Sosial müdafiəyə
ehtiyacı olan bir nəfər
də dövlətin himayəsindən kənarda qalmır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 15-də, cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə siyasi, iqtisadi, hərbi sahələrdə olan vəziyyəti ətraflı təhlil etmiş, müvafiq dövlət qurumlarına lazımi tapşırıqlarını vermişdir. Müşavirədə xüsusi diqqət ayrılan məsələlərdən biri də sosial sahə olmuşdur.
Ümumiyyətlə, sosial sahədə aparılan islahatlar davamlı xarakter alıb. Əhalinin sosial müdafiəsini gücləndirməyi hədəfləyən üçüncü sosial islahat paketinin qəbul olunması bunun növbəti təsdiqidir. Həmin sənədin icrasından 3 milyon 400 min vətəndaş faydalanıb. O cümlədən 1 milyon 200 min şəxsin əməkhaqqına 1 milyard 100 milyon manat əlavə vəsait ayrılıb. Bununla minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artıb. Sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşı əhatə edib və minimum pensiya 240 manata yüksəlib. Görülən tədbirlər sayəsində orta pensiya 364, yaşa görə pensiya 395 manata çatıb. Paralel olaraq sosial müavinətlər 34, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb.
Məlum olduğu kimi, bundan əvvəl də iki sosial islahat paketi çərçivəsində ciddi addımlar atılmışdır. Ümumiyyətlə, son 4 il ərzində icra olunan 3 sosial paketdən 4 milyon vətəndaş yararlanmışdır. Azərbaycan vətəndaşının minimum əməkhaqqı 3-4 il ərzində 300 manata çatmış, əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsündə ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artmışdır.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğıkeşlik və verilən maddi dəstək də Azərbaycan dövlətinin sosial siyasətinin göstəricisidir. Prezident İlham Əliyev bu barədə demişdir: "Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək".
Sitata əlavə edək ki, cari ildə bu kateqoriyadan olan 600 şəxsə mənzil təqdim olunub, planda isə 1500 mənzilin verilməsi nəzərdə tutulub. Növbəti iki ayda da 500 mənzil və fərdi evin verilməsi proqnozlaşdırılıb. Bununla cari ildə dövlət başçısının tapşırığına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı yekunlaşacaq.
Bunlardan əlavə, postmüharibə dövründə sözügedən kateqoriyadan olan 100 min unikal fərdə 193 min xidmət göstərilib. Həmin xidmətlərin əsas istiqaməti müxtəlif sosial ödənişlərin verilməsidir. Yeri gəlmişkən, qeyd edək ki, ötən il sosial müavinət məbləği 60, cari ildə isə təqaüdlər 60 faiz artırılıb.
Müharibə əlillərinin normal həyata qayıdışı da diqqət mərkəzindədir. Bu məqsədlə 11 min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara bu dövrdə 21 min reabilitasiya vasitəsi təqdim edilib. Ümumiyyətlə, indiyədək 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Bundan əvvəl isə həmin kareqoriyadan olan 130 nəfər belə protezlərlə təmin edilmişdir.
Şəhid ailələrinin və qazilərin məşğulluğunun təmin edilməsinə də diqqət çoxdur. İndiyəcən həmin kateqoriyadan olan 8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Həmin şəxslər kiçik ailə təsərrüfatları quraraq özlərinə gəlir mənbəyi əldə ediblər. Bununla yanaşı, 4500 müharibə əlili və veteranı münasib işlə təmin olunub.
Rüstəm
KAMAL,
Azərbaycan.-2022.- 19 iyul.- S.6.