Yaddaşlarda yaşayan müğənni

 

 

Azərbaycan estrada musiqisinin unudulmazlarından olan Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya göz açıb. Mirzə Babayev əslən İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə.Sabir, 7 ünvanında olub.  Mirzənin atası Əbdülcabbar kişi dövrünün tanınmış diş həkimi idi, sənəti ilə əlaqədar ilin müxtəlif vaxtlarında həftələrlə Dağıstanda olur, vaxtaşırı Parisə də gedib-gələrmiş. Xeyirxahlığı və xeyriyyəçiliyi ilə hamının rəğbətini qazanan Əbdülcabbar maarifçiliyin, gənclərin savadlı, təhsilli, elmli, geniş dünyagörüşünə malik olmasının tərəfdarı kimi tanınıb.

Əbdülcabbarın Mirzə Babayevdən başqa 6 oğlu, bir qızı olub. Başqalarına tövsiyə etdiyi kimi, özü də uşaqlarının təhsilinə ciddi fikir verib - demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb. Ailədə təhsillə yanaşı, musiqiyə də, incəsənətə də böyük maraq vardı. Mirzə Babayevin anası Sona xanım Xanlarova yaxşı qarmon ifaçısı olub. Sona xanım rəfiqələrini evə qonaq çağırarkən onlar üçün qarmon çalarmış. Ehtimala görə, Mirzə Babayevə musiqiyə maraq anasından keçib.

Ziyalı ailəsində dünyaya göz açan Mirzə Babayev 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində təhsil alıb. Bu zaman həm də institutun bədii özfəaliyyət kollektivinin fəal üzvü olub. Ürəyəyatan səsi, gözəl ifa tərzi ilə tələbə və müəllimlərin rəğbətini qazanıb.

Mirzə Babayev institutu bitirəndən sonra rəssamlıq sənətinə də maraq göstərib. Bu arzu ilə o, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. İctimai həyatda həm memar, həm də rəssam kimi fəaliyyət göstərib. Bakıda "Vətən" kinoteatrı, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Ağdamda bir neçə inzibati bina onun layihəsi əsasında tikilib. Nizami muzeyinin zallarının tərtibatında xüsusi fəallıq göstərib. O, Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox bina və muzeylərin layihə müəllifidir.

Böyük Vətən müharibəsinin başlanması bir çoxları kimi, onun da gələcək həyatını büsbütün dəyişir, 1941-ci ildən 1945-ci ilə kimi cəbhədə döyüş yolu keçir, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və medallarla təltif edilir. Leytenant rütbəsinə layiq görülür. Müharibədən sonra musiqiyə olan həvəsi onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirir, məşhur müğənni Bülbülün sinfinə daxil olur. Səs tembrinə görə Bülbül onu opera müğənnisi kimi hazırlamağı istəyib. Lakin Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğun olduğundan Xalq artisti Tofiq Quliyev onu o vaxtlar Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrinə dəvət edir. Mirzə orada yaddaqalan çıxışlar edir. Bununla da böyük səhnəyə işıqlı yollar açılır.

Mirzə Babayev sağlığında deyərdi: "Tofiq Quliyev olmasaydı, mən memar kimi fəaliyyətimi davam edəcəkdim".

Mirzə Babayev Tofiq Quliyevlə çox yaxın münasibətdə olub. Tofiq Quliyev xatirələrində bildirir ki, üzərində işlədiyim hər hansı filmdə Mirzə də çəkilirdisə, məmnun olurdum, lakin ssenari üzrə mahnı nəzərdə tutulmayanda, bir mahnı yazırdım ki, onun əvəzsiz ifası bu kino lentində də qalsın. "Dərviş Parisi partladır" filmində də belə olmuşdur. Dediyinə görə, dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevə görə yazıb.

1953-cü ildə konservatoriya təhsilini başa vuran müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların rəğbətini qazanır.

O, müxtəlif illərdə Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb. O, mahnını, sadəcə olaraq, oxumurdu, onunla yaşayırdı. Şövqlə ifa etdiyi "Liman", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada", "Kimlər gəldi, kimlər getdi", "Kəpənək", "Zəfəran", "Çay" və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.

Mirzə Babayev 40-dan artıq filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. "Kölgələr sürünür", "Qaraca qız", "Sən niyə susursan", "Dəli Kür", "Dərviş Parisi partladır", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" filmlərindəki epizodik rolları tamaşaçının yaddaşında əbədi qalır. Onun ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. "O olmasın, bu olsun" filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud "Onu bağışlamaq olarmı?" filmində Tərlanın mahnısı hər birimizi duyğulandırır.

O dövrdə müğənnilərdən səhnədə statik olmaq tələb edilirdi. Lakin Mirzə Babayev belə deyildi - ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu. Məsələn, "Bir utan qızına aşiq olarmı adam", "Mən səni sevirəm" mahnıları zamanında əvəzsiz üslub idi. Onda artistizm güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi. O, Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, ironikşanson üslubda oxuyan, demək olar ki, yeganə müğənni idi. Böyük bəstəkar Tofiq Quliyev, eləcə də Emin Sabitoğlu məxsusi olaraq Mirzə Babayev üçün şanson mahnıları yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlovun bəzi mahnıları da Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.

Xalq artisti Hacı İsmayılov o günləri xatırlayaraq deyir: "Tez-tez filarmoniyada Oktay Ağayevin, Mirzə Babayevin konsertlərinə gedirdim. 1950-1960-cı illər olardı. Mən təsəvvür etməzdim ki, o məşhur müğənni olacaq. İş elə gətirdi ki, "Kinoklubda görüş" verilişində onunla görüşdük. O, bizim daimi iştirakçılarımızdan birinə çevrildi. Nəsibə Zeynalova da verilişdə iştirak edirdi. Nəsibə xanım yanına aktyor Telman Adıgözəlovu, Mirzə Babayevi və məni çağırırdı. "Ad günü" filminə çəkiləndə Rasim Ocaqovun da ad günü idi. Mən dəvətli idim. Getdim, gördüm Mirzə müəllim, Emin Sabitoğlu, Maqsud İbrahimbəyov da oradadır. Emin Sabitoğlu, Mirzə Babayev məclisdə musiqisiz xeyli mahnı oxudu, qəribə bir enerjisi var idi.

Görünən odur ki, Mirzə Babayev istər musiqi yaradıcılığında, istərsə adi həyatda xarakter etibarı ilə nadir şəxsiyyətlərdən olub: Onun həyat yoldaşı Güllü xanım əslən şuşalı olub, vaxtsız dünyasını dəyişib. Mirzə Babayev onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş.

Şəmkirin məşhur Bədirbəylilər nəslinin nümayəndəsi, el ağsaqqalı Eldar Bədirbəyli (Cəbrayılov) deyir ki, mənim babam Abbas bəyin qızı Firuzə xanım Mirzə Babayevin qardaşı Əsədin (o, tanınmış diş həkimi idi) həyat yoldaşı idi. Bu ailə ilə qohumluq dostluq əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Gözəl sənətkarımız Mirzə müəllimlə çox yaxın idim. İndiki Türkiyə səfirliyinin qarşısında - Səməd Vurğun küçəsi ilə Bakıxanovun kəsişməsindəkı binada, rəhmətlik akademik Həsən Əliyevlə qonşu yaşayırdı. Bu evə ailəliklə tez-tez gedib-gələrdik. Mirzə müəllimlə bayram günlərində, ailə tədbirlərində saatlarla həmsöhbət olmuşam. Həmişə xalqımızın firavanlığını arzu edər, Ulu Öndər Heydər Əliyev siyasətini ürəkdən dəstəkləməklə respublikamızda mədəniyyət işçilərinə, yazıçı şairlərə heç bir ölkədə olmayan dövlət qayğısından söhbət açardı.

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışan Mirzə Babayevin milli musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. 1956-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü idi, "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.

Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən hesab edilir. Sağlığında söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Mətbuata verdiyi müsahibələrinin birində deyirdi: "Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam".

 

 

Kimlər gəldi, kimlər getdi bu dünyadan,

Arif olan nakam getməz bu dünyadan...

 

 

Bəstəsi Soltan Hacıbəyova, sözləri Zeynal Xəlilə aid olan bu möhtəşəm mahnını çox müğənnilər ifa edib. Amma onu Mirzə Babayev qədər ürəkdən, yanğılı oxuyan olmayıb. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm insan kimi şərəfli bir ömür yaşadı. Ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımız əbədiyyətə qovuşdu.

İllər, qərinələr keçəcək, unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.

 

 Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 16 iyul.- S.9.