İqtisadi artım tempi proqnozlaşdırılandan yüksəkdir

 

 

"İqtisadi müstəqillik əsas amillərdən biridirburada da böyük nailiyyətlər var. Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni dürüstləşmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki bəli, dünyada neftin qiyməti qalxıb, amma eyni zamanda dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir".

Bunu Prezident İlham Əliyev ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı iqtisadi sahədə aparılan islahatların 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmasına imkan verdiyini açıqlayıb. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var.

İqtisadi inkişafdan söz açan Prezident bildirib ki, həm iqtisadi artım, həm də qeyri-neft iqtisadiyyatı üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 11,5 faiz artıb.

Ekspertlər də belə mürəkkəb dövrdə Azərbaycanın iqtisadi artıma nail olduğunu və 2022-ci ilin 6 ayında bunu qoruyub saxladığını qeyd edirlər. Eyni zamanda ilin sonuna qədər artımların olacağı proqnozlaşdırılır. Qeyd edək ki, dünyada gedən siyasi proseslər fonunda neftin qiymətinin qalxması Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulandan yüksək qiymətə satılması büdcəyə daxilolmaları artırıb. Bununla yanaşı, qeyri-neft sektorundan da gələn gəlirlərin artması büdcəyə yenidən baxılmasına, müəyyən sahələrə ayrılan vəsaitlərin həcminin artırılmasına imkan verib.

 

 

 

İqtisadi artımda qeyri-neft sektorunun payı çoxalır

 

 

Vüqar Bayramov Nazirlər Kabinetinə - Müraciət Etdi - FED.azMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, 2022-ci ilin birinci yarısının yekunları Azərbaycanın  iqtisadi inkişafla bağlı hədəflərə  nail olduğunu göstərir. Deputatın sözlərinə görə,  Azərbaycanda iqtisadi artım tempi proznozlaşdırılandan daha yüksəkdir. Həm regionda, həm də qlobal olaraq iqtisadi inkişafla bağlı çətinliklər var. Dünya iqtisadiyyatında artım proqnozu 4,1 faizdən 2,9 faizə qədər enib. Avropa İttifaqında 2022-ci il üçün artım proqnozuna baxılaraq 4 faizdən 2,8 faizə qədər azaldılıb. Bütün bunların kontekstində Azərbaycan 2022-ci ilin birinci yarısında iqtisadi artım tempini qoruyub saxlamaqla yanaşı, həm də sürətli iqtisadi artıma nail olub.

Vüqar Bayramov deyir ki, Azərbaycan iqtisadiyyatındakı artımda qeyri-neft sektorunun payı kifayət qədər cəlbedicidir. Ümumi iqtisadiyyatda 6,2 faiz, qeyri-neft sektorunda isə 9,6 faiz artım müşahidə olunub. Eləcə də qeyri-neft sənayesində 11 faizdən çox artım var. Bu da nəticə etibarilə qeyri-neft sektorunun həm sənaye, həm də ümumi sektor baxımından iqtisadi artımda payının artması anlamına gəlir. Bu, Azərbaycanın fiskal gəlirlərində də öz əksini tapıb.

İqtisadçı bildirir ki, qeyri-neft sektorundan proznozlaşdırılandan 2 milyard manat daha çox vəsaitin dövlət büdcəsinə cəlb edilməsi mümkün olub. Həm iqtisadi, həm maliyyə, həm fiskal, həm də  digər sektorlar üzrə proqnozlar yerinə yetirilib.

 

 

 

İqtisadi islahatların dərinləşməsi hədəf olaraq qalır

 

 

Deputat hədəflərin proznozlaşdırılandan yüksək faizlə reallaşdığını vurğulayır ki, bu da ilin ikinci yarısı üçün iqtisadi artım baxımından yeni imkanlar deməkdir. Onun sözlərinə görə, 2022-ci il üçün əsas hədəf iqtisadi artım tempinin qorunub saxlanması idi. Bütün bunların fonunda Azərbaycan sürətli iqtisadi artıma malik olan ölkələrdəndir. Əməkhaqqı və pensiya artımları növbəti ilin əvvəllərində indeksasiya faizinin yüksəlməsinə gətirib çıxaracaq. İqtisadiyyatda əldə edilən hədəflər və uğurlar sosial təminatla bağlı daha çox layihələrin reallaşdırılmasına, bu istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Çünki dürüstləşmədən sonra dövlət büdcəsinin xərclərində 3 milyard manata yaxın artım qeydə alındı. Həmin artımın strukturunda həm sosial məsələlər, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin həcminə yenidən baxılmasına xüsusi diqqət çəkdi.

Vüqar Bayramov deyir ki, sosial xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 46,5 faizini təşkil edəcək. Bu istiqamətə 14 milyard manatdan artıq vəsaitin ayrılması mümkün olacaq. Bütün bunlar isə növbəti 6 ayda iqtisadi artım tempinin qorunub saxlanması ilə yanaşı, sosial təminatın gücləndirilməsi ilə bağlı fəaliyyətlərin daha da genişləndirilməsinin müşahidə olunacağından xəbər verir. Növbəti dövr üçüniqtisadi islahatların dərinləşməsi hədəf olaraq qalmaqdadır.

 

 

 

6 aylıq makroiqtisadi göstəricilər qənaətbəxşdir

 

 

 

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, yarım ildə ümumi daxili məhsul (ÜDM) təxminən 7 faizə qədər artıb. Eyni zamanda qeyri-neft sektorunda 10 faizdən artıq artım qeydə alınıb. Bu artımın sənaye üzrə göstəricisi 4 faiz, qeyri-neft sənayesi istehsalında isə 18 faizdir.

Ekspert vurğulayır ki, hazırda bu göstəricilər qənaətbəxşdir: "Cənab Prezidentin söylədiyi statistikada, həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF) nəinki bu il,  hətta 2027-ci ilə qədərki dövrü əhatə edən proqnozlarında Azərbaycanda ÜDM-in səviyyəsinin hər il artacağı göstərilib. Sadəcə olaraq, burada mənfi situasiya xarici investisiya həcmlərinin azalması ilə bağlı məqamdır".

Eldəniz Əmirov deyir ki,  BVF xarici investisiyanın bu il 3,4 faiz,  2027-ci ilə qədər isə 2,2 faizə qədər enməsini proqnozlaşdırır. Digər bir məsələ xarici dövlət borcumuzla bağlıdır. Bundan əvvəlki müşavirədə Prezident xarici dövlət borcunun ÜDM-ə nisbətdə təxminən 10 faizə qədər salınması ilə bağlı  göstəriş vermişdi. Həmin vaxt bu göstərici 13,9 faizlik  həcmdə idi. Hazırda 10 faizə qədər enmə müşahidə edilir. Bu, kifayət qədər uğurlu göstəricidir və bunu müəyyən qədər də aşağı salmaq ehtimalı var. Ekspert hesab edir ki, hazırkı göstərici yaxşıdır, bunun daha aşağı salınması isə yaxşı dividend verər. Onun sözlərinə görə, iqtisadi cəhətdən kiməsə borclu olmaq siyasi müstəqilliyə təsir edən amildir. Buna görə də iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasını təşkil edir. Bu baxımdan xarici dövlət borcunun azalması müsbət haldır.

Dünyanın ən inkişaf etmiş dövlətlərinin belə kifayət qədər xarici dövlət borcları var. Xarici dövlət borcunun olması və ölkə iqtisadiyyatının vəziyyəti birbaşa əlaqəli deyil. Məsələn, ABŞ, Yaponiyanın xarici borcu ÜDM-ə nisbətdə daha yuxarı səviyyədədir, amma göründüyü kimi, bu, ölkələrin iqtisadiyyatından asılı deyil. Sadəcə olaraq, xarici borcun olduğu təşkilat, ölkə, maliyyə qurumu borcdan dolayı müəyyən siyasi təsir manevrləri etməyə çalışırsa, onda bu istiqamətdə olan borcların bağlanması zəruridir.

 

 

 

İqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır

 

 

Deyilənlər bir daha göstərir ki, Azərbaycan belə çətin dövrdə iqtisadi inkişafını təmin edə bilib. Bununla yanaşı, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin bərpasını heç bir xarici ölkədən dəstək almadan təkbaşına həyata keçirir. Bu istiqamətdə işlərini sürətlə davam etdirir.

Beynəlxalq qurumlar dünya iqtisadiyyatında böhranların qaçılmaz olduğunu bildirirlər. Bu vəziyyətə isə bütün dövlətlər kimi biz də hazır olmalıyıq. Prezidentinqeyd etdiyi kimi, Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq var. Biz öz hesabımıza yaşayırıq. Görülən bütün işləri özümüz edirik. Bu da bizim iqtisadi asılılığımızı azaldır. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 19 iyul.- S.6.