Qüdrətli şah, igid sərkərdə,
incə ruhlu şair - Şah İsmayıl Xətai
Haqqında yazılanlarda və söylənilənlərdə tarixi həqiqətlər də, mübaliğələr, yanlış yozumlar da var. Adına elə sağlığında əfsanələr qoşulub. Çünki otuz yeddi illik ömrünə düşmənlərinin belə təsdiqlədikləri misilsiz hünər, böyük əməllər sığdırıb. Tarixin ən çox müzakirə edilən, mübahisələrə səbəb olan bu görkəmli şəxsiyyətinin tam adı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi yazılır. Amma ondan daha çox Şah İsmayıl, Şah İsmayıl Səfəvi, I İsmayıl, yaxud da Şah İsmayıl Xətai olaraq bəhs edilir. "Xətai" təxəllüsüdür. Elə sağlığında məşhurlaşan, həm əlyazma, həm də şifahı olaraq yayılıb dillər əzbərinə çevrilən əsərlərini bu təxəllüslə qələmə alıbdı...
Səfəvilərin
doğma dili Azərbaycan dili olub
Onun əcdadlarını - Səfəviləri türk
olaraq tanıtmamaq cəhdləri çox olub. Səfəvi
sülaləsi türkmənşəli idi. Bir sıra yerli və əcnəbi alimlər bu barədə
təkzibedilməz dəlillərə əsaslanaraq
yazıblar. Şərqşünas, türkoloq,
tarixçi, akademik Vasili Vladimiroviç Bartold bildirib:
"Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli
deyil, türk mənşəli idilər". Şərqşünas,
professor İlya Pavloviç Petruşevski Səfəvilər
sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən,
Səfəviyyə sufi-dərviş təriqətinin şeyxləri
olduğunu qeyd edib: "İlk Səfəvi şeyxləri
Ərdəbildə yaşayırdı, onların doğma dili
Azərbaycan dili idi". İsmayılın ulu babası
Şeyx Səfinin fars vilayətlərində
də Türk oğlu, Türk Piri kimi tanındığı
tarixi mənbələrdən bəllidir.
İsmayılın iyirmi beşinci babası
Əbülqasım Həmzənin, on beşinci babası
Qızılbörk Firuzun Ərdəbil
yaxınlığında, Şeyx-Kəhrəlan kəndindəki
məzarları hələ də ziyarətgahdır. Mərkəzi Ərdəbildə
Səfəviyyə sufi təriqətinin əsasını
qoyan İsmayılın altıncı babası Şeyx Səfiəddin
İshaqdır (1252-1334). İsmaylın
babası Şeyx Cüneyd və atası Şeyx Heydər Səfəvi
təriqətinin rəhbəri olub və hər ikisi cavan
yaşlarında öldürülüb. Şeyx
Heydər heç atasını görməyib. O,
dünyaya gəlməmiş Şeyx Cüneyd qətlə
yetirilib. Şeyx Heydər atasının yolu ilə
gedib. Elə aqibəti də ona bənzəyib.
1488-ci il iyulun 9-da Tabasaranda Şirvanşah
qoşunu ilə döyüşdə Qızılbaşlar məğlub
olub. Şeyx Heydər öldürülüb.
Onun üç oğlu - Sultan Əli, İbrahim
və İsmayıl yalnız atasız qalmayıblar, həm də
həyatları üçün təhlükə yaranıb.
Anaları Aləmşah bəyim Ağqoyunlu
hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun
bacısı idi. Şeyx Heydər öldürüldükdən
sonra Aləmşah bəyim oğulları ilə erməni
monastırı Akdamar qalasında, sonra Şiraz
yaxınlığındakı İstəxr qalasında həbsdə
olublar. Beş il bu minvalla keçib. Onları Uzun Həsənin nəvəsi Sultan
Rüstəm azad edib. Məqsədi
xeyirxahlıq deyildi. O da siyasi maraqları
üçün Səfəvilərdən istifadə etmək
niyyətindəydi. Sultan Əli Sultan Rüstəmin
köməyi ilə Ərdəbilə müstəqil hakim kimi
dönüb. O, çox gənc olsa da, siyasi zəkası,
uzaqgörənliyi sayəsində vəziyyəti
düzgün dəyərləndirib. Şeyx
Sultan Əli həyatda ikən kiçik qardaşı
İsmayıl təriqət şeyxliyinə varis təyin
olunub. 1492-ci ildə Şeyx Sultan Əlinin
və Sultan Rüstəmin birləşmiş qüvvələrinin
qalib gəldiyi döyüşdə Ağqoyunlu
hökmdarı Sultan Baysunqur öldürülüb. Sultan Rüstəm əsas rəqibinin məğlubiyyətindən
sonra Səfəvilərə qarşı siyasətini dəyişib.
Ərdəbil yaxınlığı Şəməsi
döyüşündə Şeyx Sultan Əli məğlubiyyətə
uğradılaraq qətlə yetirilib.
Sırada Şeyx Heydərin digər oğlanları var
idi.
İbrahimlə İsmayılın yaşları az olsa da,
varlıqlarını hakimiyyətləri üçün təhlükə hesab
edənlər onların da məhvinə
qərar verdilər. Uzun Həsənin əmisi nəvəsi,
Ağqoyunlu dövlətinin sərkərdəsi Eybə
Sultanın dəstələri şəhərə daxil
oldular. Sufilər İsmayılla
İbrahimi Ərdəbildə gizlətdilər. Rəştə, sonra Lahicana, Gilanın Biyepiş
vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına
apardılar. Tanınmış alim Şəmsəddin
Lahici ərəb və fars dillərini
öyrətmək, Quranı-Kərimi oxutmaq üçün
onların tərbiyəçisi təyin edildi.
Şeyx Heydərin ortancıl oğlu İbrahimin aqibəti
tarixin müəmmalarına qarışdı. Onun bir müddət Lahicanda
qaldığı, anası üçün
darıxdığı, Ərdəbilə dönmək istədiyi
mənbələrdə
yazılıb. Kiçik
qardaşının xəbərdarlığını da dinləməyən
İbrahimin qiyafəsi dəyişdirilib, bir nəfərin
müşayiəti ilə gizlin Ərdəbilə gedib,
anası ilə görüşüb. Bəzi
mənbələrin məlumatına görə, İbrahimin
bundan sonrakı həyatı müəmmalıdır. Onun Ərdəbildə əcəli ilə
öldüyünü də, hələ Gilanda ikən vəfat
etdiyini də söyləyənlər olub. İbrahimi düşmənlərinin İsmayıl
Gilana sığınmazdan qabaq qətlə yetirdikləri də
bildirilib. "Aləmara"da isə onun
Şah İsmayılın hakimiyyəti dövründə
sağ olduğu, Təbrizdə yaşadığı, hərbi-siyasi
hadisələrdə iştirak etdiyi yazılıb. Osmanlı müəllifləri də 1508-ci ildə
Ərzincanda osmanlılarla Qızılbaşlar arasında
baş vermiş toqquşmadan bəhs edərkən Şah
İsmayılın qardaşı İbrahim Mirzənin
adını çəkiblər.
Şahlığa
doğru...
Tarix 1499-cu ilində, o isə on iki yaşındaydı. Həmin isti
avqust ayının yolçuluğunda İsmayılı tərbiyəçisi
və məsləhətçisi olan qızılbaş tayfa
başçıları müşayiət edirdi. O, ən
yaxınları - Hüseyn bəy Lələ Şamlı,
Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa,
Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı,
İlyas bəy Xunuslu və Qarapiri bəy Qacarla qoşun
toplamaq üçün gedirdi. Ərdəbilin cənub-qərbinə,
Xalxala doğru irəlilədilər. Qışı
keçirmək üçün Xəzər dənizi
yaxınlığına, Ərçivana gəldilər.
1500-cü ilin yazında Şeyx İsmayıl
Ərçivandan Araz çayının şimalındakı
dağlıq əraziyə, Göyçə
gölünün cənub sahillərinə doğru getdi.
Qızılbaşların sıraları getdikcə
genişlənirdi. Şeyx İsmayıl
Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan
yolu ilə Ərzincana yetişdi. Ərzincanda
keçirilən qızılbaş ağsaqqallarının
müşavirəsində Səfəvilərin düşməni
Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq
qərarı verildi. Şamlı, rumlu,
ustaclı, zülqədər, qacar, təkəli, əfşar,
varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət
yeddi min qazi toplandı. Şeyx
İsmayıl tərəfdarları ilə 1500-cü ilin
sonlarında Şirvana hücum etdi. Cabanı
döyüşündə məğlub edilən
Şirvanşah Fərrux Yasar öldürüldü. Şirvanın şəhərini, qalalarını
İsmayıl və qızılbaşlıları tutdular.
Şeyx İsmayıl üç gün sonra
Şamaxıya qayıtdı. Şəhər
əyanları onun pişvazına çıxdılar.
Qışı keçirmək üçün
Muğana, Mahmudabada yollandı. Orada xəbər
aldı ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə
itaət etmək istəmir. Bu, qədim, əzəmətli
şəhərin sakinləri arxayın
görünürdülər. Şirvanın
iri şəhərlərindən biri, Xəzər dənizində
ticarət mərkəzi sayılmasından çox
Bakının fəth edilməz sayılmasına, böyük
silah və ərzaq ehtiyatlarına güvənirdilər.
Ancaq Qızılbaşların mühasirəsinə uzun
müddət tab gətirmədilər. 1501-ci
ilin baharında Bakını tutdular.
İsmayıl artıq addım-addım taxta doğru irəliləyirdi. Qoşunu ilə
Naxçıvana doğru hərəkətə keçdi.
Onun Şirvanşahları məğlub etdiyini eşidən
Ağqoyunlu hökmdarı Əlvənd Mirzə özü
böyük ordu ilə Təbrizdən Naxçıvana gəldi,
hərbi rəisi Məhəmməd Qaracanı isə Gəncə
və Qarabağa göndərdi ki, Qızılbaşların
Kür çayını keçməsinin
qarşısını alsın. Qızılbaşlar
Kür çayını keçərək Əlvənd Mirzənin
ordusunu məğlub etdilər. Əlvənd
Mirzə özü isə Şərur döyüşündə
Qızılbaşlara yenildi. Onun 30 minlik
ordusu İsmayılın 7 minlik qoşununa üstün gələ
bilmədi. 1501-ci ilin payızında
İsmayıl qoşunu ilə Təbrizə daxil oldu. O,
özünü şah elan etdi. Şah
İsmayıl Səfəvilər dövlətinin banisi oldu.
Çox gənc, ancaq olduqca məharətli
döyüşçü, bacarıqlı sərkərdə
olan Şah İsmayılın şöhrəti aləmə
yayıldı.
Düşmənləri onun və yolunda hər an ölümə
hazır olan qızılbaşlarının
qarşısında tab gətirə bilmirdilər. Tabe olmaq istəməyənlərin aqibəti
ağır olurdu. 1503-cü il iyunun
21-də Şah İsmayıl Ağqoyunlu hökmdarı Sultan
Muradı Həmədan yaxınlığında
döyüşdə məğlub etdi. Ağqoyunlu
dövləti süquta uğradı.
Çox keçmədi ki, Şah İsmayıl möhtəşəm
dövlət qurdu. İran, Azərbaycan, İraq, Şərqi
Anadolunu və digər əraziləri əhatə edən Səfəvi
dövlətinin gündən-günə güclənməsi
Osmanlı sultanlarını təşvişə saldı.
Bir yandan da Şah İsmayıla rəğbət
bəsləyən Anadoludakı türklər itaətsizlik
göstərməyə başladılar.
Sultan II Bəyazid Səfəvilər dövlətinə
münasibətdə sülh siyasətini seçmişdi. Oğlu Yavuz
Sultan Səlimin 1512-ci ildə hakimiyyəti ələ
keçirməsi ilə vəziyyət kəskinləşməyə
başladı. Şah İsmayılın məsələni
sülh yolu ilə həll etmək cəhdinə baxmayaraq,
Sultan Səlim 1514-cü il martın 19-da Səfəvi
dövlətinə qarşı hərbi yürüşə
başladı. 1514-cü il avqustun 23-də
Çaldıran çölü qanlı döyüş
meydanına çevrildi. 100 minlik Osmanlı ordusu 40 minlik Səfəvi
qoşunları ilə vuruşdu. Osmanlıların
Avropadan aldıqları 300-dək topu vardı. Bu
üstünlüklərini nəzərə alan
yaxınlarının Sultan Səlimin qoşununa qarşı
gizlin hücuma keçmək təklifini Şah
İsmayıl rədd etdi: "Mən karvan basan quldur deyiləm!"
- dedi.
Çaldıran döyüşü barədə əsrlər
boyu çox yazıldı, danışıldı. Şah
İsmayılın və onun topun qarşısına
qılıncla gedən qorxmaz, cəsur
döyüşçülərinin igidlikləri əfsanələşdi.
Çaldıran
faciəsi
...Çaldıranda
qızğın döyüş gedirdi. Şah
İsmayıl qüvvətli zərbə ilə topları
bir-birinə bağlayan zəncirləri qırıb topu iki yerə
ayırdı. Şah düşmənin
artilleriyasına hücum çəkdi. Atı
büdrəyib yıxıldı. Şah İsmayıla
çox oxşayan Sultanəli Mirzə Əfşar
özünü irəli atıb haray saldı: "Şah mənəm!"
O, şahını əsir düşməkdən qorudu. Yaralı Şah İsmayıl atına mindi. Döyüş meydanından uzaqlaşdı.
Sultan Səlim Çaldıran döyüşündən
uzun müddət sonra Şah İsmayıldan
qılıncını ona göndərməsini tələb
etdi. Şah qılıncı göndərdi. Sultan Səlim dəfələrlə cəhd etsə
də, topu kəsə bilmədi. O, şaha məktubunda
yazdı: "Sən məni aldadırsan, bu həmin
qılınc deyil". Şah Sultana cavab verdi:
"Qılınc həmin qılıncdı, qol o qol
deyil".
Tarixçilər Çaldıran döyüş
meydanında xeyli qadın meyitinin tapıldığını
yazıblar.
Onlar kişi paltarı geyinib
Qızılbaş ərləri ilə birgə vuruşmuş
qadınlar idi. Deyilənə görə,
Şah İsmayılın həyat yoldaşı Taclı Bəyim
döyüşdə əsir düşüb, zinət əşyalarını
əsgərlərə verərək qaçıb qurtulub.
Onun sonrakı taleyi məlum deyil.
I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini
işğal etsə də, Səfəvilər paytaxtında
çox qala bilmədi. 6 gündən sonra Təbrizi tərk etdi.
Apardığı qiymətli qənimətlər
arasında Şah İsmayılın tacı, əlbisələri
və bəzək əşyaları da vardı.
Çaldıran məğlubiyyətinin
sarsıntılarını Şah İsmayıl
ömrünün sonunadək unutmadı, bir də heç
vaxt ürəkdən gülmədi. Qələmə aldığı
şeirlərinə də kədər, qüssə
çökdü...
Söz
taxtında...
O,
dövlət dili doğma Azərbaycan türkcəsi,
paytaxtı Təbriz olan böyük imperiya yaratdı. Dövlət fərmanlarını Azərbaycan dilində
imzalayırdı. Hakimiyyətə döyüşərək
gələn, çox qanlı vuruş meydanlarında
qılınc çalan, Karl Marksın haqqında: "Səfəvilər
xanədanının banisi Şah İsmayıl fateh idi. O, on
dörd illik hakimiyyəti dövründə on dörd əyalət
fəth etmişdi" yazdığı Şah İsmayıl
rəiyyətlə rəftarında ədalətli və
mülayim olub. Onun dərviş paltarı geyinib
məmləkəti gəzib dolaşdığı, xalqın
dərd-səri ilə maraqlandığı rəvayət
edilir.
Şahlıq
səlahiyyətləri ona Azərbaycan milli mədəniyyətinin
inkişafına şərait yaratmaq imkanı verdi.
Sarayında bir çox istedadlı rəssam,
heykəltaraş, xəttat, musiqiçi vardı.
Qanlı döyüşlərdə həm sərkərdə,
həm də döyüşçü kimi əvəzsiz idi
Şah İsmayıl. Təbi onu şair Xətai edəndə isə:
Yol
daşını yol quşuna
Atma,
qardaş, kərəm eylə...
- deyirdi. Bu bir çoxunun iddia
etdiyi kimi əməllə söz arasındakı ziddiyyət
deyildi, əslində. Balaca uşaq ikən,
siyasətin məğzini, mənasını
anlamadığı yaşda atasını,
qardaşını, ya da qardaşlarını öldürənlər,
eləcə də Səfəvilər sülaləsinə son
nəfəslərinədək sadiq qalanlar İsmayıla bu
yolu seçdilər. Səfəvilərin
tərəfdarları onu şah etmək istədilər.
İsmayıl şahlığa layiq olduğunu
göstərdi. Böyük bir dövlət
qurub idarə etdi. Ancaq o könül
dünyasında şair idi. Aşiqanə qəzəllər
yazırdı:
Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım
tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?
... Xətai
can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?
O, sevgi
duyğularını belə səmimi ifadə edirdi.
Bəzən isə "Bir söz" rədifli gəraylısında olduğu kimi şairliyi şahlığına üstün gəlirdi:
Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı...
Yaxşı təhsil almışdı. Çox mütaliə edirdi. İstedadlı idi. Şah İsmayılın rəssamlıq, xəttatlıq bacarıqları vardı. Səsi gözəl idi. Bərbəd adlanan alətdə musiqi ifa edir, oxuyurdu. Şairlik qabiliyyəti isə hökmdarlığına, sərkərdəliyinə bərabərdi. Şeir yazmağa uşaq yaşlarından başlamışdı. Əsərlərini Azərbaycan türkcəsində, qismən fars və ərəbcə yazırdı. Çətin döyüşlər, mürəkkəb dövlət işləri vaxtının çoxunu alsa da, əruz və heca vəznlərində, epik və lirik janrlarda yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında zəngin irs qoyub getdi...
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 20 iyul.- S.10.