Müstəqil siyasətin
yaratdığı reallıq
Azərbaycanla Avropa
İttifaqının strateji tərəfdaşlığında
yeni mühüm mərhələ
başlayır
Son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdiyi, əməkdaşlığın genişləndiyi müxtəlif sahələrdə özünü göstərməkdə davam edir. Aİ həm də Azərbaycanın əsas ticari tərəfdaşıdır.
Həmçinin qlobal siyasi arenada gedən proseslər fonunda Avropa İttifaqı ölkələrinin enerjiyə ehtiyacı Azərbaycanla əlaqələrdə yeni mərhələyə keçidi təmin edib. Belə ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Azərbaycanın alternativ enerji potensialı Aİ tərəfindən yüksək qiymətləndirilir.
İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" da bunun əyani sübutudur. Təbii ki, əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Demək olar ki, bütün sahələrdə əlaqələr yüksələn xətlə davam edir və daha da genişləndirilir.
Ölkəmiz Avropa İttifaqının iqtisadi tərəfdaşıdır
Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında keçirilən görüşdə də Aİ ilə Azərbaycan arasındakı əlaqələrə toxunulub. Geniş tərkibdə keçirilən görüşdə İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf etdiyini qeyd edib.
Dövlət başçısı siyasi münasibətlərin inkişafı baxımından da yaxşı nailiyyətlərin qazandığını bildirib: "Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetimizə açıqlamasında deyib ki, dünyada baş verən proseslər fonunda Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti arasında görüşün keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, burada əsas məqam görüşün təşkil edilməsində birmənalı olaraq Avropa İttifaqının öz marağının olmasıdır, çünki Aİ bu gün həm alternativ enerji ilə bağlı, həm də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra etibarlı tərəfdaş axtarışındadır. Avropa Komissiyasının Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olaraq daim özünü müsbət tərəfdən göstərib. Azərbaycanla - sözünün üstündə duran dövlətlə işləmək mühüm əhəmiyyət kəsb edir. Bunu Aİ-nin rəhbərliyi də dəfələrlə qeyd edib.
Arzu Nağıyev deyir ki, görüşdə əsas məqam istər qaz, istər bərpaolunan enerji sahəsində enerji təhlükəsizliyinin təhdidinin qarşısının alınmasında Azərbaycanın iştirakı ilə bağlı olub: "Cənab Prezident də bildirdi ki, bu proseslər getməklə bərabər, Azərbaycan və Aİ-nin yaxınlaşması istiqamətində daha ciddi işlər var".
Deputat Aİ və Azərbaycanla əlaqədar dinləmələr keçiriləcəyini və burada ölkəmizlə bağlı həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə mühüm məsələlərin yer alacağını xatırladıb.
Onun fikrincə, Azərbaycan heç bir siyasi ambisiyalara yol vermədən, heç bir iqtisadi məsələləri siyasətə çevirmədən tərəfdaş kimi Avropanın yanındadır və Avropa İttifaqı ilə birlikdə tərəfdaş qismində gələcək planlarını həyata keçirməyi vacib bilir.
Deputat qeyd edir ki, memorandum hələ başlanğıcdır və gələcəkdə çox ciddi sənədlərin imzalanması gözlənilir. Bu, həm Azərbaycan, həm də Avropa üçün mühüm əhəmiyyət kəsb edir.
Enerji sahəsində əməkdaşlığın inkişafı hər iki tərəfin maraqlarına cavab verir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir oğlu qəzetimizə açıqlamasında deyib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət ortağıdır. Xüsusən, Aİ ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Deputatın fikrincə, Avropa İttifaqı üçün vahid enerji bazarının stabil şəkildə mövcud olması həmişə prioritetdir.
Elşad Mirbəşir oğlu deyir ki, Azərbaycan bütün tərəfdaşları ilə olduğu kimi, Aİ-yə münasibətdə də səmimi olub, üzərinə götürdüyü öhdəlikləri dəqiqliklə yerinə yetirib. Enerji sahəsində Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaşı hesab edir. Deputat düşünür ki, Azərbaycanla Aİ arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir: "Cənub qaz dəhlizi" işə düşdükdən sonra Avropanın təbii qaz bazarında Azərbaycanın təsirli rolu müəyyənləşib. "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan Avropanın cənub-şərq bölgələrindən başlayaraq gələcəkdə Mərkəzi Avropaya doğru irəliləyərək bu coğrafiyada təbii qaz təchizatının həyata keçirilməsində çox təsirli rol oynayacaq".
Onun sözlərinə görə, Avropanın neft bazarında da Azərbaycanın rolunun artması müşahidə edilir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından bu günə qədər Azərbaycanın neft strategiyası Avropa ilə əməkdaşlıq fonunda uğurla həyata keçirilməkdədir. O zaman Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, strateji baxışları sayəsində bu müqavilə imzalandı və Prezident İlham Əliyevin rəhbərliyi dövründə "Əsrin müqaviləsi" üzrə Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başladı. Xüsusilə, 2005-ci ildən Avropanın neft bazarında Azərbaycanın çəkisi artdı.
Elşad Mirbəşir oğlu hesab edir ki, Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri fonunda və Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması bu sahədə əməkdaşlığın yeni mərhələsidir. O bildirir ki, Azərbaycan milli maraqlarına uyğun olaraq həmişə beynəlxalq əməkdaşlıq platformalarında iştirak edir və təbii ki, tərəfdaşlarından da səmimi münasibət gözləyir. İqtisadi sahədə əməkdaşlığa siyasi elementlərin qatılması Azərbaycanın maraqlarına cavab vermir. Deputat Avropa İttifaqının da sırf iqtisadi-ticari xarakterli əməkdaşlıq mövqeyindən çıxış edərək gələcəkdə enerji sektorunda Azərbaycanla əlaqələrin daha da genişləndirilməsini hədəfləyəcəyinə ümid edir. O, bunun Azərbaycanın milli iqtisadiyyatı üçün əlavə və olduqca böyük resurs olduğunu vurğulayır.
İmzalanan sənədlər birgə əməkdaşlıqdan xəbər verir
Azərbaycan Prezidentinin də vurğuladığı kimi, imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bundan başqa, Avropa İttifaqı ilə yeni saziş üzərində işlər gedir. Görülən işlər, imzalanan sənədlər Aİ ilə ölkəmiz arasında ikitərəfli əlaqələrin daha da genişlənəcəyindən, bu münasibətlərin müxtəlif sahələri əhatə edəcəyindən, birgə əməkdaşlıqdan xəbər verir.
Qeyd edək ki, Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycandan Avropa İttifaqına nəql edilən qazın həcmi ikiqat artırılacaq. "Cənub qaz dəhlizi" vasitəsilə ildə nəql edilən 8 milyard kubmetr qazın həcmi isə bir neçə il ərzində 20 milyard kubmetrə çatdırılacaq. Eyni zamanda gələn ildən Avropa İttifaqı ölkələrinə Azərbaycandan 12 milyard kubmetr qaz ötürüləcək. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 20 iyul.- S.5.