Parlaq gələcəyin təminatçıları

 

 

Azərbaycanda uşaqların sağlam, vətənpərvər və cəmiyyətə yararlı şəkildə inkişaf etdirilməsi dövlət siyasətinin prioritetidir

 

 

Gələcəyimiz olan uşaqların hüquq və haqlarının qorunması ən ümdə məsələlərdən biridir. Odur ki, doğulduqları gündən onları qorumaq, hüquqlarını anlatmaq, müstəqil həyata səlis addımlamaları üçün daim tədbirlər görülür.

Hər bir dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri də uşaqların sağlamlığının, gələcəyinin təmin olunması istiqamətindəki məsələlərdir. Azərbaycanda da bu məsələyə hər zaman xüsusi diqqət yetirilib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən uşaq siyasəti istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan 1992-ci il iyulun 21-də Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub və "Uşaq hüquqları haqqında" Bəyannaməsini qəbul edib.

Bu gün Azərbaycanın BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmasından 30 il ötür.

 

Dövlət siyasətinin əsas prinsipləri

 

 

Ölkəmizdə 1998-ci il mayın 19-da "Uşaq hüquqları haqqında" və 1999-cu il iyunun 22-də "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilibbu sahədə dövlət siyasətinin əsas prinsipləri müəyyən olunub. 2002-ci il 31 may tarixli "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnamənin təsdiq edilməsi barədə" qanun qəbul edillib.

Bu bir həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyev uşaqların təhsilini, sağlamlığını hər şeydən üstün tuturdu. İstedadı ilə seçilən uşaqları duyur, onların gələcəyi üçün şərait yaradırdı. Bu siyasət son 19 ildə Prezident İlham Əliyev tərəfindən də ən yüksək səviyyədə uğurla davam etdirilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların gələcəyi üçün lazımi tədbirlər görülür, onlara daim diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrin dəyəri əvəzsizdir desək, yanılmarıq. 

2002-ci ildə Azərbaycan BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının iki əlavə protokoluna da qoşulub. Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədlərinə görə uşaq sayılır. Bu şərtlə ki, həmin uşaq barəsində tətbiq edilə bilən qanuna görə, o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun. İştirakçı dövlətlər onların yurisdiksiyası daxilində olan hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onların həyata keçirilməsini təmin edir, uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, siyasi əqidəsindən və ya digər əqidələrindən, milli, etnik, yaxud sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğulduğu şəraitdən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrıseçkiliyə yol vermirlər. Eyni zamanda uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının və ya digər ailə üzvlərinin statusu, fəaliyyəti, ifadə olunan baxışları, yaxud əqidələri əsasında uşağın ayrı-seçkiliyin və cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri görürlər. 54 maddədən ibarət olan Konvensiyada heç bir uşaq işgəncələrə və ya rəftarın, yaxud cəzanın digər amansız, qeyri-insaniya ləyaqəti alçaldan növlərinə məruz qalmaması, 18 yaşına çatmamış şəxslər tərəfindən törədilmiş cinayətlərə görə nə ölüm cəzası, nə də azad edilmək imkanı nəzərdə tutulmayan ömürlük həbs cəzasının kəsilməməsi nəzərdə tutulur.

Bəzi ölkələrdə uşaqlar sağlam mühitdə, gözəl şəraitdə yaşasalar da, bəzilərində isə müharibə, aclıq onların bütün həyatını əhatə edib. Müharibə gedən ölkələrdə uşaqlar təhsildən yayınır, aclığa məhkum olur, evlərini, valideynlərini itirir, eyni zamanda fizikipsixoloji təsirlərə məruz qalırlar.

Son iki ildə pandemiya səbəbindən maddi vəziyyətin pisləşməsi dünyada aclıqdan əziyyət çəkənlərin də sayını artırıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq və kənd təsərrüfatı təşkilatı FAO ötən il dünyadakı ac insan sayının 795 milyon olduğunu açıqlamışdı. BMT hesablamalarına əsasən, dünyada hər doqquz insandan biri aclıqdan əziyyət çəkir. Qeyd olunur ki, hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən ölür. 850 milyon insan isə yarımac yaşayır.

2020-ci ildə COVID-19 pandemiyası görünməmiş qlobal sağlamlıq, humanitar, sosial-iqtisadi və insan hüquqları böhranına səbəb olub, təsirə məruz qalan uşaqların zəifliklərini artırıb. Həmçinin bu dövrdə uşaqlar təhsildən yayınıb, evdə qalmaları isə onların psixologiyasına təsir edib.

 

 

Azərbaycanda uşaq hüquqlarının təminatı sahəsinə həssas yanaşma var

 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, hər bir ölkənin gələcək inkişafı gənc nəslə göstərilən qayğıdan və onların inkişaf səviyyəsindən asılıdır. Deputat bildirir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün kifayət qədər konseptual əsaslar mövcudduronlar davamlı olaraq inkişaf etdirilir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin çox mühüm vektorunu məhz uşaq hüquqlarının təminatı sahəsində ciddi fəaliyyətin  göstərilməsi təşkil edib. 1994-cü ildə Azərbaycanın BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulması ilə ölkəmizdə uşaq hüquqlarının qorunmasının konseptual əsaslarının təkmilləşdirilməsi istiqamətində xüsusi canlanma müşahidə edilib. Eyni zamanda respublikamız digər müvafiq beynəlxalq hüquqi konvensiyalara qoşulmaqla, uşaqların  hüquqlarının etibarlı şəkildə təmin olunması yönündə iradəyə malik olduğunu nümayiş etdirməkdədir.

Elşad Mirbəşiroğlu deyir ki, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanununda onların hüquqlarının etibarlı təmin olunması, təlim-tərbiyəsinin sağlam şəkildə təşkil olunması və yaşayışı, inkişafı üçün ən uyğun şəraitin yaradılması nəzərdə tutulur. Valideyn himayəsindən məhrum olmuş uşaqların 18 yaşına qədər dövlət himayəsi ilə təmin olunması bir daha sübut edir ki, uşaqların sağlam, cəmiyyətə yararlı inkişaf etdirilməsi dövlət siyasətinin mühüm xəttini təşkil etməkdədir. Ölkəmizdə gənc yaşlardan milli vətənpərlik hisslərinin olması, uşaqların müasir bilik və bacarıqlara yiyələnməsi üçün şərait yaradılması da uşaq siyasətinin, həmçinin onların hüquqlarının qorunmasının mühüm komponentlərini təşkil edir.

Deputat vurğulayır ki, Prezident İlham Əliyev öz fəaliyyətində uşaq hüquqlarının qorunmasını həmişə önə çəkir. Prezidentin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Qadın Problemləri üzrə Dövlət Komitəsi əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitənin yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, uşaqlar, gənclər, sözün əsl mənasında, sağlam təməllər, vətənpərvərlik ruhu əsasında gələcəkdə öz həyatlarını uğurla qurmağa imkan verəcək bilik və bacarıqlara yiyələnmək əsasında yetişdirilsin. Bu gün ölkəmizdə uşaq hüquqlarının təmin olunması üçün olduqca həssas yanaşma var. Deputat bundan sonrakı mərhələdə də uşaq hüquqlarının daha etibarlı şəkildə qorunması üçün  qanuvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımlar atılacağını qeyd edib.

 

 

Uşaqların müdafiəsi və inkişafı dövlətin sosial siyasətində mühüm yer tutur

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsinin baş məsləhətçisi Könül Tağızadə qəzetimizə açıqlamasında deyib ki, "Uşaq hüquqları haqqında" Konvensiya BMT Baş Assambleyasının 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989-cu ildə qəbul edilib, 2 sentyabr 1990-cı ildə qüvvəyə minib.

Onun sözlərinə görə, bu konvensiya BMT tərəfindən qəbul edilmiş saziş olaraq, dünyanın hər yerində yaşayan uşaqlara müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Baş məsləhətçi qeyd edir ki, "Uşaq hüquqları haqqında" Konvensiyanın 54 maddəsinin hər birində uşaqların ayrı-ayrı hüquqlarından danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları və yaşamaq hüquqları əksini tapıb. O deyir ki, konvensiyanı ratifikasiya etmiş dövlətlər öhdəlikləri yerinə yetirir, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqqında məlumat verirlər. Bu konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeks olaraq, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

Könül Tağızadə bildirir ki, Azərbaycanda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, 2 aprel 2002-ci ildə isə konvensiyanın iki əlavə protokoluna qoşulub.

O, Konvensiyanın icrası üzrə Azərbaycan hökumətinin dövrü hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ümumiləşdirilərək Xarici İşlər Nazirliyi vasitəsilə BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim edildiyini, hesabatlarla bağlı ölkəyə təqdim olunmuş tövsiyələrdən irəli gələn məsələlərin icrasının aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirildiyinibildirdi.

Dövlət uşaq siyasətinin həyata keçirilməsində ən mühüm addımlardan biriPrezidentin 2020-ci il 2 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın və 2020-ci il 27 noyabr tarixli sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi olub.

Uşaqların hüquqlarının pozulmasına ən çox onların təhsildən uzaqlaşdırılaraq erkən nikaha, məcburi əməyə cəlb edilməsi hallarında rast gəlinir. Azərbaycanda erkən nikahın, məcburi əməyin qarşısının alınması istiqamətində daim işlər görülür. Ölkəmizdə qızlar üçün nikah yaşı 18 olsa da, bəzən onları məktəbi bitirmədən, hətta IX sinifdən məktəbdən ayıraraq müxtəlif məqsədlərlə evləndirirlər. Təbii ki, bu sahədə, əsasən valideynlərin maariflənməsinə ehtiyac var.

İrqindən, cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir uşağın təhsil almaq, sağlam mühitdə yaşamaq, qidalanmaq haqqı var. Gələcəyimizin sağlam, parlaq olması isə onların həyat şəraitindən, psixolojifiziki sağlamlığından asılıdır.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 21 iyul.- S.6.