Azərbaycan
Prezidenti İlham Əliyev və Avropa Komissiyasının
Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanın
layihələri Avropanın enerji xəritəsinin tamamilə
dəyişir
Avropa
İttifaqı İlham Əliyevin timsalında Azərbaycanı
artıq ən etibarlı tərəfdaşlar sırasında
qəbul edir
İyulun
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Avropa Komissiyasının Prezidenti xanım
Ursula Fon der Lyayen mətbuata bəyanatlarla
çıxış ediblər.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə dövlətimizin
başçısı bəyanatla çıxış edib.
Prezident İlham
Əliyevin bəyanatı
- Hörmətli xanım Prezident.
Hörmətli xanımlar və cənablar.
Əvvəlcə mən Avropa Komissiyasının xanım Prezidentini və Avropa İttifaqının nümayəndə heyətini Azərbaycanda salamlamaq istərdim. Bu gün bizim geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirəmiz baş tutdu. Biz bu gün gündəliyimizdə dayanan bütün məsələləri əhatə etdik. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi oldu. Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var.
Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.
Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir.
Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.
Xanım Prezident, bizimlə olduğunuza görə bir daha təşəkkür edirik və Sizə Bakıda xoş səfər arzulayıram.
x x x
Sonra Avropa Komissiyasının Prezidenti bəyanatla çıxış edib.
Xanım Prezident Ursula Fon
der Lyayenin bəyanatı
- Burada, Bakıda çox səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə
minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta
əvvəl, Rusiyanın
Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa
İttifaqı Rusiyadan
yan keçərək,
daha etibarlı və etimad doğuran tərəfdaşlara
üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların
sırasında hesab etməkdən məmnunam.
Həqiqətən siz bizim üçün mühüm
enerji tərəfdaşısınız.
Siz təkcə təchizat təhlükəsizliyi sahəsində
deyil, həmçinin
iqlim neytrallığı
sahəsində də
hər zaman etibarlı olmusunuz. İndicə
imzaladığımız Anlaşma
Memorandumu bizim enerji tərəfdaşlığımızı
daha da gücləndirir.
Bizim Anlaşma
Memorandumumuzun üç
məqamını vurğulamaq
istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq.
Bu Memorandum vasitəsilə
biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi
ilə bağlı üzərimizə öhdəlik
götürürük. Bu, artıq Avropa
İttifaqı üçün
çox vacib təchizat marşrutudur və onun vasitəsilə
ildə 8 milyard kubmetr qaz nəql
edilir. Biz bir neçə il
ərzində onun ötürücülük imkanını
20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən
biz 12 milyard kubmetr göstəriciyə çatacağıq,
beləliklə Rusiyadan
qaz təchizatının
həcmini azaldacağıq
və Avropanın təchizat təhlükəsizliyinə
ciddi töhfə verəcəyik.
Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji
sahəsində nəhəng
potensiala malikdir.
Cənab Prezident, Siz artıq bununla bağlı fikirlərinizi bildirdiniz. Xüsusilə də dənizin
külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm.
Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün
imzalanan Anlaşma Memorandumu vasitəsilə
biz həmin sahədə
əməkdaşlığımızın
möhkəm təməlini
qoyuruq. Azərbaycan yanacaq növlərinin
təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün
bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Nəhayət, bizim qaz sahəsindəki
əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının
tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması
ilə bağlı öhdəlik nəzərdə
tutur. Cənab Prezident, bunu Sizinlə də müzakirə etdik – mən Azərbaycanı qlobal metan öhdəliyinə
qoşulmağa dəvət
edirəm. Bu günə
qədər bu öhdəlik 119 ölkə
tərəfindən dəstəklənib.
Azərbaycan böyük
tərəqqiyə nail olub,
nümayiş və təqdim etməyə bir çox nailiyyəti var.
Prezident Əliyev və mən enerjidən əlavə, əlaqələrimizin və əməkdaşlığımızın bütün aspektlərini müzakirə etdik. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının sabah Brüsseldə iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir. Bu, bizim üçün Sizin də qeyd etdiyiniz bağlılıq mövzusu baxımından da olduqca vacibdir. Biz bunu da müzakirə etdik. Bu mənada xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.
Bu,
bizim qlobal qapı strategiyamızın başlıca
missiyasıdır və həmçinin Şərq Tərəfdaşlığının
mahiyyətidir. Avropa İttifaqı
Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun
hüdudlarından kənarda da əlaqələr
qurmaq arzusundadır. Biz
mühüm Trans-Xəzər əlaqələrinə
dair ideya və
müzakirələri böyük maraqla izləyirik və müzakirələrin
dərinləşdirilməsinə töhfə verəcəyik.
Nəhayət, biz vahid
hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm
imkanlarına böyük təkan verəcəkdir.
Azərbaycan tam potensialına nail olmaq üçün
investor əminliyini təmin
etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi,
azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz,
sabit və firavan olmasına sadiqdir. Məsələn, biz bu ölkədə
minalardan təmizləmə
sahəsində ən
böyük donoruq.
Biz bu vacib
mövzunu da müzakirə etdik. Biz bu məqsəd
üçün 4.25 milyon
avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif
edirik.
Cənab
Prezident, ümumiyyətlə,
Avropa İttifaqı Sizin regionla sıx bağlıdır.
Biz tərəfdaşlığımıza
dəyər veririk və bu tərəfdaşlıq
zaman keçdikcə ardıcıl şəkildə
daha da inkişaf
edəcək və dərinləşəcək. Bir daha bizi burada
qəbul etdiyinizə və birgə Anlaşma Memorandumunun imzalanmasına görə
təşəkkür edirəm.
Sağ olun.
Azərbaycan.-2022.- 19 iyul.- S.2-3.