Qalib Azərbaycandır!

 

 

Kəlbəcər zirvədir, ucalıqdır... Minillik, milyon illik qədim tarixə gedən yoldur... Babalarımız at belində keçib, igidlərimiz qılınclarının ucu ilə salıblar bu yolu. Kəlbəcər babalarımızın qədim tariximizin daş kitabələrinin yaddaşa yazdıqları saxlanc yeridir. Hər qarışı tarixdir bu yurdun.

Qədim abidələr diyarıdır. Təəssüflər olsun ki, erməni vandalları 1993-cü ildə Kəlbəcəri işğal etdikdən sonra buradakı mədəni abidələrimizin əksəriyyətini dağıdıb izini silməyə çalışmışlar. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı...

Ermənilər Qarabağda işğal etdikləri ərazilərdə təkcə tarixi abidələri deyil, gözlərinə görünən varsa dağıdıb məhv edib, xarabazarlığa çeviriblər. Bircə istisna var idi. Düşmən Ermənistanı Qarabağla birləşdirmək, Kəlbəcər digər ərazilərimizdə məskunlaşmaq üçün qədim Göyçə mahalının Basarkeçər (ermənilər "Vardanes" adlandırırlar) rayonundan Kəlbəcərə yol çəkmişdilər. Ermənilər bu yolla həm təbii sərvətlərimizi, oğurladıqları, söküb dağıtdıqları evlərin əşyalarını daşıyırdılar, həm bir gün qaçacaqlarını bildikləri üçün Laçın dəhlizindən başqa, alternativ yola sahib olmaq idi niyyətləri.

 

 

 

Ömər aşırımından keçən yol

 

 

Ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin namərd hücumlarının qarşısını almaq məqsədi ilə əks-hücum əməliyyatına Kəlbəcərdə - Murovdağdan, Ömər aşırımından başladı. Müharibənin ilk günlərindən əsgərlərimiz düşmənə sarsıdıcı zərbə vurub Murovdağ zirvəsində illərlə məskən salıb istehkamlar tikdikləri strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edib Basarkeçərdən çəkilən yolu nəzarətə götürdülər.

Təsadüfü deyil ki, Müzəffər Ali Baş  Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva Kəlbəcər Laçın rayonlarına 2021-ci il avqustun 16-da ilk səfərləri zamanı yollarını rəşadətli Ordumuzun, qəhrəman əsgərlərimizin iz salıb qan tökdükləri Ömər aşırımından salıb Kəlbəcərin füsunkar mənzərəsini seyr etdilər.

Prezident İlham Əliyev bu zaman demişdi: "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik bu gözəl mənzərələr göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm.

Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir.

Qarabağ Şərqi Zəngəzur Azərbaycandır!"

 

 

 

Kəlbəcərə ilk səfər yol salmaqla başladı

 

 

Yol salmaq, su çəkmək həmişə xeyirxahlıq sayılıb. İnsanlar bir yola çıxanda "Yolun uğurlu olsun", "Çıxdığın yol uğur gətirsin" kimi dualar edib ağsaqqallarımız, ağbirçəklərimiz. Ulu əcdadlarımızın at belində keçib getdikləri, iz saldıqları o sıldırım, keçilməz qayalıqlardan o torpaqlara müasir standartlara uyğun mühüm strateji əhəmiyyətə malik yol salınmaqla başlandı ilk səfər. Dövlət başçısı birinci xanım səfərləri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər.

Xatırladaq ki, Göygöl Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Prezidentin tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.

 

 

 

Qaranlıqdan aydınlığa

 

 

Artıq Qarabağda quruculuq-bərpa işləri sürətlə gedir. İnfrastruktur  yenidən bərpa edilir. Ermənilər Qarabağa, Kəlbəcərə gələndən o yerlər qaranlığa qərq olmuşdu. Niyyəti, məqsədi, əməli qara olan ermənilər Qarabağın işığını da kəsmişdilər. Öncə işğaldan azad olunmuş torpaqlara işıq çəkildi... Ermənilər o yerlərin sahibi olmadıqlarını yaxşı bilirdilər. Əgər belə olmasaydı, ən azından Ermənistana rəhbərlik edən şəxslər bircə dəfə olsun Kəlbəcərə, Cəbrayıla, Füzuliyə, Zəngilana səfər edərdilər. Bir plan qurub hər hansı bir layihəni gerçəkləşdirməyə çalışardılar. Etmədilər! Sahiblik hissi olmadığı üçün etmirdilər. Amma bu gün işğaldan azad olunmuş torpaqlarda bütün işlər Prezident İlham Əliyevin nəzarəti altında sürətlə aparılır. Torpağın əsl sahibi olduğunu qurmaqla, yaratmaqla, o torpaqlara həyat verməklə sübut edir. Ermənlərin qaranlığa qərq etdikləri Qarabağın günləri başlayıb.

 

 

 

Cənnətə dönən Qarabağ

 

 

Göygöl, Kəlbəcər Laçın rayonlarına səfər edən dövlət başçısı Göygöl rayonunda, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub. Eyni zamanda  Kəlbəcər rayonunda yeni tikilmiş "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası Laçın rayonunda 110 kV-luq "Qorçu" Elektrik Yarımstansiyasında aparılan işlərlə maraqlanıb.

Görülən işlər, planlaşdırılan layihələr deməyə əsas verir ki, yaxın zamanda Qarabağ cənnətin əsl ünvanı olacaq. Bu torpaqların təbii gözəllikləri, göz oxşayan mənzərəsi, təmiz havası, minbir dərdin dərmanı olan suları turistləri daha çox özünə çəkən məkan olacaq.

Səfər zamanı Kəbəcər şəhərinin baş planı ilə tanış olan dövlət başçısı Kəlbəcər İşğal Zəfər Muzeyləri Kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun ermənilərin dağıdaraq məhv etdikləri İstisu sanatoriyasının   təməlini qoyub. Tikilməkdə olan "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasına baş çəkərək görülən işlərlə tanış olub.

Xatırladaq ki, daha 5 yerdə kiçik su-elektirik stansiyları inşa edilməkdədir. Bu da təbii ki, su ehtiyatlarından səmərəli istifadə etməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin enerjiyə olan tələbatlarının yerli təbii resurslar hesabına ödənilməsi deməkdir.

 

 

 

Laçın yuvası

 

 

Dağların zirvəsində məskən salıb, təbii mənzərəsi, qəhrəman oğulları ilə ad çıxarmış  Laçın rayonu bundan sonra dünyada beynəlxalq hava limanı ilə   tanınacaq.

Təməli 2021-ci il avqustun 17-də Prezident İlham Əliyev Mehriban xanım Əliyeva tərəfindən qoyulan Laçın Beynəlxalq Hava Limanı azad edilən torpaqlarda inşa olunan sayca üçüncü limandır. Laçın rayonunun Ovçu kəndinin ərazisində tikilən hava limanı  Laçın şəhərindən  30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərindən  isə 60 kilometrdən bir qədər artıq məsafədə yerləşir. Eyni zamanda buradan Şuşaya  getmək üçün 70 kilometrdən çox məsafə qət etmək lazım olmayacaq. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

 Bu hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Hazırda aeroport ərazisinin hamarlaşdırılması işləri görülür. Dəniz səviyyəsindən ən hündürlükdə  yerləşən hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq. Mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.

Abadlıq-quruculuq işləri ilə yanaşı, Qarabağda müdafiə qüdrətimizi artırmaq sahəsində də təxirəsalınmaz tədbirlər görülür, yeni komando hərbi hissələri yaradılır. Ordumuzun texniki təchizatı daha da möhkəmləndirilir.

Biz ermənilərin 30 il gəldikləri yolu cəmi 44 günə qət etdik. Ermənilərin 30 il dağıdıb viran qoyduqları Qarabağı da çox qısa zamanda bərpa edib normal həyatına döndərəcəyimiz günuzaqda deyil. Qurduğu zəfər ordusu ilə Qarabağı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandanın eyni inam və qətiyyətlə azad etdiyi torpaqlarda həyatı yenidən bərpa edəcəyinə zərrə qədər də şübhə yoxdur.

 

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 19 iyul.- S.7.