Azərbaycanla
Türkmənistan arasında bir sıra istiqamətlərdə
əməkdaşlıq genişlənir
Xarici
işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Mekan
İşanquliyevlə ölkəmizdəki diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar
görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Türkmənistan səfirinə ölkələrimiz arasında dost və qardaşlıq münasibətlərinin inkişafı naminə uğurlu fəaliyyətinə görə təşəkkür edib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Türkmənistan arasında müxtəlif formatlarda artan tərəfdaşlığın və dialoqun, yüksək səviyyəli mütəmadi səfərlərin və görüşlərin, dostluq dənizi olan Xəzərdə əldə edilmiş razılaşmaların və genişlənən əməkdaşlığın tarixi əhəmiyyəti vurğulanıb.
Səfir Mekan İşanquliyev Azərbaycanda doğma vətənindəki kimi fəaliyyət göstərdiyini qeyd edərək, xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu bildirib. Siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Ceyhun
Bayramov səfir Mekan
İşanquliyevə ən xoş
arzularını çatdırıb.
Azərbaycan.-2022.- 16 iyul.- S.7.