Şuşa yenidən poeziya, musiqi ilə dolu günlərini yaşayır

 

Azərbaycanın qədim və gözəl şəhəri, mədəniyyət paytaxtı artıq ikinci ildir ki, otuz ilə yaxın həsrətini çəkdiyi günləri yaşayır. 1992-ci il mayın 8-də təcavüzkar Ermənistanın işğalına məruz qalan Şuşanı 2020-ci il noyabrın 8-də qəhrəman Azərbaycan Ordusunun zəfəri azadlığa çıxardı. Və o gündən Şuşanın gözləri yollardan yığışdı. Ayrılmaz bir hissəsi olduğu Azərbaycana qovuşdu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dostların da, düşmənlərin də eşidə biləcəyi uca və məğrur səslə dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

 

 

Şuşada keçirilən silsilə mədəni tədbirlərin hər birinin öz tarixi, məqsədi var

 

...Və Şuşa ona vəd edilənləri çox gözləməli olmadı. Erməni vandallarının otuz ilə yaxın işğal müddətində taladıqları, uçurub dağıtdıqları, od vurub yandırdıqları Qarabağ və Şərqi Zəngəzur ərazilərində planlı şəkildə geniş, əhatəli və sürətli tikinti-bərpa, quruculuq işlərinə başlanıldı. Dövlət başçısı Zəfər sevincinə, iftixarına bürünmüş ölkə vətəndaşlarına yeni müjdəli xəbərlər də verdi. Onlardan biri də Ermənistanın ərazilərimizi qəsb etməsi səbəbi ilə yarımçıq qalmış silsilə mədəni tədbirlərin yenidən keçiriləcəyi oldu. Ötən il Azərbaycanın mədəniyyət paytaxtı bu sevinci yaşadı. Qarabağın incisi Şuşada 2021-ci ilin mayında "Xarıbülbül" Musiqi Festivalı və avqustunda "Vaqif Poeziya Günləri"nin, eləcə də digər möhtəşəm tədbirlərin düzənlənməsi azərbaycanlıların öz doğma şəhərinə qayıdışının böyük təntənəsinə çevrildi.

Erməni qəsbkarlarının işğalına qədər Şuşada hər il keçirilən mədəni tədbirlərin hər birinin öz tarixi, mənası və məqsədi vardı. Onlardan biri də "Vaqif Poeziya Günləri" idi. Hələ 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəyıb. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yaradıcılığı, dəstxəti ilə seçilən şairin məzarını tapa bilməyiblər. Ümummilli Liderin göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. O, çıxışlarının birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını deyib. Sonradan respublika rəhbəri seçilən Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə abidə və türbə tikilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilən kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid 80-nə yaxın eksponat sərgilənib.

1982-ci il yanvarın 14-də Şuşada Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılışı mərasimi olub. Həmin səfər çərçivəsində Heydər Əliyev "Vaqif Poeziya Günləri"nin keçirilməsi ilə bağlı göstəriş verib. "Vaqif Poeziya Günləri" həmin tarixdən başlayaraq 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, əsrarəngiz Şuşanın bənzərsiz Cıdır düzündə başa çatıb.

Ərazilərimiz Ermənistanın işğalından azad edildikdən sonra ölkəmizin mədəni inkişafında yeni dövr başlayıb. Artıq Azərbaycan xalqına məxsus tarixi abidələr bərpa olunur, ənənəvi tədbirlər yenidən və daha möhtəşəm keçirilir.

Bu il isə həm Şuşa ilidir. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il ölkəmizdə "Şuşa ili" elan edilib. Respublikamızda, eləcə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu münasibətlə silsilə tədbirlər təşkil edilir.

 

 

 

Azərbaycan xalqı uzun illər bu günləri səbirsizliklə gözləyib

 

 

 

Qırxillik tarixi olan "Vaqif Poeziya Günləri" Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, təşkil edilir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də "Vaqif Poeziya Günləri" başlayıb. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak ediblər. "Vaqif Poeziya Günləri" çərçivəsində keçirilən ilk tədbir "Qarabağ" mehmanxanasının qarşısında təşkil edilən kitab sərgisi olub.

Tədbirin davamı görkəmli Azərbaycan şairinin muzey-məqbərə kompleksinin önündə olub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edib. O, Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlərdən danışıb. Anar Molla Pənah Vaqifin həyat və yaradıcılığından da söz açıb. "Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!" - deyib Xalq yazıçısı.

Şuşa həm də Azərbaycanın bir çox tanınmış sənət adamlarının, yazıçılarının, şairlərinin uşaqlıq xatirələrində unudulmaz yeri olan şəhərdir. Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev də uşaqlığının Şuşada keçdiyini söyləyib. O, bütün Azərbaycan xalqının uzun illər idi bu günü səbirsizliklə gözlədiyini vurğulayıb: "44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda canlarını qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq".

Tədbirdə Azərbaycan muğamları ifa olunub. "İgidlərin sözü" kompozisiyası zamanı Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamın müşayiəti ilə çıxışları olub. "Odlar yurdum Azərbaycan" - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib.

"Vaqif Poeziya Günləri" çərçivəsində Cıdır düzündə konsert-tamaşa təqdim edilib. "Əsrlərin sədası" adlı konsert-tamaşada Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Xurşidbanu Natəvan kimi görkəmli Azərbaycan şairlərinin obrazları canlandırılıb. Musiqili tamaşada Xalq artistləri GülyanaqGülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və başqaları iştirak ediblər.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 17 iyul.- S.8.