"Dəmir yumruq"
hər an işə düşə bilər
İlham
Əliyev Ermənistana və havadarlarına bu xəbərdarlıqdan
nəticə çıxarmağı tövsiyə etdi
Mənasız xəyallar girdabında çabalayan Ermənistan çox yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmaq istəmir.
İkinci Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, bu ölkəyə indiyədək humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərin normallaşması üçün səylər göstərməkdə davam etsə də, rəsmi İrəvan vəziyyəti gərginləşdirməkdə israrlı görünür. Bölgədəki sülh üçün təhdid olan Ermənistan həmişə olduğu kimi, yenə də boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq ancaq təxribatlar törətməklə məşğuldur.
Qalib Komandan kimi İlham Əliyev bir neçə dəfə bu ölkənin rəhbərliyinə və revanşist qüvvələrə səslənərək bölgədə təhlükəsizliyin təminatı olan sülh müqaviləsinin imzalanmasının Ermənistana gətirəcəyi iqtisadi və siyasi dividendləri də açıqlayıb. Lakin son vaxtlarda məğlub ölkənin davranışı, "status" və ya "Dağlıq Qarabağ" münaqişəsi kimi ifadələrin işlədilməsi göstərir ki, Ermənistan yenə də köhnə ampluasında qalmaqdadır.
İyulun 15-də cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İlham Əliyev bir daha Ermənistanın bu cür davranışına toxundu və çox ciddi xəbərdarlığını etdi. Prezident bəyan etdi ki, savaşdan 1 il 8 ay ötməsinə baxmayaraq, məğlub ölkə nəinki sülh danışıqları masasına oturur, hətta 10 noyabr Bəyanaməsinin müddəalarını belə yerinə yetirməkdən boyun qaçırır. Bunun sonu isə heç də Ermənistan üçün yaxşı görünmür.
Erməni silahlı birləşmələri Qarabağdan mütləq çıxarılmalıdır
Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə çatdırdı ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialarından əl çəkməmək yalnız özlərinə ziyan vuracaq.
Prezident bəyan etdi ki, 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi bu ölkə üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırsa da, Ermənistan prosesi uzadır.
Azərbaycan məsələni eyni zamanda Rusiyanın hərbi rəhbərliyi qarşısında da qaldırıb. Hətta bir neçə ay bundan əvvəl bu ölkənin Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən ölkəmizin Müdafiə Nazirliyinin rəhbərliyinə söz verib ki, bu ilin iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün iyul ayı olsa da, məsələ həllini tapmayıb. Yəni, Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir.
İlham Əliyev müşavirədə vurğuladı ki, Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb və bu ölkə Ermənistanı buna məcbur etmir. Azərbaycan isə bu vəziyyətlə barışmaq fikrində deyil: "Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".
Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir iş görmür
Prezident bildirdi ki, Ermənistan 10 noyabr Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi də yerinə yetirməkdən yayınır.
Hansı ki, imzalanan sənədə əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər Azərbaycana bu imkan verilməyib.
Lakin Azərbaycan Laçın yolu ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdədir. Hazırda da yol açıqdır və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Yəni Azərbaycan qalib dövlət kimi öhdəliyini yerinə yetirdiyi halda, Ermənistan məğlub ölkə kimi üzərinə düşən vəzifəni reallaşdırmaqdan boyun qaçırır.
Hətta bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu Azərbaycana verilməyib. Bir il səkkiz ay keçməsinə baxmayaraq, Ermənistana bu öhdəliyi yerinə yetirməməsi ilə bağlı təzyiq göstərən də yoxdur. Ölkə rəhbərlərinin Brüssel görüşlərində İlham Əliyev bu məsələni 3 dəfə gündəmə gətirib. Orada razılıq bildirilsə də, bu günə qədər Azərbaycana marşrut verilməyib: "Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edilə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir".
Ona görə də Azərbaycan haqqını tələb edir. Əgər qalib ölkə 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra edirsə, Ermənistan da üzərinə düşənləri mütləq reallaşdırmalıdır.
Nə
"status" var, nə
də "Dağlıq
Qarabağ"
Digər məqamlardan biri
də son vaxtlar Ermənistan rəhbərliyinin
yenə də hansısa "status" haqqında
danışması ilə
bağlıdır. Halbuki
müharibəyə son qoyulanda,
Ermənistan kapitulyasiya
aktına məcburən
imza atanda status məsələsinə toxunulmaması
ilə bağlı Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri
arasında şifahi razılaşma
var. Ermənistan müəyyən
müddət buna əməl etsə də, son zamanlar bu sözü tez-tez işlətməyə
başlayıb.
Gah onların
baş naziri, gah xarici işlər
naziri Qarabağın
"status"undan danışırlar. Amma İlham
Əliyev müharibədən
sonra səsləndirdiyi
bəyanatlarda statusun yerini göstərib.
Müşavirədə qalib Sərkərdə bu
məsələyə bir
daha toxunaraq dedi ki, əgər
Ermənistanda bunu kimsə unudubsa, yenidən həmin fikri təkrarlaya bilərəm. İlham Əliyev məğlub
ölkəyə xəbərdarlıq
edərək bildirdi ki, "status" haqqında
danışmaq Ermənistan
üçün çox
təhlükəli məsələdir.
Yəni, Ermənistan
"status" məsələsini gündəmə gətirməklə
özünə ciddi problemlər yaradır və unudur ki,
"dəmir yumruq"
yenidən işə düşə bilər.
Əslində status haqqında Azərbaycan danışa bilər.
Ölkəmizin Zəngəzur üçün
status tələb etmək
hüququ var. O Zəngəzur
ki, 1920-ci ilin noyabrında Azərbaycandan
qoparılıb.
Ermənistanın gündəmə gətirdiyi
digər məsələ
Minsk qrupu ilə bağlıdır. İlham Əliyev bu
barədə də fikrini açıqladı.
Qeyd etdi ki, artıq
belə bir qurum yoxdur, onu
axtaran tarixin arxivinə baş vurmalıdır.
İlham
Əliyev bir daha bəyan etdi ki, Qarabağ
münaqişəsi həll
olunub, bu mövzu
bağlanıb: "Qarabağ
Azərbaycandır! Bunu mən
demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən
Ermənistan deyir - öz xoşu ilə yox, məcburən.
Bu məsələ ilə bağlı müzakirə apardığımız
bütün ölkələr,
təşkilatlar deyir".
Prezident mənfi meyillərin gücləndiyi zamanda Ermənistana bir daha səslənərək
ən doğru yolun sülh müqaviləsindən keçdiyini
bildirdi. Bəyan etdi ki, hələ bu, hansısa bir ciddi fəsada çevrilməyib. Hər zaman
olduğu kimi, bu gün də
Azərbaycan sülh istəyir. Amma qarşı tərəf
reallıqlarla barışmaq
istəmir. Ona görə də Azərbaycan hələlik
xəbərdarlıq edir:
"Hərə də
bu bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ
ilə bağlı hələlik bu qədər. Çox da
dərinə getmək
istəmirəm. Yenə də
deyirəm, biz xarici işlər nazirlərinin
sabahkı görüşünü
gözləyirik, görüşün
nəticələrini gözləyirik.
Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik".
Bir sözlə, qalib Komandan birmənalı
şəkildə bəyan
etdi ki, Azərbaycan Qarabağ məsələsini artıq
həll edib, nə "status" var, nə də "Dağlıq Qarabağ".
Ermənistan çıxış yolu axtarırsa, Azərbaycanın 5 prinsipi
əsasında hazırlanacaq
sülh müqaviləsini
imzalamalıdır. Yox, əgər,
yenidən revanşist
düşüncələrə üstünlük versə,
faşist düşüncəsindən
əl çəkməsə,
yenidən öz havadarlarına üz tutsa, budəfəki "dəmir yumruq" daha ağır olacaq.
Ermənistan artıq bunu düşünməlidir və
dərk etməlidir ki, daha da
acınacaqlı duruma
düşməməkdən ötrü onun Azərbaycanla sülh şəraitində yaşamaqdan
başqa yolu yoxdur. O, sülh sazişinin
bağlanılması təklifini
qəbul etməlidir, əks halda, bunun nəticələrinə
də hazır olmalıdır.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 17 iyul.- S.5.