Dövlət-özəl sektor tərəfdaşlığı Qarabağ və Şərqi Zəngəzurun bərpasında
önəmli rol oynayacaq
PrezidentİlhamƏLİYEV:
"Xaricivə yerliinvestisiyalarolmadanölkə iqtisadiyyatı
inkişafedə bilməz"
İşğaldan azad edilən ərazilərimiz zəngin iqtisadi və aqrar potensiala malikdir. Burada sənaye, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hələ sovetlər dönəmində aparılan geoloji kəşfiyyat işləri nəticəsində bölgədə zəngin yeraltı yataqların olduğu da müəyyən edilmişdir.
Azərbaycanda ən çox su ehtiyatları da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındadır. Suyun bol olması isə kənd təsərrüfatının inkişafı üçün geniş imkan yaradır. Burada 100 min hektara yaxın ərazidə buğda əkilməsi mümkündür. Yeri gəlmişkən qeyd edək ki, indiki halda əlavə taxıl sahələri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Səbəbi məlumdur. Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".
Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda indi bütün diqqət həm də ərazilərin minalardan təmizlənməsi və infrastrukturun bərpasına yönəldilib. Paralel olaraq burada nəhəng infrastruktur layihələri icra olunur. Sonrakı mərhələdə isə diqqət bölgənin iqtisadi inkişafına veriləcək. Ağdam və Cəbrayıl rayonlarında sənaye parklarının, Zəngilanda "Dost Aqropark"ın tikintisinin aparılması bu istiqamətdə görülən işlərin yalnız başlanğıcıdır.
Dünya iqtisadiyyatında kiçik və orta sahibkarlıq subyektləri aparıcı rol oynayır. Ölkəmizdə də aparılan iqtisadi islahatlar sayəsində bu kateqoriyadan olan sahibkarlıq növü inkişaf edib. Hazırda Azərbaycanda biznes subyektərinin 99 faizi kiçik və orta sahibkar kimi fəaliyyət göstərir. Qeyd edək ki, bu sahədə dönüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılmasından sonra sürət almağa başlamışdır.
KOBİA indi də işğaldan azad edilən ərazilərdə çalışan yerli və xarici sahibkarlara dəstək verir. Söz düşmüşkən, bu quruma 1000-dən çox yerli və xarici sahibkar həmin ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq barədə müraciət edib. Onlar investisiya, tikinti, xidmət, kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və logistika sahələrində layihələr icra etmək istəyindədirlər. Hədəf bu ərazilərdə tikinti-quruculuq işlərində dövlət-özəl sektor arasında tərəfdaşlıq modelindən geniş şəkildə istifadə olunmasıdır. Dövlət başçısı da 15 iyul müşavirəsində işğaldan azad olunan ərazilərdə dövlət-özəl sektorun tərəfdaşlığının önəmli olduğunu vurğulamışdır. Bildirmişdir ki, artıq Ağdam şəhərində özəl sektor xəttilə yaşayış binalarının tikintisinə başlanılıb.
Ümumiyyətlə, Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və biznesin inkişafına geniş imkanlar açır. Sənədin hədəfi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası işləri ilə yanaşı, zəngin sərvətləri olan bu torpaqların potensialını ölkənin milli iqtisadiyyatına inteqrasiya etməkdir. Dövlətin hazırladığı strateji planda həmin ərazilərdə istehsal, emal, kənd təsərrüfatı, turizm, ticarət və xidmət infrastrukturunun yaradılması, həmçinin yeni texnologiyaların tətbiqi, sərmayənin cəlbediciliyinin təmin olunması nəzərdə tutulur. Bu məqsədlə yerli və xarici sahibkarları təşviq etmək üçün vergi-gömrük güzəştləri, həmçinin müxtəlif iqtisadi, maliyyə və institusional stimullar tətbiq olunacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin böyük bir hissəsi investisiya təşviqi sənədini əldə edib. Bu, onlara qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə etmək imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətində bir sıra vergiləri və rüsumları ödəməkdən azad olunurlar. Həmin sənədi alan hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin 50 faizinə görə mənfəət (gəlir) vergisi, müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaka görə əmlak vergisi, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlarına görə torpaq vergisi, təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV və gömrük rüsumundan azad edilirlər.
Məlumdur ki, Azərbaycanda xarici sərmayənin qorunması üçün mükəmməl qanunvericilik bazasının olması xarici sahibkarların ölkəmizə marağını artırmışdır. Bu üzdən işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarların da sayı artmaqda davam edir. İndiyədək Türkiyədən, Rusiyadan, Pakistandan, Macarıstandan, Qazaxıstandan, Çindən, İtaliyadan, İsraildən və Cənubi Koreyadan olan 300-dən çox sahibkar işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət etmişdir. Prezident İlham Əliyev müşavirədə sərmayə qoyuluşunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz".
Rüstəm
KAMAL,
Azərbaycan.-2022.- 17 iyul.- S.4.