Hər
kəs görsün və bilsin
Prezident
İlham Əliyevin sədrliyi ilə bu ilin altı
ayının yekunlarına həsr olunan müşavirə
keçirilib
Prezident İlham
Əliyevin yekun nitqi
- Sağ
olun. İndi bu ilin iqtisadi göstəriciləri
ilə bağlı və ümumiyyətlə,
planlarımızın reallaşması ilə bağlı əminəm
ki, heç kimdə şübhə yoxdur. Çünki altı ayın yekunları onu göstərir
ki, biz istədiyimizə nail olacağıq.
İndi
artıq gələn ilin büdcəsi ilə bağlı
iş başlamalıdır və hökumət bütün
işlərə rəhbərlik etməlidir, bütün
qurumlar arasında koordinasiya aparılmalıdır və gələn
ilin büdcəsi qarşıda duran vəzifələri icra
etmək üçün bizə imkan yaratmalıdır. Dürüstləşmədən sonra builki dövlət
büdcəmiz məncə, Azərbaycan tarixində ən
böyük büdcədir və biz istəyirik ki, artan
imkanları maksimum səmərə ilə ölkəmizin
inkişafına və insanların sosial rifahına yönəldək.
Gələn ilin büdcəsində - əlbəttə
ki, büdcənin parametrləri hələ müzakirə
olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət
olaraq yenə də sosial siyasəti görürəm. Bu istiqamətdə, bu sahədə son illər ərzində
çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi
baxmalıyıq. Ona görə baxın, təkliflər
verin, hansı əlavə addımlar atıla bilər ki,
insanların sosial müdafiəsi lazımi səviyyədə
təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan
insanların sosial məsələləri həll olunsun.
Təbii ki, gələn ilin büdcəsində
infrastruktur layihələrinin icrası nəzərdə
tutulacaq və hesab edirəm ki, burada əsas məqsəd bu
infrastruktur layihələrinin real iqtisadiyyatın
artımına nə dərəcədə təsir etməsi
məsələsidir. Çünki bütövlükdə son
illər ərzində aparılmış işlərlə Azərbaycan
infrastruktur layihələrinin icrası ilə bağlı əsas
məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm
də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında
da görürük. Çünki biz indi
təbii qazın ixracatçısı olaraq ölkə
daxilində qazlaşmanı 96 faizə
çatdırmışıq - əlbəttə ki,
Qarabağsız, mən o bölgəni nəzərdə
tutmuram. Elektrik enerjisinin
idxalçısı idik, indi ixrac edirik və ixrac
yollarını genişləndiririk. Avtomobil
yolları, dəmir yolları, hava limanları, içməli
su layihələri, yəni böyük layihələr icra
edildi. Əlbəttə ki, növbəti mərhələdə
sosialyönümlü infrastruktur layihələri mütləq
icra edilməlidir. Biz bu dəfə də
xüsusilə məktəb tikintisinə əlavə vəsait
nəzərdə tutduq. Hələ ki, əfsuslar
olsun, yararsız vəziyyətdə olan məktəblər
var. Biz onları təsbit eləmişik və sosial
infrastrukturla yanaşı, yenə də deyirəm, real sektora
xidmət göstərən infrastruktur layihələrinə
xüsusilə baxmaq lazımdır.
Burada mən suvarma ilə bağlı layihələri
xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş
ərazilərdə həm böyük su anbarları və su
kanallarının tikintisi, həm içməli su təchizatı
nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad
etməklə böyük su mənbələrinə yenə
də qayıtmışıq, onlar da işğal altında
idi. Eyni zamanda, suvarma məsələləri
böyük dərəcədə Kəlbəcər və
Laçın su mənbələri hesabına təmin ediləcək.
Bu yaxınlarda Kəlbəcər, Laçın
rayonlarında olarkən mənə layihə təqdim edildi.
Meliorasiya və Su Təsərrüfatı Səhmdar
Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın
Aran bölgəsinə qədər gətirib
çatdırması layihəsi də var. Yəni, bu,
içməli su ilə bağlı olan problemləri
böyük dərəcədə həll edəcək.
Ona görə bu layihələrə xüsusilə
baxmaq lazımdır.
İçməli suya və suvarmaya gəldikdə, biz,
eyni zamanda, xarici investisiyalardan da istifadə etməliyik. Mənə bu
yaxınlarda məruzə edildi ki, bəzi şirkətlər
Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək
üçün, o cümlədən Xəzər suyunun
duzsuzlaşdırılması layihəsi ilə bağlı
müraciət etmişlər. Bunun da
çox böyük əhəmiyyəti var. Bu,
dünyanın bir çox ölkələrində artıq
sınaqdan çıxmış layihələrdir və
burada dövlət-özəl sektor tərəfdaşlığı
da mümkündür. Əlbəttə,
eyni zamanda, dövlət xətti ilə, özəl investisiya
xətti ilə ayrı-ayrılıqda layihələrin
icrası nəzərdə tutulmalıdır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası
ilə bağlı gələn ilin təklifləri yəqin
ki, yaxın aylarda mənə təqdim ediləcək. İnfrastruktur,
yaşayış binaları, kəndlərin qurulması -
bütün bu layihələr gələn ilin büdcəsində
olmalıdır. Çünki biz bu il
infrastruktur layihələri ilə daha çox məşğul
idik. Buna baxmayaraq, biz Şuşa şəhərində
dövlət vəsaiti xətti ilə yaşayış
kompleksinin tikintisinə də artıq
başlamışıq. Ağdam şəhərində
isə özəl sektor xətti ilə yaşayış
binalarının tikintisinə başlamışıq. Ona görə dövlət büdcəsində bu məsələlər
nəzərə alınmalıdır. Burada da azad
edilmiş torpaqlarda binaların inşasında, o cümlədən
digər layihələrin icraatında özəl sektor və
dövlət tərəfdaşlığı çox vacib ola bilər. Burada qeyd olunan məsələ
də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı
üçün əgər qanunvericilikdə əlavələr
edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya
iqlimini daha da yaxşılaşdırmaq üçün nə
lazımdırsa, onu da etməliyik. Çünki
xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı
inkişaf edə bilməz.
Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da
inkişafı ilə bağlıdır. Bütün
ilkin şərtlər var. Azərbaycan dünyada
özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
Nəhəng neft-qaz layihələri göstərib
ki, biz bütün öhdəlikləri yerinə yetiririk.
İmzalanmış kontraktlarda bir vergül belə
dəyişdirilməyib. Bu da bizim bölgəmizdə
müşahidə olunan mənzərə ilə müqayisədə
bir qədər fərqlidir. Ona görə
bu, investor üçün əsas şərtlərdən
biridir ki, onun investisiyaları nə dərəcədə
qorunur və çalışdığı dövlət
öz öhdəliklərinə nə dərəcədə
sadiqdir. Bu, bizdə var, gözəl
investisiya iqlimi var, hazırlıqlı kadr potensialı var. Bu
gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə
addımlar atılacaq.
Bildiyiniz
kimi, biz xarici aparıcı ali məktəblərdə
Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil
alması proqramını da yenidən işə saldıq. Kadr hazırlığı, əlbəttə ki,
çox vacib olan məsələdir, bu da var.
Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar
birliyi, milli həmrəylik - bütün bunlar çox önəmli
amillərdir.
Bu gün dünyada gedən proseslərə nəzər
saldıqda görürük ki, bəzi yerlərdə
investisiyalar üçün ümumiyyətlə şərait
yoxdur. Çünki investor riskli ölkəyə
getməz. Biz o vaxt - 1990-cı illərin əvvəllərində
ən riskli sayılan ölkəyə Ulu Öndərin
yorulmaz səyləri nəticəsində milyardlarla dollar
investisiya gətirə bilmişik. Haraya?
Neft sektoruna. Heç qaz layihələrinə
o qədər də maraq yox idi. Çünki
bizim üçün ən cəlbedici sektor bu idi. Amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq
üçün böyük şirkətlər müraciət
edir və müraciətlərin sayı artır. Çünki bütün bu amillərin vəhdəti
bunu təmin edir. İnvestisiya iqlimi,
böyük şirkətlərlə bizim əməkdaşlığımız,
siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki
Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri
yoxdur. Eyni zamanda, Azərbaycana olan
münasibət, onsuz da müsbət münasibət daha da
müsbətə doğru dəyişdi. Çünki
bizim kimi 44 gün ərzində o çətin relyefi nəzərə
almaqla müharibə aparmaq və qalib gəlmək, əlbəttə,
hesab edirəm ki, dünyada hər kəs tərəfindən
qiymətləndirilir. Ona görə biz
özəl sektoru və xarici investorları ölkəmizə
daha böyük sayda cəlb etməliyik. Bunun
üçün, əlbəttə, əsas investisiya gətirə
biləcək ölkələrdə biz daha da fəal işləməliyik.
İqtisadiyyat Nazirliyi və bizim digər
qurumlarımız, o cümlədən Turizm Agentliyi bu sahəni
də təbliğ etməlidir, təkcə bizim təbii
gözəlliklərimizi yox. Azərbaycanda
müntəzəm olaraq biznes forumlar, investisiya konfransları
keçirilməlidir ki, biz öz imkanlarımızı təqdim
edək.
Sumqayıt Kimya Sənaye Parkında gedən işlərlə
bağlı mənə məlumat verildi. Orada
doğrudan da çox böyük investisiya layihələri
icra edilir. Əlbəttə, biz istərdik ki, bizim digər
sənaye zonalarımız da o zonaların xüsusiyyətini nəzərə
alaraq investisiya layihələri icra etsin, bəlkə də o həcmdə
yox, amma orada da bu proses dayanmasın. Çünki
bir neçə zonamız var, orada ilkin layihələr icra
edildi və biz, o cümlədən xarici investorları
bölgələrə cəlb etməliyik - əlbəttə,
Cəbrayıl və Ağdam rayonlarına, artıq orada da
işlər gedir. Əminəm ki, o
zonanın çox böyük perspektivləri olacaqdır.
Qarabağ
və Şərqi Zəngəzurda gedən işlərlə
bağlı, artıq orada daimi iş yerləri
yaradılır. Əlbəttə, orada müvəqqəti
iş yerləri, inşaatda işləyənlər
üçün, eyni zamanda, daimi iş yerləri
yaradılır. Məsələn, 9 yarımstansiya
yaradılıb, orada daimi iş yerləri var. Şuşa
şəhərində indi otellər fəaliyyət göstərir.
Beşulduzlu otel inşa edilir və gələn il o otel hazır olacaq - ondan sonra, tarixi obyektlərin
təmir edilməsi. Yəni, bir sözlə, hər bir sahə
üzrə daimi iş yerləri yaradılır və
bütün cavabdeh qurumlar çalışmalıdırlar ki, o iş yerlərində o rayonlardan olan
insanlar çalışsın - gənc nəsil, o
rayonların nümayəndələri, onların
uşaqları, onların nəvələri. Buna
xüsusilə diqqət yetirmək lazımdır.
Keçmiş məcburi köçkünlər
arasında da ixtisaslar üzrə seçim
aparılmalıdır. Məsələn, energetika, xidmət
sektoru, sosial sahə, həkimlər, müəllimlər.
İndi Ağdam şəhərində sürətlə
məktəb tikilir. Orada kim dərs
deyəcək? Ağdamdan olan, orada
yaşamış müəllimlər və yaxud onların
uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır.
Biz bu yolla keçmiş məcburi köçkünləri
öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni
zamanda, onları iş yerləri ilə təmin edəcəyik.
İndi Şuşa şəhərində
xəstəxana, məktəb, bir neçə mədəniyyət
obyekti tikilir. Orada çalışacaq
insanların, əlbəttə ki, əksəriyyəti
şuşalılar olmalıdır. Buna
fikir verin. Çünki bu, çox vacib
olan məsələdir.
Bərpaolunan enerji növləri ilə bağlı mən
giriş sözümdə qeyd etdim ki, bizim doğrudan da
çox böyük potensialımız var. Artıq kontraktlar
imzalandı, icra edilir və yeni kontraktların imzalanması
gözlənilir, memorandumlar imzalanıb. Bizim Xəzər
dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz
var. Bunu artıq beynəlxalq mütəxəssislər də
qeyd edirlər. Xəzər dənizinin
küləyi bəzi hallarda bizim üçün bəlkə
də problem yaradır. Amma, əksinə,
bu, Bakının havasını təmizləyir. Xəzri əsəndə biz hamımız sevinməliyik
ki, şəhərə təmiz hava gəlir. Amma bu
küləyin də çox böyük faydası ola bilər. Bir neçə
böyük şirkətdən Xəzər dənizində
külək elektrik stansiyalarının tikintisi ilə
bağlı ilkin təkliflər gəlib. Onlar
indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən
öyrənilir, təhlil aparılır. Əlbəttə,
biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar
üçün cəlbedicidir. Onu da deməliyəm
ki, artıq bu sahədə böyük şirkətlər
arasında rəqabət var və çox ciddi rəqabət
var. Mən indi o şirkətlərin adlarını çəkmək
istəmirəm. Amma bu sahəyə
investisiya qoymaq istəyənlərin sayı kifayət qədər
çoxdur. Ona görə biz düzgün
seçim edəcəyik. Yəni, demək
istəyirəm ki, mən burada investisiyalarla bağlı
qıtlıq görmürəm.
Əsas ixrac yolları. Ona görə mən
qeyd etdim - Zəngəzur dəhlizi, Qara dənizin altından
çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə
yolu, İran-Azərbaycan elektrik bağlantısı -
bütün bu infrastruktura yenidən baxmaq lazımdır.
Əgər biz orta hesabla, belə demək mümkünsə,
ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə
biliriksə, bizdə elə potensial olmalıdır ki, 5000
meqavat gücündə elektrik enerjisini ixrac edə bilək. Ona görə mən “Azərenerji”yə
tapşırıq verdim, indi hökumətə də, aidiyyəti
qurumlara da tapşırıq verirəm, biz bu işi əsaslı
etməliyik. Yəni, əlavə 1000
meqavat, yaxud da 1500 meqavatla kifayətlənmək lazım deyil.
Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə
edək ki, sabah bizdə artıq enerji hasil
ediləndə ixracla problem olmasın. Potensial
alıcılarla da danışıqlar başlanmalıdır.
Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin
qapımızı döysün, bu il
özümüz bazarları, mümkün olan bazarları təsbit
etməliyik. Oraya heyətlər göndərilməlidir,
danışıqlar aparılmalıdır, şərtlər
razılaşdırılmalıdır. Çünki
gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi
enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi -
bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə,
qabağa getməliyik və bütün imkanlar var.
Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik.
İxrac coğrafiyasının genişləndirilməsi ilə bağlı son vaxtlar müəyyən addımlar atılmışdır. Biz bunu statistikada da görürük. Amma buna daha da ciddi fikir vermək lazımdır. Çünki biz ixracyönümlü iqtisadi model üzərində işləyirik və qeyri-neft ixracını artırırıq. Mənim dediyim rəqəmlər də bunu göstərir. Amma bu rəqabətqabiliyyətli məhsulu istehsal etmək hələ məsələnin həlli deyil, gərək bazara girəsən. Bazar uğrunda da mübarizə gedir, özü də nəhəng şirkətlər tərəfindən. Dünyanın əsas bazarları çoxdan təmin edilib, bölünüb və o bazara girmək üçün gərək hansısa əlavə bir dəyər verəsən. Ona görə bunlara mütləq ciddi baxmaq lazımdır. Sertifikatlaşma getməlidir, emal sənayesi, yüngül sənaye də sürətlə inkişaf etməlidir. Əfsuslar olsun, baxmayaraq ki, müəyyən addımlar atılıb, amma pambıqçılıqda hələ də yığılan 50 faiz məhsul mahlıc kimi ixrac olunur. Özəl sektor Mingəçevir şəhərində iki, ya üç fabrik qurmuşdu, sonra bu iş dayandı. Ona görə baxmaq lazımdır. Təqdimatlar etmək lazımdır, bəlkə hansısa imtiyazlar vermək lazımdır.
İndi burada qeyd olundu ki, biz dürüstləşmə zamanı əlavə vəsaitin bir hissəsini kreditlərə istiqamətləndirdik. Baxmaq lazımdır, bu sahə perspektivlidir, çünki bu sərvət bizim əlimizdədir. Bəs nə üçün biz burada itirməliyik? Biz dəyər zəncirini niyə tam işə sala bilmirik? Belə istiqamətlər çoxdur.
Kənd təsərrüfatı emalı ilə bağlı. Elə məhsul buraxmalıyıq ki, istənilən bazara ixrac edilə bilsin. Ona görə sertifikatlaşma, ixrac bazarlarının genişləndirilməsi istənilən halda lazım idi, indiki şəraitdə bəlkə daha çox lazımdır. Çünki ixracın şaxələndirilməsi bizə imkan verəcək ki, gələcəkdə qeyri-neft sektoru hesabına ölkəmizi gücləndirə bilək.
Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir. Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.
Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın.
Sağ
olun.
Azərbaycan.-2022.- 16 iyul.- S.5.