Sevən ürəyimiz var idi

 

Anam gecələr qapımızı açıq qoyur. Deyir ki, qorxmayın, atanızın ruhu bizi qoruyur

 

 

O, kənddə doğulmuşdu. Doğulduğu bu kəndin torpağı, daşı ayaqlarını çox əzmiş, çox qanatmışdı. Beləcə böyümüşdü Ağayusif. "Yağ içində böyrək" kimi olmasa da, halal cörəklə boya-başa çatmışdı.

Evlərində ov tüfəngi var idi. Tez-tez onu əlinə götürüb, nişangahını üzü Qarabağa tərəf tuşlayardı. Dişin-dişinə qıcayıb "gələcəyəm", - deyərdi. Böyüdükcə içindəki qisas hissi ilə bərabər, qəzəbi də aşıb-daşırdı. Artıq əlindəki silah da oyuncaq silah deyildi. Çox mahir bir atıcının silahı idi. Kənddə hamı onun mahir bir atıcı olduğundan danışardı.

Vətən onu bir əsgər kimi yetişdirirdi. Torpağı işğaldan azad etmək üçün mübarizəyə qoşulan bir əsgər kimiBir gün Tanrı istədiyini verdi. Silahı ilə üzü düşmənə sarı getdi.

Onun ömürlüyündən, keçdiyi həyat yolundan yazmaq istərkən çox düşündüm. Bu ömrün əvvəli itirilmiş Şuşa ilə başladı, şəhidliyi isə də Şuşanın azad olunduğu gün bitdi... Söhbət xalqımızın qəhrəman oğlu Ağayusif Mübariz oğlu Əliyevdən gedir.

Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağman kəndində  anadan olub. 2009-cu ildə orta məktəbi başa vurub. 2010-cu ildə Tovuz rayonunun Quşqonmaz dağında hərbi xidmətə başlayıb, 2012-ci ildə hərbi qulluğunu başa vurub doğma kəndinə geri dönüb. Öz təsərrüfatında əkin-biçinlə, maldarlıqla məşğul olub.

Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin, Hadrutun, Xocavəndin, Şuşanın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərib, 2020-ci ilin 8 noyabrında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ağayusif Əliyev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən,  ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ağayusifin yaşadığı küçəni şəhidin gülümsər baxışlı böyük bir plakatı bəzəyir. Şəkildən həyat eşqi ilə dolu, sinəsində arzuları yarımçıq qalmış nakam bir ömrün sevgi dolu dastanını oxumamaq mümkün deyildir. Plakatın yanında ayaq saxlamadan keçmək də mümkün deyil.

Biz Ağayusifin şəkli ilə "həmsöhbət "olanda  sarışın, qıvrımsaçlı bir qızcığazın ayaq saxlayıb bizə diqqətlə baxdığını gördük. Onun dodaqları səyriyirdi. Gözlərində yaş parıldayırdı. Ürkək baxışlarla güclə eşidiləcək bir tərzdə, astadan pıçıldadı: "Atamdır.. Çoxdandir evimizə gəlmir. Anam deyir ki, atanız göylərə çəkilib. Anam yatanda qapılarımızı örtmür, deyir ki, qorxmayın, atanızın ruhu bizi qoruyur. Atam gedəndə məni bağrına basıb öpdü. Dedi ki, sən ağlama, mən mütləq  qayıdacağam. Amma gəlmədi..."

Balaca qızcığazın yaşla dolu nəzərləri gözlərimdə ilişib qalır. Əyilib arıq əllərindən, tük kimi nazik barmaqlarından yapışıb adını soruşuram. Pıçıltılı, titrək  bir səslə Gülbəstə, - deyir. Sonra o, üzünü çevirib "baba, baba" deyərək evlərinə tərəf qaçır.

Gülbəstə bir qədər aralıda olan, çökmüş ovurdlarını saqqal almış, gözləri çuxura düşmüş, qaməti əyilmiş, ağsaçlı bir qocaya çatıb əlindən yapışıb, bizə tərəf qayıdır. Gələn Ağayusifin atası Mübariz kişi idi. Gülbəstə köhnə tanışlar kimi bizi babasına təqdim edir: "Baba atamın dostlarıdır, bizə gəliblər"…

Qəhrəmanımızın atası bizi həyətə dəvət edir. Həyətdə bir-birindən çox da aralı olmayan iki ev var. Mişar daşından tikilmiş, geniş yaraşıqlı evi göstərib Ağayusifin evidir, tifilim dişi-dırnağı ilə, min bir zəhmətlə tikib, heç ayağını uzadıb içində rahat yaşamadı da… Lənətə gəlsin erməniləri. Lənətə gəlsin bizi bu müharibəyə məcbur edənlər. Vallah uşaqların gözünün içinə baxa bilmirəm. "Atam" - deyib hay-haray salırlar. Yoldaşı gözümün qabağında şam kimi əriyir. Anası dərddən göyüm-göyüm göynəyir. Bacıları sağlamlıqlarını itirib

 

Şəhidin xanımı Dostu deyir:

 

- Mənim təkcə adım Dostu deyil. Mən gerçəkdən  şəhidimin dostu, sirdaşı, sirr yoldaşı idim. Kaş keçmişi geri qaytara biləydim, saatlarla bir-birimizin gözlərinə baxdığımız anlar olaydı. Elə orada qalaydıq. 2013-cü ilin aprelində nişanımız, 2014-cü ilin avqust ayında toyumuz oldu. Çox xoşbəxt idik. Təkcə gözlərimiz deyil, ruhumuz da gülürdü. Biz zəngin ailənin uşaqları deyilik. Deyirdik ki, bir komamız, gözəl balalarımız olsun, bəsimizdir. Allah bizə gözəl, qiymətli paylar verdi. Əvvəl Gülbəstə gəldi, sonra Zəhra qızımız sevincimizə sevinc qatdı. Tanrıdan nə istəyirdik verirdi. Ağam deyirdi ki, ən gözəl evi də mən tikəcəm, uşaqlarımız ən gözəl məktəbdə oxuyacaqlar. Şəhidim sözünü tutan kişi idi. Gördüyünüz bu gözəl evitikdi. İçində özü yaşamadı...

Noyabrın 10-da Prezident xalqa müraciət edəndə sevincimizin hədd-hüdudu yox idi. Ağayusif Şuşaya getdiklərini demişdi. Amma səssizlik idi. İçim-içimi yeyirdi. Telefonuna zəng çatmırdı. Düşünürdüm ki, yəqin telefonun  dalğası tutmur. Yəqin komandirləri telefondan istifadə etməyi qadağan ediblər. Nə bilim, min fikir gəlirdi ağlıma… Amma şəhid olmasını düşünmürdüm. Evdən gülə-gülə yola saldığım Ağayusif bayrağa bükülü qayıtdı. Şəhidlik zirvəsinə yüksəlmişdi.

Ağayusif vətəni düşmən işğalından azad  edib ruhunu göylərə, cismini torpağa, Vətəni isə bizlərə əmanət edib bu dünyadan köçdü. Vətənin parçalanmaması, dövlətimizin daha da güclənməsi üçün anasının göz yaşına, ailəsinin duasına sığınıb düşmən üzərinə gedənlərdən oldu. Ağayusif iki gül balasını da vətənə, onun namusçəkən oğullarına tapşırdı.

Gözün arxada qalmasın, ey Vətən oğlu! Övladların etibarlı əllərdədir. İndi onlara, bütün şəhid, qazi balalarına öz doğma övladı kimi baxan, sevən, əzizləyən, ölkə  Prezidenti, Müzəffər Ali Baş Komandan var.

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 20 iyul.- S.8.