İlk
tankçı şəhid
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də gizir Cəlal Ağayevdir. O, 1984-cü il dekabrın 4-də Lerik rayonunun Kornədi kəndində anadan olub.
Cəlalın uşaqlıq illəri doğulduğu kənddə keçib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb və Naxçıvanda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Cəlalın arzusu hərbçi olmaq idi. Ona görə də bu istiqamətdə təhsilini davam etdirmək qərarına gəlir.
C.Ağayev Aprel döyüşlərində böyük şücaətlər göstərib. Vətən müharibəsi zamanı isə Ağdərə istiqamətində qəhrəmanlıq göstərib, çiynindən qəlpə yarası alsa da, buna əhəmiyyət verməyib, döyüşü davam etdirib.
Ömrünün 17 ilini hərbiyə həsr edən Cəlal 7 il Goranboyda olub, sonra Tərtərə ezam edilib. Bu müddət ərzində 13 fəxri fərman, Silahlı Qüvvələrimizin 90, 95, 100 illiyi ilə əlaqədar yubiley medalları və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsinə tank komandiri Cəlal Ağayev də qatılır. Sentyabrın 27-də döyüş tapşırığı alan qəhrəman gizir tankı ilə düşmən səngərini keçib, onlarca ermənini məhv edir. Həmin döyüşdə Cəlal Ağayevin tankı düşmən tərəfindən vurulur. Cəlal bu dəfə avtomatı ilə cəsarətlə döyüşür və Suqovuşanda qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Kornədi kəndinə gətirilir və torpağa tapşırılır.
O, ailəli idi, Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxlayır.
Atası Ağaverdi Ağayevin sözlərinə görə, Cəlal Aprel döyüşlərində böyük şücaətlər göstərib: "O, Vətən müharibəsi başlanan ilk gündən birinci olaraq cəbhəyə gedənlərdən idi. Cəlal mexanik vəzifəsində taqım komandirinin müavini idi. Döyüş yoldaşlarının dediyinə görə, ilk şəhidi də döyüş bölgəsindən çıxaran o olub".
Həyat yoldaşı Gülnarə Ağayeva deyir ki, şəhidimiz evdə hərbi əməliyyatlarla bağlı heç nə danışmırdı. Müharibə başlayanda da Tərtərdə məskunlaşan ailəsini heç yerə göndərməmişdi: "Axırıncı dəfə bizimlə sentyabrın 28-i danışdı. Mənə iki dəfə zəng etdi. Uşaqları soruşdu, çox narahat idi. Özüm də tez-tez onu yığmırdım. Fikri uşaqlardaydı, ancaq mənə demədi ki, hara gedim. Bilmirdim ki, mən Bakıyamı, yoxsa rayonamı gedim? Bu sualı ona verə bilmirdim. Görürdüm ki, pis olur. Sentyabrın 29-u şəhid oldu. Yaxında olsam da, ona əlim çatmadı. Ağdərə Tərtərə yaxın rayondur. Ancaq mən şəhid olsaydım, Cəlal özünü mənə çatdırardı. Mən çatdıra bilmədim..."
Cəlal
Ağayev Prezident İlham Əliyevin sərəncamlarına əsasən,
ölümündən sonra "İgidliyə görə",
"Vətən uğrunda" və "Suqovuşanın azad
olunmasına görə" medalları ilə təltif
edilib.
Elşən
YƏHYAYEV,
Azərbaycan.-2022.- 20 iyul.- S.8.