Ermənilərin 83 faizi yaşayış səviyyəsindən narazıdırlar

 

Ölkə dərin siyasi-iqtisadi böhran içindədir

 

 

Müharibədəki məğlubiyyətdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hər cəhdlə uzatmağa çalışan Ermənistanın tənəzzülü bir qədər də sürətli xarakter alıb.

Ölkənin üzləşdiyi çətinliklərin miqyası davamlı şəkildə genişlənməkdədir. Bütün bunlar isə iqtidarın əhali arasında nüfuzunun daha da aşağı düşməsi ilə müşayiət olunmaqdadır.

Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində ağır bir situasiya yaranıb. Bundan xilas olmaq üçün sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olub ki, əhalinin 83 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 20 faizi ölkəni tərk etmək istədiyini bildirib.

ABŞ-ın bu ölkədəki konsulluğundan bildirilib ki, Ermənistanı tərk etmək istəyən insanların sayı dəfələrlə artıb. Konsulluğa 2022-ci ildə Ermənistanı birdəfəlik tərk edib ABŞ-da yaşamaq istəyən 117 mindən çox vətəndaş müraciət edib. Belə bir vaxtda "4rd.am" portalında yer alan xəbərdə qeyd olunur ki, Rusiyada yaşayan ermənilərin sayında daha 668 min nəfər artım müşahidə olunub. Araşdırmalar erməni əhalisinin Rusiyada artmasına səbəb kimi yüksək doğum göstəricilərinin deyil, məhz miqrasiya proseslərinin olduğunu göstərir.

Ermənistan Statistika Komitəsinin hesablamalarına əsasən, son dövrdə bahalaşma daha çox ərzaq məhsullarında qeydə alınıb. Paşinyan hakimiyyətinin isə  yaxın vaxtlarda sadalanan problemlərin öhdəsindən gələcəyinə heç bir inam yoxdur. Digər tərəfdən, bu gün Ermənistanın problemi yalnız yoxsulluq və əhalinin ölkəni tərk etməsi ilə bitmir. Hökumətin qarşısında duran əsas vəzifələrdən biri xarici borcların qaytarılmasıdır. Artıq Ermənistanın xarici borcu ümumi daxili məhsul istehsalının 70 faizinə yaxınlaşır. Ölkənin isə bu borcları qaytarmaq imkanları yoxdur.

Vəziyyətin kifayət qədər acınacaqlı olduğuna diqqət çəkən Ermənistan müxalifəti mətbuata verdiyi açıqlamalarda qeyd edir ki, ölkə yanlış siyasətin əsirinə çevrilib. Bu siyasət bir çox sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də ölkənin tənəzzülünü sürətləndirib. Qiymətlər durmadan artır, əhalinin gəlirləri inflyasiyaya adekvat deyil. Mərkəzi Bank hər vəchlə çalışır ki, dövlət büdcəsi dolsun, inflyasiya sabit qalsın. Paşinyan iqtidarı verdiyi vədlərə əməl etmir. Yarıtmaz siyasət nəticəsində isə nə büdcə dolur, nə də qiymət artımı dayanır. Əksinə, Ermənistan iqtisadiyyatı get-gedə daha iflic vəziyyətə düşür.

Bütün bunlarla yanaşı, o da qeyd olunur ki, büdcənin doldurulmasında hakimiyyət  əsas yükü kiçikorta bizneslə məşğul olanların üzərinə qoymağa çalışır. Bu sahədə fəaliyyət göstərənlərin sayı olduqca məhdud olduğuna görə onlar öz bizneslərini dayandırır, başqa əlac olmadıqda isə xarici ölkələrə köçməyə üstünlük verirlər. Beləliklə də ölkə büdcəsinin doldurulmasında ciddi problem yaşanır, eyni zamanda kiçikorta biznesin sıradan çıxması prosesi daha geniş vüsət alır.

Bu arada Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur. Lakin bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, orduda vəziyyət təsəvvür ediləndən də qat-qat acınacaqlı, ağır və ciddidir. Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fizikipsixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəziyyətdən yeganə çıxış yolunu isə onlar intiharda, özlərinə müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər.

"İravunk" qəzeti yazır ki, Ermənistandan hərbi xidmətə çağırılan zabit, Manvel adlı taqım komandiri içki məclisində Azərbaycanla sərhədin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir edib və nəticədə kütləvi dava düşüb. Nəticədə ciddi xəsarətlər alan bir neçə nəfər İrəvanda hərbi hospitala çatdırılıb. Manvelə isə həkimlər burunbir neçə qabırğa sınığı diaqnozu qoyublar.

Yuxarıda qeyd olunan problemlər onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti kifayət qədər ciddi problemlərlə üz-üzədir. Yaranmış vəziyyət isə Ermənistanın bütövlükdə ciddi siyasiiqtisadi böhrana yuvarlandığından xəbər verir.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 20 iyul.- S.5.