Ermənistan yeni reallıqlarla barışmalıdır

 

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, biri-birlərinin ərazi bütövlüyünü tanımaqla tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması hazırda Cənubi Qafqazda sabitlikregional inkişaf üçün əsas şərtlərdən biridir.

Elə bu səbəbdən də Azərbaycanın yürütdüyü siyasətin mərkəzində sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa başlanılması dayanır.

Bu durumda erməni cəmiyyəti sülhə qarşı olanrevanşist mövqe sərgiləyən qüvvələrin onları məhvə apardığını yaxşı görür. Belə vəziyyətdə Nikol Paşinyan iqtidarı revanşist qüvvələrdən çəkinməyərək, siyasi iradə nümayiş etdirərək Azərbaycanla sərhədlərin müəyyən edilməsi, Zəngəzur dəhlizi də daxil olmaqla digər kommunikasiya əlaqələrinin açılması, sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atmalı, Azərbaycanın bu xüsusda təşəbbüslərinə müsbət cavab verməlidir. Bir ölkə kimi Ermənistanın gələcəyi bunlardan asılıdır.

O da aydındır ki, üçtərəfli bəyannamələrə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə qarşıdakı dövrdə Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Hazırda Ermənistanı tərk edənlərin sayı sürətlə artmaqda davam edir. Görülən bütün tədbirlərə baxmayaraq, bu ölkədə əhalinin sayı sürətlə azalır, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.

Bir sözlə, Ermənistandakı durum onu deməyə əsas verir ki, hazırda məğlub ölkə acınacaqlı durumdadır. İllərdir iqtisadi cəhətdən tənəzzülə uğrayan Ermənistan müharibədə ordusunun da darmadağın olması ilə çöküb. Amma bundan dərs götürməyən ölkədəki revanşistlər Azərbaycana "hədə-qorxu" gələrək Qarabağda təxribatlar törədəcəkləri ilə bağlı sərsəm fikirlər səsləndirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır: "10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik".

Azərbaycan postmüharibə dövründə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanda baş qaldıran istənilən revanşist qüvvəyə ən sərt şəkildə cavab veriləcək. Ölkəmizə qarşı təxribat və savaşın nə ilə nəticələndiyini Ermənistan əhalisi 44 günlük müharibədən yaxşı bilir. Bu müharibə bir daha göstərir ki, Ermənistanda istənilən qüvvənin revanşizm cəhdi iflasa məhkumdur. Belə cəhdlər baş verəcəyi halda Azərbaycan tərəfindən dərhal məhv ediləcək. Bu səbəbdən Ermənistan öhdəliklərini yerinə yetirməli, reallıqlarla barışmalıdır.

10 noyabr Bəyannaməsinin 4-cü bəndində deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır". Bu bəndin bir hissəsi icra olundu. Rusiya sülhməramlıları gəldi. Amma erməni silahlı birləşmələri çıxarılmadı. Bu isə 10 noyabr Bəyannaməsinə zidd bir addımdır.

Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmayacağı təqdirdə bir neçə variant nəzərdən keçirilə bilər. Belə vəziyyətdə Azərbaycanın atdığı addımlar tamamilə beynəlxalq hüquq normalarına uyğun olacaq. Bununla bağlı bütün məsuliyyət isə Ermənistan üzərinə düşmüş olacaq. Nə qədər ki, həmin an yetişməyib, Ermənistan sənədin 4-cü bəndinə əməl etməlidir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 19 iyul.- S.12.