Azərbaycan dünya iqtisadiyyatında gözlənilən tənəzzülə hazır olmalıdır

 

Bu, Prezidentin yaxın gələcək üçün hökumətin qarşısında qoyduğu əsas vəzifələrdəndir

 

 

Dünyada sabitlik pozulanda, hər hansı bir regionda qarşıdurma olanda bütün planetə mənfi təsir göstərir və dünya iqtisadiyyatı məhvərindən çıxır. Çox uzağa getməyək. Ukrayna-Rusiya münaqişəsi səbəbindən dünya bazarında ərzağın və enerji daşıyıcılarının qiymətləri az qala görünməmiş səviyyədə bahalaşmışdır. Dünya iqtisadiyyatında baş verən bu iqtisadi silkələnmələr isə boş ötüşmürbir çox dövlətlər üçün ciddi iqtisadi problemlər yaradır.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dünyada gedən mürəkkəb iqtisadi proseslərə münasibətini açıq bildirmişdir: "Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Bizbuna hazır olmalıyıq".

Dövlət başçısı belə hesab edir ki, Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri ölkədə əmin-amanlığı qoruyur, iqtisadi inkişafa təminat verir: "Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır".

Azərbaycan Prezidentinin belə müdrik və qətiyyətli, bir-birini tamamlayan xaricı və daxili siyasəti, həyata keçirdiyi islahatlar ölkənin müdafiə və iqtisadi qüdrətini artırmağa imkan yaradır. Bu imkan sayəsində dünyada gedən ağrılı iqtisadi problemlərə baxmayaraq, Azərbaycanda yeni istehsal müəssisələri işə salınır. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" və "Glassica" müəssisələri artıq açılışa tam hazırdır. Eyni ərazidə Çin investoruna məxsus "Azərbaycan Vanhong Ceramics Co." zavodunun bu yaxınlarda təməli qoyulacaq. Bundan əlavə, dövlət başçısının tapşırıqları əsasında Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər cədvələ uyğun gedir. Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın "Achenbach Buschhütten" şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə barədə isə müqavilə imzalanmışdır.

Ölkə iqtisadiyyatındakı yüksək artım templəri, həmçinin dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi investisiyaların artmasına səbəb olmuşdur. Məsələn, qeyri neft-qaz sektorunda əsas kapitala yatırılan investisiyalar 18,5 faiz artmışdır. Artım həmçinin tikinti sektorunda qeydə alınmışdır. Bu sektorda 6 ay ərzində əlavə dəyər ötən ilin eyni dövründəki göstəricini 8 faiz üstələmişdir. Hesabat dövründə həmçinin vergi mədaxili 49, qeyri-neft sektorundan vergi daxilolmaları 38 faizdən çox artmışdır. Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artmasını da xüsusi qeyd etmək lazımdır. İndi özəl bölmənin qeyri neft-qaz vergi daxilolmalarının xüsusi çəkisi 75 faizi üstələyir.

Müşavirədə vurğulandı ki, İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə etmişlər. SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank belə müəssisələrdəndir. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə etmişdir. Şirkətin xalis mənfəəti 2,1 milyard manat olmuşdur.

Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Dövlət başçısı energetika sektorundakı ümumi vəziyyəti  belə səciyyələndirir ki, enerji imkanımız bir çox ölkələr üçün önəm daşıyır. Artıq xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək-elektrik stansiyalarının tikintisi ilə məşğuldurlar. Bu barədə Prezident İlham Əliyev müşavirədə demişdir: "Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə 2 min meqavatondan da əlavə 2 min meqavat Günəş və külək-elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su-elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su-elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su-elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik". Dövlət başçısı çıxışında qeyd etmişdir ki, artıq il yarım ərzində 9 su-elektrik stansiyasının inşası ya başa çatmış, ya da bu ilin sonuna qədər yekunlaşacaq.

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 17 iyul.- S.5.