Paşinyan üçün alternativ yoxdur
Ermənistanın Türkiyə
ilə əlaqələrinin bərpası yalnız Azərbaycanla sülh
müqaviləsinin imzalanmasından keçir
Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşdırılması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir. Kommunikasiyaların açılması sülh prosesində mühüm və mümkün bir irəliləyiş olaraq qəbul edilir.
Rəsmi Bakının yanaşmasına əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda ölkələrlə tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.
Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk telefon danışığı olub. Tərəflər ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
Ekspertlərə
görə, Türkiyə-Ermənistan arasında münasibətlərin
normallaşması Azərbaycan-Ermənistan
danışıqlarına da müsbət təsir edəcək.
Erməni politoloq Areq
Koçinyan bununla
bağlı qeyd edib ki, Türkiyə ilə müntəzəm əlaqələr
varsa, Azərbaycanla birbaşa
danışmaq olar: "Bizim
vəzifəmiz Türkiyə ilə birbaşa
danışmaq olmalıdır. Bizim əvəzimizə
Türkiyə ilə başqası danışsa, ucuz razılığa gəlinəcək".
Erməni iqtisadçı Tadevos Avetisyan isə bildirir ki, Ermənistanın dərinləşən sosial böhranı fonunda Türkiyədən iqtisadi asılılıq artır. Eyni fikri erməni iqtisadçı Haykaz Fanyan da bölüşür: "2022-ci ilin yanvarında türk mallarının idxalına qoyulan qadağanın götürülməsindən sonra ilk beş ayda Türkiyədən Ermənistana mal idxalı əhəmiyyətli dərəcədə artıb". Bunların fonunda "gazetekars" onlayn nəşri məlumat yayıb ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. Bildirilir ki, prosesi İsrail şirkət həyata keçirir.
Bütün bunlar Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı reallıqların nəticəsidir. Otuz ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir.
Baş verənlər hazırda erməni revanşist qüvvələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ancaq "armenianreport" portalı yazır ki, müxalifət Ermənistandan çox öz maraqlarını güddüyündən narahatlıq keçirir. Qeyd edilir ki, müxaliflər qorxu içindədirlər. Elə bu səbəbdən "Erməni cəmiyyəti üçün şok", "Nikol Türkiyə prezidentini Qurban bayramı münasibətilə şəxsən təbrik edir", "Hakimiyyət Ankaranın göstərişlərini yerinə yetirir" - deyə müxalifət mətbuatı qışqırır: "Biz iqtisadçı deyilik ki, Ermənistan-Türkiyə sərhədinin açılmasının iqtisadi faydalarını tam qeyd edək. Baxmayaraq ki, 1990-cı illərin nəqliyyat və enerji blokadasının dəhşətini yaşamış hər bir Ermənistan vətəndaşı başa düşür ki, ölkə iqtisadiyyatı boğulur və ona təmiz "hava" lazımdır. Onu içinə çəkmək isə - kiminsə xoşuna gəlsə də, bunu istəməsə də - ancaq Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması şərti ilə mümkündür. Heç kim bizi türklərlə dost olmağa məcbur etmir. Amma iqtisadi cəhətdən biz sırf erməni maraqlarından çıxış edərək əməkdaşlıq etməliyik".
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açılmasının Ermənistan iqtisadiyyatına müsbət təsir edəcəyi ilə bağlı fikirləri ilə razılaşmamaq çətindir. Yəni burada heç bir illüziya yoxdur, sadəcə vəziyyətin obyektiv qavranılması var, blokada aradan qaldırılmadan iqtisadiyyat canlandırıla bilinməz. Mövcud hakimiyyəti milli maraqlara xəyanətdə günahlandıran radikal müxaliflər Paşinyanın indi etməyə çalışdıqlarını yaxın keçmişdə necə özlərinin etməyə çalışdıqlarını unudurlar. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fəal iştirak etdiyi bədnam "Sürix protokolları" və "futbol diplomatiyası"nı heç kim yaddan çıxarmayıb.
Hesab
edilir ki, revanşistlərin cəhdləri bundan əvvəl
keçirdikləri mitinqlər kimi iflasa uğrayacaq.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 16 iyul.- S.10.