İlham Əliyevin
praqmatik iqtisadi
islahatlarının nəticələri göz
qabağındadır
Dünya iqtisadi tənəzzülün astanasında,
Azərbaycan isə dinamik
inkişafdadır
Azərbaycan bu gün Cənubi Qafqazın inkişaf etmiş sənaye ölkəsidir. Regionda istehsal olunan sənaye məhsullarının 80 faizi ölkəmizin payına düşür. Təkcə Sumqayıt şəhərində iki qonşu ölkədəkindən çox məhsul istehsal olunur.
Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafı üçün çox iş görülüb. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar sayəsində bu sahədə ciddi dönüş yaranıb. Sahibkarlığın inkişafı, özəl sektorun məhsul istehsalında çəkisinin artması da iqtisadi sahədə aparılan islahatlarla bağlıdır. Bu baxımdan ölkə üzrə sənaye məhsullarının 80 faizindən çoxunun özəl sektorda istehsal olunması təsadüfi deyil.
Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə demişdir: "O ki qaldı iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük... Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb - haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində, belədir".
Azərbaycanın sənaye ölkəsinə çevrilməsi üçün görülən işlər hələ başa çatmayıb, proses davam edir. Lakin indidən demək olar ki, bu sahədə böyük uğurlarımız var. Təkcə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmaları 35 faizdən çox artmışdır. Başqa fakt: özəl bölmənin qeyri neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir.
Məlumdur ki, son vaxtlar Qərb-Rusiya qarşıdurmasının gərginləşməsi dünya iqtisadiyyatında mənfi tendensiyaların yaranmasına səbəb olub. Hətta o dərəcədə ki, dünyanın növbəti böhran astanasında olduğunu deyənlər də var. Prezident İlham Əliyev qeyd edilən müşavirədə bu barədə demişdir:: "...indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq".
Qeyd edək ki, Prezidentin bu cür həyəcan təbili çalması təsadüfi deyil. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6,1 faizlik artımının cari və gələn illər 3,6 faizə enəcəyini proqnozlaşdırır. Bu, azmış kimi ekspertlər dünya üzrə ÜDM istehsalının orta hesabla 3,3 faiz azalacağını deyirlər. Amma bu da hələ hamısı deyil. Nəzərə alsaq ki, Rusiya və Ukrayna dünya aqrar sektorunda aparıcı ölkələrdən olaraq bütün ərzaq kalorisinin ixracında 12 faizlik paya malikdirlər, o cümlədən taxıl, qarğıdalı və günəbaxan yağının əsas ixracatçısıdırlar, onda vəziyyətin gərginliyi barədə deyilənlərin acı həqiqət olduğuna şübhə yeri qalmır. Necə şübhə yeri qalar ki, Şimali Afrika və Yaxın Şərq ölkələri istehlak etdikləri buğdanın yarısını Rusiya və Ukraynadan alırlar. Təkcə Ukrayna yaxın aylaracan özündən əlavə 400 milyon insanın taxıla olan tələbatını ödəyirdi. Rusiya isə dünyanın iri mineral gübrə ixracatçısıdır və indi o, sanksiyalar səbəbindən həmin məhsulu xarici bazarlara çıxara bilmir. Bütün bunlarsa, təbii ki, nəticəsiz qalmır. FAO (BMT-nin Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) cari ilin iyun ayı üçün ərzağın qiymətini orta hesabla 154,2 bəndə qaldırıb ki, bu da bir il əvvəldəkindən 29 bənd (23,1 faiz) çoxdur.
Bütün bunların fonunda ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, uzaqgörənliklə görülən tədbirlər sayəsində dinamik inkişaf davam edir. Cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək artım tempinin müşahidə olunması da bunun nəticəsidir. Qeyd edilən dövrdə qeyri neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri neft-qaz sənayesində 11, o cümlədən qeyri neft-qaz emalı sənayesində 15, nəqliyyat sektorunda 27, turizm və ictimai iaşədə 86, informasiya və rabitə sektorunda 14 faiz artmışdır.
Bu gün qeyri neft-qaz sektorunda məhsul istehsalında və ixracında sənaye zonaları mühüm rol oynayır. Artıq inamla demək olar ki, həmin müəssisələr Azərbaycan sənayesinin flanqmanlarıdır. Təsadüfi deyil ki, cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, həmin zonalarda istehsal olunan məhsulların ixracı isə 2 dəfə artmışdır. Bundan əlavə, hesabat dövründə qeyri neft-qaz məhsullarının ixracının 60 faizini sənaye məhsulları təşkil etmişdir.
Qeyri neft-qaz sənayesinin inkişafı isə ölkənin gəlirlərinin artması dövlət büdcəsinə daha çox vəsaitin daxil olması deməkdir. Dövlətin maliyyə imkanlarının artması da öz növbəsində digər məsələlərin həllinə geniş imkanlar açır. Bu baxımdan cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə vergi mədaxilinin 49 faizdən çox artması diqqətçəkən faktdır. Qeyri neft-qaz sektorundan daxil olan vergilərə gəldikdə, bu göstərici də xeyli yüksəkdir - 32 faizdən çox.
Buna baxmayaraq, dövlət tərəfindən sahibkarlığa verilən dəstək davam edir. Məsələn, büdcə dürüstləşməsi prosesində kiçik və orta sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi xeyli artırılıb. Kreditlər verilərkən isə ölkənin ümumi inkişafı nəzərə alınır. Verilən kreditlərin 94 faizinin regionlarda fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də bu siyasətin nəticəsidir. Üstəlik, ölkənin ərzaq təhlükəsizliyinin əhəmiyyəti nəzərə alınaraq, bütün kreditlərin 76 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlara verilib.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 21 iyul.- S.7.