İradəsizlər, araqatanlar  qızışdıranlar

 

 

İnsana həyatı yalnız uca Tanrı bəxş edir!

Tanrıdan başqa kimsə də insanı həyatdan məhrum edə bilməz!

Edərsə, bu, böyük günah sayılır.

Ən böyük günahlardan biri isə insanın özünə qəsd etməsidir!

Bütün müqəddəs kitablarda, o cümlədən "Qurani-Kərim"də bu, qadağan edilir, böyük qəbahət hesab olunur.

Məhz bu məntiqlə dünya, xüsusən dünyanın sivil dövlətləri güllələnmə cəzasını ləğv edir, insanlara ölüm cəzasını ömürlük həbslə əvəzləyirlər!

Təəssüflər olsun ki, həyatda insanların qətlə yetirilməsi hallarına, xüsusən özünüöldürmə faktlarına son zamanlar tez-tez təsadüf edirik.

Hər dəfə bu mövzuda eşitdiyimiz bəd xəbərlər bizi sarsıdır, ürəyimizi parçalayır, qəlbimizə qara qanlar axıdır.

 

***

 

Son dövrlərin ən ağır və sarsıdıcı xəbərləri isə müharibə qazilərinin özlərinə qəsd etmələri, hətta üstlərinə neft tökərək yandırmalarıdır!

 

Bəzi qazilərimizdə "müharibə sindromlu" psixoloji problemin mövcudluğu kimsəyə sirr deyil!

 

Belə vəziyyətdən təkcə tibbi yardımlarla çıxmaq mümkün olmur...

 

Buna zaman, mühit, doğmaların və yaxınların dəstəyi də tələb olunur...

 

Bəs cəmiyyət necə, kritik məqamda zəruri dəstəyi göstərməyə hazırdırmı?

 

Sosial şəbəkələrdəki yazışmalar bunun əksini, bəzilərinin hətta kömək əvəzinə, qəzəblənmiş insanı başqa səmtə yönləndirdiyini göstərir.

 

Nəticədə özünəqəsd faciəsi baş verir!

 

Belə xəbər alanda bilmirsən nə edəsən, hadisəyə necə yanaşıb, necə qiymət verəsən, təqsiri kimdə görəsən, kimi günahlandırıb, kimi qınayasan...

 

ÇÜNKİ...

 

* Hər belə bir hadisədə bir vətənpərvər Azərbaycan gənci dünyadan köçür!

 

* Hər belə bir hadisədə bir qəhrəman əsgər, yaxud zabit itirmiş oluruq!

 

* Hər belə bir hadisədə torpaq uğrunda qan tökmüş igidimiz özünə qıyaraq ömrünü yarıda qırmış olur!

 

* Hər belə bir hadisədə mənfur düşmənimizi sevindirmiş oluruq!

 

 

 

Hələ belə faciələrin başqa bir tərəfi də olur:

 

 

 

* Müharibənin od-alovundan yaralı çıxsa da, geriyə qayıdan oğul yenicə sevinc hissi yaşayan anasının ürəyinə çalın-çarpaz, sağalmaz dağ çəkmiş olur;

 

* Həyatdan nakam köçərək yurdunu boş qoyur;

 

* Körpə balalarına əbədi yetimlik nəsib edir;

 

* Ömür-gün yoldaşını çətinliklər, ehtiyac burulğanında tək qoyaraq bəxtinə qara yazdırır;

 

* Doğmalarını, dostlarını, onu sevənlərini düşünmədən, nəzərə almadan əbədi tərk edir;

 

* Ən nəhayət, heç kəsin bəyənmədiyi, arzulamadığı qərar qəbul etməklə onu sevənlərə və istəyənlərə bir etinasızlıq göstərmiş olur...

 

Axı insan dünyada tək yaşamır!

 

Axı insan gözünü ona dikənlərin həyatı, taleyi və gələcəyi üçün məsuliyyət daşıdığını da nəzərə almalıdır!

 

Axı insan son qərarını verəndə bu qərarın kimə hansı zərbə, ömürlük yara vuracağını da düşünməli, göz önünə gətirməlidir!

 

Əsgər, veteran, qazi sonacan, son nəfəsinəcən, son damla qanınacan çarpışmağı, məqsədə çatmaq uğrunda qətiyyətli mübarizə aparmağı bacarmalıdır!

 

Həm də onu sevənlərdən, ona dayaq durmağa daim hazır olanlardan kömək istəməli, dəstək almalıdır!

 

Azərbaycan əsgəri, Azərbaycan zabiti heç zaman meydanı tərk etməli deyil, meydanda vuruşaraq qalib gəlməlidir!

 

Özünü doğmalardan, dostlardan, canı yananlardan təcrid etməli deyil, onlarla birlikdə olmalı, mənəvi dəstəklərindən istifadə etməli, haqqına çatmaqda kimdənsə kömək gözləməkdən və almaqdan çəkinməməlidir!

 

Bu, onun haqqıdır!

 

Bu köməyi onlara göstərmək hamımızın borcudur!

 

***

 

Daha bir təəssüf doğuran hal isə odur ki, ömrünün ən kritik məqamını yaşayan, həyatla ölüm arasında tərəddüd edən insanlara münasibətdə sosial şəbəkə iştirakçıları və bəzi internet saytları özləri də bilmədən və anlamadan təhrikçi mövqedə dayanırlar, onlara mənəvi dəstək, mənəvi güc vermək əvəzinə, daha çox  araqatan, qızışdıran mövqe nümayiş etdirirlər!

 

Daha doğrusu, çibana məlhəm olmaq əvəzinə, yaranın üstündən basırlar!

 

Qəsdən, ya naşılıqdan - bunu söyləmək çətindir!

 

Kimin hansı məmurdan, deputatdan xo

 

şu gəlmirsə, qəzəb və nifrəti ona yönəltməyə çalışır!

 

Kimin hansı qurumdan narazılığı varsa, yaranan gərginlikdə onun adını hallandırmağa çalışır!

 

Əsas tənə, qınaq mənbəyi kimi isə rayonların icra hakimiyyəti başçıları götürülür.

 

Bir QHT öz köməyini təklif edərək məsələnin həlli üçün qabağa düşmür!

 

Bir sayt özünə qəsd edəcəyini söyləyən qazini tapıb söhbət aparmır, incikliyinin səbəbini araşdıraraq həllində yardımçı olmur!

 

Sosial şəbəkədə isə kimin ağlı necə kəsir, məsələni necə qavrayırsa, leksikonuna uyğun şəkildə elə də "şərh" edir.

 

Nəticədə araqarışdıranlar, insanı qızışdıranlar qazinin alovlanmış qəzəbinə su yox, neft tökmüş olurlar!

 

Kiminsə səhvi ucbatından yaranmış narazılığı və anlaşılmazlıqdan doğan qınağı dövlətə yönəltmiş olurlar!

 

Qəsdən, ya bilməzlikdən - söyləmək çətindir!

 

Dövlət şəhid balasını, qazi övladını, əsgər və zabitlərini həmişə hörmətli tutub, qayğısına qalıb, problemlərini həll etməyə çalışıb və edib!

 

Dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə şəhid ailələrində, hospitallarda olub, şəhid ailələri və qazilərin qayğıları ilə maraqlanıb, dəstək və kömək göstəriblər!

 

Azərbaycanda müalicəsi çətin olan yaralı əsgər və zabitlər qardaş Türkiyəyə göndərilərək sağlamlıqları bərpa olunub, ehtiyac duyulanlar ən müasir protezlərlə təmin edilib, adaptasiya prosesindən keçiblər.

 

Şəhid ailələrinə, qazilərə yeni mənzillər verilib, evlər tikilib, yaxud evləri təmir edilib, pulsuz minik maşınları ilə təmin olunub.

 

Xeyli müharibə iştirakçısı, qazi işlə təmin olunub, onlara müvafiq qaydada pensiya kəsilib.

 

Sözün həqiqi mənasında, nə şəhid ailəsi, nə qazi, nə də köməyə ehtiyac duyan müharibə iştirakçısı yalqız qalıb, dövlətin hansısa qayğısından bəhrələnib.

 

Təbiidir ki, olan yerdə nöqsan da ola bilər.

 

Lakin dövlətin bu qədər qayğısı olduğu bir zamanda kiminsə diqqətsizliyini, yaxud edilən tələbin mümkünsüzlüyünü faciəyə çevirmək, kəmhövsələlik edərək özünə əl qaldırmaq, sağlamlığına həyatına qıymaq dərəcədə doğrudur ədalətlidir?!

 

Axı biz həyatda tək yaşamırıq!

 

Axı biz həyatda təkcə özümüz üçün yaşamırıq!

 

Axı həyata bir dəfə gəlirik onu tərk edəndən sonra bir geri dönə bilmirik!

 

Mətbuat, sayt öz məsuliyyətini dərk etməlidir.

 

Sosial şəbəkə istifadəçiləri qızışdırıcı mövqedən, ara qarışdırmaqdan çəkinməlidir!

 

Çünki ortada insan həyatı var!

 

Çünki Azərbaycan xalqı dövləti qarşısında müəyyən xidməti olan insan arzuedilməz addım ata bilər!

 

Gəlin, alışan qəzəblərə su səpək!

 

Gəlin, insanlara çətin anlarında dayaq durmağı bacaraq!

 

Gəlin, ədalətli məsuliyyətli davranaq, dediklərimizin etdiklərimizin nəticəsini əvvəlcədən görək!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2022.- 19 iyul.- S.6.