Ötən altı ay ərzində 3 ton 418 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

 

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 5 min 778 cinayət faktı aşkarlanıb

 

 

Bakı, 18 iyul, AZƏRTAC

 

Bu ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 778 cinayət faktı aşkarlanıb. Onlardan 2053-ü narkotik vasitələrin qanunsuz satışı, 3463-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 206-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 418 kiloqram 320,92 qram və 24 min 650 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 497 kiloqram 266,592 qramını heroin, 1 ton 028 kiloqram 428 min 674 qramını marixuana, 198 kiloqram 89 min 61 qramını tiryək, 20 kiloqram 547 min 544 qramını həşiş, 199 qramını kokain, 115 kiloqram 821 min 557 qramını digər narkotik vasitələr və 557 kiloqram 968 min 492 qram psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövrdə 1 kiloqram 485,4 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 qram zəhərli maddə, 56 min 958 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4091 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaşondan yuxarı isə 3068 nəfər təşkil edir. Həmin şəxslərdən 3980-i kişi, 111-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 54 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 54 xarici ölkə vətəndaşından 22-si İran, 7-si Gürcüstan, 8-i Türkiyə, 1-i Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 1-i Ukrayna və 13-ü Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 936 kiloqram 422 min 285 qram və 4078 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16 min 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Cari ilin altı ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 134 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 704 kiloqram 776,032 qram və 2048 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkarlanmış cinayətlərin 166-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 073 kiloqram 648,3 qram və 7558 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. 1461 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 365 kiloqram 983,5 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 486 min 707 hektar sahədən çəkisi 115 ton 570 kiloqram olan 244 min 445 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə bu il mayın 5-6-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 1647, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 560, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1072, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 15 fakt, qaçaqmalçılıq faktlarının sayı 27 fakt artıb, bu kateqoriyadan olan digər cinayətlərin sayı sabit qalıb.

Həmçinin qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 48 kiloqram 275 min 552 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1739 nəfər, qadınların sayı isə 43 nəfər artıb, qrup halında törədilmiş cinayətlərin sayı isə 15 fakt azalıb.

Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 min 576 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1694 nəfərindən 1224-nün istifadəçi olması müəyyən olunubbununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hesabat dövründə 2947 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 942 xəstə müalicə alır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il dekabrın 31-nə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfər təşkil edib. Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.

Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 7056 nəfər təşkil edir. Eyni zamanda, istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 2700 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 4662 nəfərdir.

Azərbaycanda 44 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub. Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi olmaqla 9806 nəfər qeydiyyata götürülüb. İİV-ə yoluxanların 6998-i kişi, 2808-i qadındır. Onlardan 3531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2482 nəfəri hazırda dispanser qeydiyyatındadır.

2022-ci ilin altı ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 339 pasiyentdən 31 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin iyunun 31-nə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6755 nəfər təşkil edib ki, onların da 2301 nəfəri inyeksion narkotik istifadəçisidir.

Cari ilin yanvar-iyun aylarında 802 - qaynar xətt telefon zəng xidmətinə 1003 vətəndaş müraciəti daxil olub. Onların 122-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 414-nü narkotik asılılıqdan müalicə, 467-ni isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlars.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 536 məktub ünvanlanıb.

Belə ki, 802 - qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

 

Azərbaycan.-2022.- 19 iyul.- S.9.