Oğulları ilə çiyin-çiyinə döyüşmüş qazi

 

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər zəfərin başlanğıc günü kimi qalacaq. Həmin gündən başlayan 44 günlük haqq savaşımız bizi böyük qələbəyə qovuşdurdu.

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmağa qərar verən və bu amalla döyüşlərə atılanlar arasında Müşfiq Orucov da var idi. O, hərbçi kimi təqaüdə çıxsa da,  Vətən müharibəsi başlayanda evdə otura bilmədi. Könüllü olaraq orduya yazıldı və hərbi təcrübəsinə arxalanaraq döyüşlərə atıldı. Tabor komandiri kimi Füzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərdi. Füzuli-Hadrut bölgələrində şərəfli döyüş yolu keçən Müşfiq Orucov oktyabr ayının 13-də Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlər zamanı agır yaralandı və hospitala yerləşdirildi.

Qeyd edək ki, Müşfiqgil ailədə dörd qardaş olublar. Ailənin böyük oğlu baş leytenant Mikayıl Orucov Birinci Qarabağ müharibəsi veteranıdır.

İgid qazimizin atası Fərhad Orucov və anası Sənubər Orucova  söz düşəndə deyirlər ki, oğul düşmən çəpəridir: "Biz də oğlanlarımızı məhz düşmənə sipər olsun deyə böyütdük. Hətta nəvələrimizi də bu ruhda tərbiyə etdik. Çünki torpaqlarımız qəhrəman oğullarımızın sayəsində Vətən olur. Ölkəmizin əldə etdiyi böyük zəfər də məhz qəhrəman, vətənpərvər oğulların hesabına qazanıldı. Çox böyük qürur hissi keçiririk ki, bu zəfərdə bizim övladımızın da payı var. Oğlumuz Müşfiq bu müqəddəs yolda öz sağlamlığını itirsə də, el-obasına, evinə üzüağ, alnıaçıq döndü. Müşfiqin nəinki özü, hətta övladları UrfanNurlan da topaqlarımızın düşmən tapdağından azad olunması uğrunda rəşadətlə döyüşdülər. Onlar Vətən, xalq qarşısında olan mənəvi borclarını ləyaqətlə yerinə yetirdilər. Valideyn üçün bundan böyük xoşbəxtlik ola bilməz".

Müşfiq Orucov iki oğul, bir qız atasıdır. Oğlanları Vətən müharibəsində ataları ilə çiyin-çiyinə vuruşublar. Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Təəssüf ki, mayor Müşfiq Orucovun ömür-gün yoldaşı Şəlalə xanımın  vaxtsız vəfatı ailəyə zərbə oldu. Müşfiq Orucov deyir ki, döyüşə gedəndə həyat yoldaşı ona qələbə ilə qayıtmağı arzulamışdı: "Belə də oldu. Yaralı gəlsəm də, qələbə ilə qayıtdım. Amma... Xəstə idi, lakin gümrah görünürdü. Dedilər ki, ağır yaralandığımı eşidəndə həyəcanlanıb, xəstəliyi şiddətlənib. Belə görünür ki, müharibə mənim təkcə sağlamlığımı deyil, övladlarımın anasını da əlimdən aldı".

Prezidentin sərəncamları ilə "Hərbi xidmətlərə görə" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilən mayor ömrünün qalan hissəsini də Vətənə həsr etməyi qarşısına məqsəd qoyub: "Axı böyük qələbənin böyük də quruculuğu olmalıdır. Ulu Dədə-Qorqudun ozan dili ilə desək, torpağı qorumadınsa, əkib-becərməyə, əkib-becərmədinsə, qorumağa dəyməz. Şükürlər olsun ki, bizim igidlərimiz torpağı qorumağı bacardıqları kimi, quruculuğu da bacarırlar. Bundan sonrakı hədəfimiz isə yağı tapdağı altında xarabazara çevrilmiş torpaqlarımızı yenidən gülüstana çevirməkdir.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 20 iyul.- S.8.