Azərbaycanla
İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin
əhəmiyyəti var
Xarici
işlər naziri Ceyhun Bayramov İsveç
Krallığının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Kristian Kamillə ölkəmizdəki
diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar
görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov İsveç səfirinə
Azərbaycanda fəaliyyəti müddətində iki ölkə
arasında əlaqələrin inkişafı istiqamətində
səylərinə görə təşəkkür edib və
ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Səfirin Azərbaycandakı diplomatik fəaliyyətinin önəmli tarixi hadisə olan 44 günlük Vətən müharibəsində Qələbəyə təsadüf etdiyi, bu xüsusda İsveçin həm ikitərəfli, həm də regional formatlarda dialoq üzrə səyləri nazir tərəfindən qeyd olunub. Azərbaycanla İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb.
Nazir iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Səfir Kamill Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə həm İsveçdə, həm də Azərbaycanda keçirilmiş tədbirlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Nazir Ceyhun
Bayramov səfir Kristian
Kammillə xoş arzularını
çatdırıb.
Azərbaycan.-2022.- 16 iyul.- S.7.