"Azərxalça" ASC-də ilk dəfə ipək xalçalar toxunur

 

Azərbaycan xalqının tarixi, milli-mənəvi yaddaşı həm də onun xalçalarında yaşayır.  Hər xalçaçı öz duyğularını, düşüncələrini, arzularını, xəyallarını ilmə-ilmə toxuyur. Ancaq hər bir xalça yalnız onu toxuyanın daxili aləmini əks etdirmir, eyni zamanda ustalarından öyrənib mənimsədiyi, nəsildən-nəslə keçən ənənələri yaşadır və inkişaf etdirir. "Azərxalça" ASC-nin İsmayıllı filialında olarkən bir daha buna əmin olduq.

"Azərxalça" ASC-nin iyulun 16-da İsmayıllı filialına təşkil etdiyi mediaturda iştirakçılar yeniliklərlə tanış oldular, xalça istehsalı prosesini izlədilər. Yeniliklərdən biri budur ki, "Azərxalça" ASC ilk dəfə olaraq ipək xalçalar toxumağa başlayıb. "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva ipək xalçaların boyanması və hazırlanması prosesinin bütövlükdə Azərbaycanda təşkil edildiyini diqqətə çatdırıb: "Biz ipək sapları "Azəripək"dən əldə edirik, onların təbii boyalarla boyanması isə "Azərxalça" ASC-nin müəssisələrində baş verir".

Qeyd edildi ki, ipək xalçalar hazırda 5 emalatxanada toxunulur və yaxın zamanlarda bu növ xalçaların digər filiallarda da toxunması təşkil ediləcək. Yerlixarici alıcıların istəklərini nəzərə alaraq istehsalatın həcminin artırılması da nəzərdə tutulub.

Məlumat verilib ki, ipək xalçalar xarici turistlərin və yerli alıcıların istəyi nəzərə alınaraq İsmayıllı, Kürdəmir, Nardaran, Qəbələ və Bakıda toxunur. Bunun üçün xammal "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azəripək" MMC-dən əldə olunur. İstehsal zamanı xüsusi üsullardan və təbii boyalardan istifadə edilir.

"Azərxalça" ASC-nin mətbuat katibi Azərbaycan xalçalarını beynəlxalq arenada tanıtmaq məqsədilə satış nöqtələrinin sayının artırıldığını açıqlayıb. Bu yaxınlarda Bruneydə məşhur ticarət mərkəzlərindən birində bir satış nöqtəsi açıldığını, Avstraliyada isə onlayn satışın fəaliyyətə başladığını qeyd edib. Ölkəmizdə isə İçərişəhərdə "Azərxalça" ASC-nin nümayiş və satış məntəqəsi var ki, alıcılar geniş çeşidlə tanış ola bilərlər.

Emalatxananın direktoru Dilşad Hüseynova hazırda müəssisədə ilk olaraq 55x55 və 55x60 ölçülərində iki xalça toxunduğunu nəzərə çatdırıb. Emalatxanada ən çox Şirvan bölgəsinin çeşniləri əsasında xalçalar toxunduğunu, lakin 44 günlük müharibədə qazandığımız qələbədən sonra Qarabağ xalçalarına da üstünlük verildiyini qeyd edib.

"Azərxalça" ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev ipək xalçaların toxunma prosesindən söz açaraq, texnologiya eyni olsa da ipək xalçanın ərsəyə gəlməsinin fərqli olduğunu diqqətə çatdırıb. O, yun xalçadan fərqli olaraq ipək saplarla toxunan xalçalara sərf olunan əməyin zaman etibarilə daha çox olduğunu vurğulayıb. Bildirib ki, xammalın sürüşkən olması və kəsik sıxlığı böyükdür ki, bu da tez-tez alətlərin itilənməsini tələb edir. Xammalın maliyyə dəyərinin fərqli olması satış qiymətinə təsir edir.

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 19 iyul.- S.9.