Avropanı
Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etmək
mümkün deyil
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Avropa
Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid
MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Sabahınız xeyir. Yadımdadır, sonuncu görüşümüz beş il əvvəl olmuşdur.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin
sədri Devid MakAlister:
- Həmin il
İslam Həmrəyliyi
Oyunları keçirilirdi.
Prezident
İlham Əliyev: Bəli, 2017-ci il
idi. Çox vaxt keçib.
Uzun müddət idi ki, Avropa Parlamentindən
nümayəndə heyəti
gəlmirdi. Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlmişdi. Səmimi
desək, mən Azərbaycana səfərinizi
planlaşdırdığınızı
eşidəndə, hətta
bir az
təəccübləndim. Ola
bilsin, səbəb sizə məlumdur. Əməkdaşlığın inkişafı ilə
bağlı geniş şəkildə müzakirə
etdiyimiz görüş
yadımdadır. Lakin, əfsuslar
olsun ki, bu, baş tutmadı.
Səbəb bizimlə yox,
Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni
tamamilə əsassız
hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi
və yalan məlumatlar yayıldı.
Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını
da yaddan çıxarmışam. Ola
bilsin, 10-dan artıq qətnamədən söhbət
gedir. Xüsusən də Vətən
müharibəsindən sonra
bir qətnamə qəbul edilmişdir.
Bu, ayrıca narahatlıq
doğurur, çünki
həmin qətnamədə
Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad
edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən
ilyarım sonrakı vaxta təsadüf edir.
Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri,
siyasətçilər, Avropanın
bəzi ölkələrinin
parlament sədrləri,
jurnalistlər tərəfindən
çoxsaylı səfərlər
olub. Onların hamısı Azərbaycanın
mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı
erməni mədəni
irsinin dağıdılmasını
görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda,
həm də Qarabağda mühafizə
olunur. Bununla belə, işğal
zamanı 67 məsciddən
65-i Ermənistan tərəfindən
dağıdılmışdır. Bu barədə heç
bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz
və inək saxlayırdılar, şəhərlərimizi
və kəndlərimizi
yerlə-yeksan ediblər.
Hazırda biz səfərlər təşkil
edirik və Azərbaycanın hər bir vətəndaşı
Şuşanı, Füzulini
və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni
vandalizminin, barbarlığının
miqyasını görə
bilər. Belə
şəraitdə Azərbaycanı
heç vaxt etmədiyimiz məsələlərdə
ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə
törətdiyinə göz
yuman birtərəfli
qətnamənin qəbul
edilməsi tamamilə
qəbulolunmazdır. Əfsuslar
olsun, bu, baş verdi.
Bilirəm ki, nümayəndə
heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən
addımdır. Birincisi, bu,
yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır.
İkincisi, bu, o qədər
böyük əhəmiyyət
kəsb etmir. Çünki siz yəqin
bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin
yaxşı tarixi var və xüsusilə
hazırda əlaqələr
çox uğurla inkişaf edir.
Siz Avropa Komissiyasının Prezidenti
xanım Ursula Fon der Lyayenin dünənki
səfəri haqqında
yəqin məlumatlısınız. Bizim çox
yaxşı müzakirələrimiz
oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin
əhəmiyyətini bir
daha vurğulayır.
Eyni zamanda, Avropa İttifaqı Şurasının
Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması
prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin
və özünün
iştirakı ilə
üç üçtərəfli
görüşə ev sahibliyi edib. Beləliklə, bu, çox
müsbət kontekstdir.
Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini
başa düşə
bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə
Azərbaycana qarşı
daha çox aqressivdir. Bəzən
elə gəlir ki, bu qətnamələri
Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində
müəyyən təsiri
var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən
məhz bunu nəzərdə tuturdum.
Cənab
MakAlister, sizi görməyə çox
şadam. Mən bizim görüşümüzü
xatırlayıram. Bilirəm ki,
siz bu qətnamənin
lehinə səs verməmisiniz. Lakin əfsuslar
olsun ki, bir çox Avropa parlamentariləri heç bir əsas olmadan bizi hücuma məruz qoyublar. Beləliklə, vəziyyət belədir.
Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi
bilirsiniz. Mənim mövqeyim
2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib.
Biz Avropa ilə
yaxın münasibətlər
qurmaq istəyirik və bizim bütün
etdiklərimiz, o cümlədən
indicə qeyd etdiyim əməkdaşlığın
nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir.
Lakin Avropa Parlamenti belə bir yol
seçməyi düşünürsə,
bu, onların seçimidir. Amma onlar
parlamentin bəzi üzvlərinin cəhdlərinə
baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını
bilməlidirlər.
Yəqin ki, bu, mənim
giriş nitqimin sonu olacaq. Düşünürəm ki, bu, zəruridir.
Çünki mən səfərinizin
indi - bu səhər başladığını
bilirəm və özümü sanki heç nə baş verməyib kimi aparmaq istəmirəm.
Baş verib, çox ciddi və bizi
narahat edən məsələ baş verib. Buna görə
də mən sizi özümün və Azərbaycan xalqının mütləq
əksəriyyətinin baxışları
haqqında məlumatlandırmağı
qərara aldım.
Onlar torpaqlarımızı özümüzün
azad etməyimizdən,
cəsur əsgərlərimizdən,
Vətən uğrunda
canından keçənlərdən,
azərbaycanlı olmaqdan,
işğala son qoyan,
ədaləti, milli ləyaqətini bərpa edən və indi uğurla inkişaf edən xalqın nümayəndələri
olmaqdan qürur hissi keçirirlər.
x x x
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin
sədri Devid MakAlister:
- Cənab Prezident. Bizi qəbul etdiyiniz üçün təşəkkür
edirəm. Bu, bizim üçün böyük şərəfdir.
Söhbətimizin əvvəlində səmimi sözlərinizə
görə də təşəkkür edirəm.
Bizim nümayəndə heyətinə
parlamentin altı üzvü daxildir. Cənubi Qafqaza səfərimiz bütün həftə boyu davam edəcək.
Azərbaycana səfərdən sonra biz Gürcüstana, daha sonra isə
Ermənistana səfər
edəcəyik.
Cənab
Prezident, Avropa Parlamentindən olan həmkarlarımı Sizə
təqdim etmək istəyirəm. Avropanın Mühafizəkarlar və İslahatçılar
Qrupundan olan xanım Assita Kankodur. Həmçinin Yaşıllar Qrupunu
təmsil edən Viola
Fon Kramon var. Masanın digər tərəfində Sosialist
və Demokratların Proqressiv İttifaqının
üzvü cənab
Sven Mikser, masanın sonunda Demokratlar Qrupunun nümayəndəsi
cənab Mariani əyləşib. Bu isə
ölkənizdə Avropa
İttifaqını təmsil
edən, Sizin
tanıdığınız səfir Piter Mixalkodur.
Buraya gəlişimiz bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bu münasibətlər hazırkı tarixi dəyişiklik dönəmində özünü daha aşkar şəkildə büruzə verir.
Cənab
Prezident, fürsətdən istifadə edərək dünən
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin
ölkənizə səfəri ilə bağlı təəssüratlarınızı
öyrənmək istərdik.
x x x
Dövlətimizin başçısı Avropa İttifaqı Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfərinin əhəmiyyətinə toxundu və səfərin nəticələrini müsbət qiymətləndirdi. Prezident İlham Əliyev səfər əsnasında Ursula Fon der Lyayen ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğuladı.
Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlar prosesinə toxundu və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini qonaqların diqqətinə çatdırdı.
Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan
arasında əlaqələrin bütün
sahələrdə uğurla inkişaf etdiyi və bu xüsusda Avropa İttifaqının bütün
institutları ilə qarşılıqlı anlaşma
şəraitində əməkdaşlığın
genişləndirilməsinin vacibliyi
vurğulandı.
Azərbaycan.-2022.- 20 iyul.- S.2.