"Azərsığorta"
Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Cəmiyyət "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;
2.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;
2.3. Cəmiyyətin Direktorlar Şurası "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.4-26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Azərbaycan İnvestisiya Holdinqinə:
3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.
İdarə Heyətinin üzvlərinin, o cümlədən
onun sədrinin və müavinlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi;
3. Cəmiyyətin
illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq
edilməsi, mənfəətinin və zərərinin
bölüşdürülməsi;
4. Cəmiyyətin dividend siyasətinin
təsdiq edilməsi;
5. Cəmiyyətin qiymətli
kağızlarının buraxılması
barədə qərar
qəbul edilməsi;
6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin
25 (iyirmi beş)
faizindən artıq məbləğdə olan
əqdin (xüsusi əhəmiyyətli əqdin),
eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri Cəmiyyətin
aktivlərinin 5 (beş)
faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında
qərar qəbul edilməsi;
3.2.2. Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
və "Sığorta
fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının
Qanununda ümumi yığıncağın səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həll
edilməsi.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
5. Azərbaycan İnvestisiya Holdinqi:
5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini
iki ay müddətində
hazırlayıb razılaşdırılmaq
üçün Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
5.2. Cəmiyyətin dövlət
qeydiyyatına alınması
üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq tədbirlər görsün;
5.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul
2022-ci il
Azərbaycan.-2022.- 17 iyul.- S.2.