Zəfərə gedən yol

 

O  gün - 14 iyul 2020-ci il göy üzü tərtəmiz idi... Hava da qaralmaq bilmirdi. Günəş səmanı al-qırmızı rəngə bələmişdi. Sanki kim isə üçrəngli bayrağımızla göyləri "bəzəmişdi". Həmin gün Tovuz rayonuna növbəti dəfə təcavüz edən ermənilərlə döyüşdə xalqımızın qəhrəman oğlu, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov və  gizir Yaşar Babayev qəhrəmancasına döyüşərək şəhid olmuşdular. Bəlkə də bu, göy üzünü gözəlləşdirən qəhrəman şəhidlərin ruhu idi...

Həmin axşam Bakı küçələrində bir izdiham var idi. O gün qəhrəmanlıq tarıximizin, zəfər salnaməmizin başlanğıc günü kimi olduqca qürurverici bir tarixi ehtiva edirdi. Bu,  Qarabağda tapdanmış şərəfimizin, ləyaqətimizin geri dönüşünün şanlı başlanğıc tarixidir. O gün Vətən üçün ölümün növbəsinə durmuş oğulların, gözlərini qırpmadan "Ya azadlıq, ya ölüm", "Qarabağ Azərbaycandır!" hayqırtısı ilə düşmənin üzərinə şığımaq istəyən oğulların birlik günü idi. Bir yumruq ətrafında birləşib düşmənə öz həddini bildirməyin, yerini göstərməyin başlanma məqamı idi. 14 iyul şərəfli bir tarixin ilk sətirlərinin yazıldığı məqam idi. Burada bir qədər dayanmaq, tarix deyəndə nə anlamına gəlirik ifadəsinə aydınlıq gətirmək istəyirik. Təbii ki, ilin, ayın bütün günləri tarix deyil. Vaxtdır, zamandır. Gəldi, getdiTarix isə illərin, ayların, zamanın yaddaşına öz möhürünü vurub yaşam hüququ almış hadisə və ya hadisələrin başvermə anı, günü, ayı, ilidir

14 iyul gecəsi 27 sentyabrda açılan sabahın başlanğıc məqamı idi... O gecə əlinə bayraq götürüb küçəyə çıxanlardan bayrağa bükülü gələnlər az olmadı... Vətən sevgisi ən saf, ülvi sevgidir. Təmənnasız sevgidir. Əvəzsizdir. Vətən sevgisi özünü fəda etməyi bacarmaq deməkdir. Onlar Vətəni yaşatmaq naminə öz canlarına "yox" deməyi bacardılar. Onlar Vətənin şərəfini öz canlarından üstün tuta bildilər. Vətənə şərəf gətirdilər, qanları ilə torpağa can verdilər. Xalqımızın ən şərəfli tarixini yazıb şəhidlik zirvəsinə yüksəldilər. Layiq olduğu ucalığa yüksəlmək heç də hamıya nəsib olan xoşbəxtlik deyil. Zirvəyə ucalıb, daim ucaldığı zirvədə qalmaq isə hər kəsə qismət olmur. O, əbədiyaşarlılığı Tanrı yalnız şəhidlərə layiq bilib.

 

 

E.QƏNİYEV,

Azərbaycan.-2022.- 20 iyul.- S.8.