Şuşalı şair: Doğma Şuşama qovuşduğum
üçün həyatımın ən
xoşbəxt anlarını yaşayıram
1992-ci il mayın 10-da Şuşanı tərk etmişəm. Uzun illər Şuşanın həsrəti ilə yaşadım. Allaha dua edirdim ki, doğma torpağıma qovuşmadan dünyadan köçməyim. 2020-ci ilin noyabrın 8-də Ali Baş Komandanın verdiyi şad xəbər Şuşa nisgilimə son qoydu. Əhd eləmişdim ki, Şuşa alınandan sonra oraya ilk köçənlərdən olacağam. Əhdimə sadiq qaldım. Hazırda ailəmlə, nəvələrimlə Şuşada yaşayıram və buraya ən tez qayıdanlardan biriyəm. Doğma Şuşama qovuşduğum üçün həyatımın ən xoşbəxt anlarını yaşayıram.
Bu
fikirləri AZƏRTAC-a müsahibəsində şair, yazar
Şükür Həsənov deyib.
Şair
bildirib ki, Şuşanın əvvəlki cah-cəlallı,
çal-çağırlı vaxtlarını görmək
onu ikiqat xoşbəxt edir: "Bir qələm əhli kimi
Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi məni
sevindirir. Uzun illər məlum səbəblərdən dolayı Şuşa şeirə, sənətə həsrət
qaldı. Bir mədəniyyət beşiyi olan şəhər
üçün bu, çox ağır mənzərədir. Şükür Allaha ki, azad Şuşamız ikinci dəfədir bu
möhtəşəm tədbirə ev sahibliyi etdi. Qələm
dostlarımı Şuşada
qarşılamaq mənim üçün
ifadə edilə bilməyəcək hisslərdir. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə
cansağlığı arzu edirəm. Uca Yaradan Müzəffər
Ali Baş Komandan və onun Rəşadətli
Ordusunu qorusun.
Əminliklə deyə bilərəm ki,
şəhidlərimizin ruhu şaddır.
Onların əziyyəti, qanı yerə qalmadı. Vətən
fədailərinin ruhu əzəmətini geri qaytarmış Şuşa
səmasından bizə baxıb gülümsəyir. Bundan sonra da
işıqlı gələcəyin bizi
gözlədiyinə, digər ərazilərimizin də tezliklə
bərpa olunub doğma
sakinlərinə qovuşacağına inanıram".
Azərbaycan.-2022.- 16 iyul.- S.8.