qiymət
manipulyasiyasının qarşısının alınması,
minimum istehlak səbətinə daxil olan ərzaq malları
üzrə daxili bazarda özünütəminat səviyyəsinin
qorunması, bu məhsullar üzrə idxalın
dayanıqlılığının və ixraca effektiv nəzarətin
təmin edilməsi, onların daxili istehsalının
genişləndirilməsi istiqamətində kompleks tədbirlər
həyata keçirilir.
Möhtərəm cənab Prezident, Siz vergi
daxilolmalarını qeyd etdiniz, müqayisə
üçün bir-iki rəqəmi əlavə etmək istərdim. Cari ildə
ötən ilin eyni dövrü ilə müqayisədə
vergi mədaxili 49 faizdən çox artıb. Qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin
eyni dövrü ilə müqayisədə 38 faizdən
çox artıb. Onlayn kassa aparatları
quraşdırılmış vergiödəyicilərinin
dövriyyələrinin 55 faiz artması ticarət sektorunun
daxilolmalarının artım tempini sürətləndirən
mühüm amillərdən biridir. İqtisadiyyatda
“ağarma” proseslərinin miqyasını biz, həmçinin
bank sektorunun bəzi göstəriciləri ilə
müşahidə edə bilərik. Belə ki, nağd
pul kütləsinin cəmi pul kütləsində manatla
xüsusi çəkisi ötən ilin müvafiq
dövründəki 49 faizdən cari il
iyunun 1-nə 44 faizə enib. Plastik kartlar və ölkədaxili
əməliyyatlarda isə nağd pulun
çıxarılmasının xüsusi çəkisi
ötən ilin müvafiq dövründəki 73 faizdən cari
il iyunun 1-nə 60 faizə enib. Digər bir
misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə
cari il iyun ayının 1-də
sahibkarlıqla məşğul olan fiziki şəxslərin
bank hesablarının sayı 47 faiz artıb.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artmasını da xüsusilə qeyd etmək lazımdır. Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir. Paralel olaraq, digər yığımlarda həyata keçirdiyimiz fəaliyyət barədə məruzə edirəm ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112 faiz, işsizlikdən sığorta haqları üzrə 118 faiz və icbari tibbi sığorta haqları üzrə 107 faiz icra edilib. Dövlət əmlakının idarə edilməsi sahəsində cari ilin ilk altı ayında özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, şəffaflığın daha da artırılmasını rəhbər tutmaqla, 500-ə yaxın müəssisə və obyekt, dövlət mülkiyyətində olan 150-yə yaxın torpaq sahəsi özəlləşdirilib. Sizin 2021-ci ildə imzaladığınız sərəncamlarla özəlləşdirməyə açılmış “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bir sıra müəssisələrinin investisiyalara cəlb edilməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, investisiya müsabiqələri nəticəsində özəlləşdirilmiş “Azərtütün” və “Şəki Şərab” MMC üzrə investorlar tərəfindən dövlət büdcəsinə 8,3 milyon manat məbləğində vəsait artıq köçürülüb. Bağlanmış müqavilələrə əsasən, 12,7 milyon manatdan artıq sərmayə qoyuluşunu nəzərdə tutan investisiya proqramlarının icrası çərçivəsində artıq 7,5 milyon manata yaxın məbləğdə investisiya qoyulub, 350 iş yeri yaradılıb, müəssisələrin fəaliyyəti tam bərpa olunub. “Gəncə xalça kombinatı”nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir.
Möhtərəm cənab Prezident, son olaraq mən dövlət şirkətləri sahəsində islahatların nəticəsinə toxunaraq qeyd etmək istərdim ki, İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə ediblər. Belə ki, SOCAR, “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurublar. Bu şirkətlərin əksəriyyəti tərəfindən dividend ödənilməsi imkanını müsbət qiymətləndiririk. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda, 2022-ci ilin birinci rübünün nəticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur.
Möhtərəm cənab Prezident, ölkə iqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə yanaşı, sosial-iqtisadi inkişafın sürətləndirilməsi maliyyə ehtiyaclarını da artırır. Dayanıqlı iqtisadi artımın təmin olunması ölkəyə sərmayələrin cəlb edilməsi imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu müstəvidə Sizə müraciət edərək, müvafiq tapşırığınıza uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssisləri ilə birlikdə hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış dövlət-özəl sektor tərəfdaşlığına dair Prezident Administrasiyasına təqdim etdiyimiz qanun layihəsinin baxılmasına dəstək verməyinizi xahiş edirəm. Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Digər sahələrə də analoji dünya miqyaslı sərmayələrin cəlb edilməsi üçün zəruri normativ hüquqi çərçivənin yaradılması olduqca vacibdir. Bu baxımdan dövlət-özəl sektor tərəfdaşlığı timsalında effektiv bir mexanizmin uğurlu tətbiqi məhdud dövlət resurslarının ölkənin digər strateji inkişaf istiqamətlərinə yönəldilməsinə də imkan verəcək. Eyni zamanda, Rəqabət Məcəlləsinin layihəsi hökumətə təqdim olunub.
İqtisadiyyatın şəffaflığının təmin olunmasında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır. Verdiyiniz göstərişlərə uyğun olaraq, məruzə edirəm ki, cari ilin altı ayında müsabiqə əsaslı satınalmaların həcmi 94 faizdən çox artıb. Ümumi satınalmalarda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi hazırda 60 faizə çatır.
Çıxışımın sonunda sahibkarlığa verdiyiniz dəstəyi xüsusi qeyd etmək istəyirəm. Təşəkkürümü bildirmək istəyirəm ki, büdcə dürüstləşməsi prosesində xüsusilə kiçik və orta biznesə yönəldilməsi nəzərdə tutulan kreditlərə əhəmiyyətli əlavə vəsait ayrılıb. Onu da məruzə edirəm ki, verilən kreditlərin 94 faizi regionlarda fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bütün kreditlərin 76 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalının payına düşür.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Dövlətimizin başçısı
müşavirəyə yekun vurdu.
Azərbaycan.-2022.- 16 iyul.- S.1-4.