İlham Əliyevin mövqeyi  Türkiyədə böyük məmnunluq doğurub

 

 

Azərbaycan-Türkiyə münasibətləri möhkəm özüllər üzərində qurulub. Bunu şərtləndirən vacib amillərdən biri eyni kökə, ortaq mədəniyyətə malik olan xalqlarımızın qarşılıqlı əlaqələrində səmimiliyə, qardaşlıq və dostluğa hər zaman önəm verməsidir.

Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına səbəb olub. 2020-ci ilin Vətən müharibəsində Türkiyənin Azərbaycanı qətiyyətlə müdafiə etməsi iki dövlət arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin möhtəşəm təcəssümü idi.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində baş verən proseslərdən Prezident İlham Əliyevin dərin narahatlıq hissi keçirməsi iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun növbəti təsdiqi idi. Azərbaycan Prezidenti həmin vaxt türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığında bu hadisəni birmənalı şəkildə dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək qətiyyətlə pisləmiş, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarınahüququn aliliyinə qəsd kimi dəyərləndirmişdir.

Türkiyənin zəfər dastanı yazdığı həmin tarixdən 6 il ötür. Xəbər verildiyi kimi,  Prezident İlham Əliyev 15 İyul - DemokratiyaMilli Birlik Günü ilə əlaqədar Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmiş, 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı qardaş ölkənin dövlət başçısına başsağlığı vermiş, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş etmişdir.

Prezident İlham Əliyev sözügedən hadisənin ildönümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub da ünvanlamışdır. Məktubda milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfərin Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunduğunu bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır:  "Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. "Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik".

Azərbaycan Prezidentinin məktubu Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb. "Akşam", "Habertürk", "Milliyet", "Yeni Şafak", "Yeni Birlik" və "Türkiyə"qəzetləri, "TRT Haber", "Haber Global" və digər telekanalları Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu diqqətə çatdırıblar. Türkiyənin ən çox oxunan qəzetlərindən sayılan "Milliyet" "Prezident R.T.Ərdoğan İlham Əliyevlə telefonla danışdı" başlığı ilə məlumat dərc edib. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunəvidir və belə hallar iki dövləti bir-birinə daha sıx bağlayır. 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 17 iyul.- S.5.