İlin "Qazlaşdırma proqramı" uğurla yekunlaşacaq

 

Prezident İlham ƏLİYEV: "Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır"

 

 

İnfrastuktur layihələrinin həyata keçirilməsi yenə də dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bunu bir daha vurğulayıb. Ölkədə qazlaşdırmanın yüksək səviyyədə olduğu da qeyd edilib.

Dövlət başçısı deyib: "Təbii ki, gələn ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaqhesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq - əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram."

Hələ yanvar ayında bildirilmişdi ki, bu ilin "Qazlaşdırma proqramı"nda ölkənin müxtəlif bölgələrində 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivinin mavi yanacaqla təmin olunması nəzərdə tutulub. Qazlaşdırılan yeni yaşayış massivləri həm regionları, həm də Bakı şəhərinin inzibati ərazisini əhatə edir. Qeyd edək ki, hazırda qazlaşdırma "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində maliyyə imkanlarına uyğun olaraq həyata keçirilir.

"Azəriqaz" İstehsalat Birliyinin açıqladığı yarımillik ümumi statistik rəqəmlər qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyini göstərir. Belə ki, hazırda ümumi abonentlərin sayı 2 milyon 470 min 256-ya çatıb. Bunlardan 2 milyon 432 min 156 abonent əhali, 38 min 100 abonent isə qeyri-əhali sektoru üzrədir. Xatırladaq ki, qaz xətləri 2 milyon 400 mininci abonentin - Bakının Xəzər rayonunun sakini Sevil İsgəndərovanın evinə mavi yanacağı bu ilin əvvəllərində çatdırmışdı.

İlin sonuna qədər "Qazlaşdırma proqramı"nın tam başa çatması gözlənilir. Proqram üzrə işlər ardıcıl icra olunur. İlin əvvəlindən bölgə şəhərlərdə, o cümlədən paytaxtın 3 rayonunda ümumilikdə 115 kənd yeni yaşayış massivində işlər davam edir. Proqram üzrə 94 kənd massivdə işlər başlanıb.

6 ay ərzində 281 kilometr yeni qaz kəmərinin çəkilişi həyata keçirilib. Yeni qaz kəmərlərinin 35 kilometri Bakı-Abşeron ərazisində, 246 kilometri isə regionlarda çəkilib.

Qeyd edək ki, Azərbaycanda qazlaşdırma dövlətin sosial siyasətinin ayrılmaz hissəsini təşkil edir. 2004-cü ildən, yəni regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci dövlət proqramına start verildiyi vaxtdan indiyədək bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib. Təkcə 2021-ci ildə ölkənin şəhər rayonlarında ümumilikdə 100-ə yaxın yeni yaşayış massivi qazla təmin olunub. 200-dən artıq şəhid ailəsi müharibə iştirakçısının fərdi yaşayış evi isə "Azəriqaz"ın daxili imkanları hesabına qazlaşdırılıb.

Son 18 ildə mavi yanacaqla təmin edilən yaşayış məntəqələrinin, kənd və qəsəbələrin isə sayı yüzlərlədir. Qaz xətləri sovet dönəminin ən inkişaflı illərində belə mavi yanacaqdan istifadə edə bilməyən yerlərədək çatıb. Bir sözlə, uzun müddət təbii qaz almayan, eləcə də indiyədək qazlaşdırılmayan ərazilərdə indi mavi alov şölələnir. Məlumdur ki, xüsusilə dağlıq ərazilərdə qaz çəkilişi çətinliklə aparılır. Bu, həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Lakin buna baxmayaraq, çoxsaylı dağ kəndlərimiz xeyli vaxtdır mavi yanacaq alır.

Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatır. 2009-cu ildə isə həmin rəqəm 62 faiz idi. Bu, şərhə ehtiyacı olmayan uğurlu bir göstəricidir.

Ölkədə qazla təminatın səviyyəsi də ildən-ilə yüksəlir. Xatırladaq ki, abonentlər iki hissəyə bölünür. Məişət abonentləri dedikdə fərdi evlər və mənzillər, yəni təbii qazdan istifadə edən fiziki şəxslər nəzərdə tutulur. Daha doğrusu, bunlar əhali sektorunu, qalanları isə qeyri-əhali sektorunu təşkil edir. Bu ilin yanvar-iyun ayları ərzində 4 milyard 509 milyon kubmetr, yəni 2021-ci ilin 6 aylıq göstəricisi ilə müqayisədə 329 milyon kubmetr artıq qaz qəbul olunub. Əhali xətləri üzrə qəbul edilən qazın 20 milyon kubmetr az, sənaye xətləri üzrə isə əksinə, 349 milyon kubmetr artıq olduğu qeydə alınıb.

İtkilər də azalır. Keçən illə müqayisədə itkilərdə 3 faiz azalma olub. Digər bir müsbət hal isə yığımda ötən ilə nisbətən 18 faizə yaxın artımın müşahidə edilməsidir. Belə ki, 6 aylıq nəticəyə görə yığım səviyyəsi 105 faizə yaxındır. Bu göstərici əhali sektoru üzrə 103, qeyri-əhali sektoru üzrə 106 faiz təşkil edir. Yarım il ərzində 371 məscid və digər dini məbədlərə 5 min kubmetr əvəzsiz qazın verilməsi də təmin olunub.

Yaxın zamanlarda qaz xətləri işğaldan azad edilmiş ərazilərimizə də istilik, hərarət gətirəcək. Məlumdur ki, indi o yerlərdə elektrik enerjisi obyektlərinin tikintisi vüsət alıb. Qarşıda duran ən mühüm məsələlərdən biri Qarabağda və Şərqi Zəngəzurda tikiləcək evləri, sosialistehsal təyinatlı müəssisələri mavi yanacaqla təmin etməkdır. Hazırda bu ərazilərin qazlaşdırılması ilə əlaqədar layihələşdirmə işləri gedir. Təbii ki, buradakı yaşayış məntəqələrinə qaz verilməsi də növbəlilik prinsipi ilə həyata keçiriləcək.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 17 iyul.- S.7.