KİV intihar xəbərlərinə necə yanaşmalıdır?

 

Medianın gücündən düzgün istifadə olunmalıdır

 

 

Media cəmiyyətə və ictimai rəyə birbaşa təsir edən sosial-siyasi institutdur. KİV öz fəaliyyətində əsas prinsiplərini rəhbər tutmalı, habelə cəmiyyətdə olan çatışmazlıqları göstərməlidir. Təsadüfi deyil ki, onun vasitəsilə problemlər ictimailəşir, həllini tapır. Bu baxımdan ictimai rəydə medianın rolu böyük və danılmazdır.

Az qala hər gün medianın xəbər lentlərində intiharlar barədə məlumatlarla rastlaşırıq. Lakin mütəxəssislər hesab edirlər ki, bu tip xəbərlərin yayımlanması ictimai rəyə əks-təsir göstərir və intiharların artmasına səbəb olur.

Buna görədir ki. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi açıqlamasında bildirir ki, intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur: "Azərbaycan Respublikasının Audiovizual Şurası və  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş "Redaksiya siyasəti və peşə etikası qaydaları"nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz. Zorakılıq, intihar və sairə bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir".

 

 

 

Xəbərlərin işıqlandırılmasının standartları var

 

 

Mediada intihar hadisələrinin işıqlandırılmasında müəyyən məhdudiyyətlər qoyulmalı, intihar xəbərlərində şəxs və hadisənin detalları barədə təfərrüat verilməməlidir. Bu məsələ ilə bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qəzetimizə açıqlamasında bildirdi ki, intihar xəbərlərinin, ümumiyyətlə,  kriminal xəbərlərin işıqlandırılmasının standartları var. Bu standartlar media qanunvericiliyində, eyni zamanda etik kodeksdə öz əksini tapıb. Prinsipə əsasən, intihar, terror xəbərləri elə hazırlanmalıdır ki, bu, təşviqedici amilə, başqaları üçün nümunə olacaq xəbərə çevrilməsin. Əksinə, həmin məsələ barədə cəmiyyətdə qınaq bu halın təkrarlanmaması üçün əsas yaratsın: "Təəssüf ki, son vaxtlar Azərbaycanda KİV subyektlərində, eyni zamanda sosial media hesablarından paylaşılan xəbərlərdə bunun tamamilə əksini görürük. İntiharlarla bağlı xəbərlər oxuyanda insanda belə təəssürat yaranır ki, sanki həmin şəxsin bundan başqa çıxış yolu olmayıb".

Müşfiq Ələsgərlinin sözlərinə görə, belə yanaşma ilə intihara haqq qazandırmış olurlar ki, bu da həm etik kodeksə, həm qanunvericiliyə ziddir. Jurnalistlər həmin intihar hadisəsini subyektiv fikirləri intihar hekayəsi ilə bəzəyirlər. Bu isə əlavə olaraq cəlbedicilik yaradır başqaları üçün təşviqedici amilə çevrilir.

 

 

 

İnformasiya prinsipləri pozulmamalıdır

 

 

Mətbuat Şurasının sədr müavini deyir ki, intiharın hansı yolla törədildiyi, burada hansı vasitələrdən istifadə olunduğu açıqlanmamalıdır, ona görə ki, bu fikrə düşən başqa şəxslər həmin üsullardan istifadə etməsinlər. O, təəssüflə qeyd edir ki, son vaxtlar yayılan xəbərlərdə bu prinsip pozulur. Digər narahatlıq doğuran məsələlərdən biri intihar xəbərlərinin müəyyən siyasi məqsədlər ya "like" toplamaq üçün istifadə olunmasıdır. Azərbaycanda intihar problemlərinin kökünün guya sosial problemlərlə bağlanmasına cəhd göstərilir ki, bu da kökündən yanlışdır. Dünyanın analitik mərkəzlərinin dərc etdiyi hesabatlarda dünyanın sosial rifah halı baxımından kifayət qədər inkişaf etmiş ölkələrində intiharların yüksək səviyyədə olduğu göstərilir. Məsələn, ABŞ intiharların sayına görə, dünyada 23-cü, Belçika 17-ci, Fransa isə 37-ci yerdədir. Bunlar kifayət qədər inkişaf etmiş ölkələrdir. Deməli, burada problem təkcə sosial məsələlərlə bağlı deyil.

Müşfiq Ələsgərli bildirir ki, insanlar çətinliyə düşəndə müxtəlif yollar axtarır. Onun sözlərinə görə, çətinlik insanı mətinləşdirmək üçün mübarizə vasitəsidir. Biz məsələnin bu tərəfini qabartmalı təbliğ etməliyik. İnsan çətinlikdən qorxmamalı, möhkəmlənməli, ona qalib gəlmək üçün mübarizə aparmalıdır. Çox təəssüf ki, Azərbaycan mediasında bu prinsiplər son vaxtlar bir qədər pozulur. Haqlı olaraq  bu, ictimai qınaq yaradır. Media ictimaiyyəti olaraq çağırış edirik ki, bu cür yersiz standartdan kənar xəbərlərin yayımlanması dayandırılsın.

 

 Ülkər XASPOLADOVA,

Azərbaycan.-2022.- 21 iyul.- S.7.