Mətbuatımızın istinadgahı - Həsən bəy Zərdabi

 

22 iyul Milli Mətbuat Günüdür

 

Vəsiyyətinə əməl etmədilər. Yaddan çıxdığına görə yox, onun bircə sözü, kəlamı da unudulan deyildi. Səbəbi başqaydı...

Ölümündən bir neçə gün qabaq yazmışdı vəsiyyətini. Yenə özündən savayı hər kəsi düşünmüşdü. Və bir təntənəli dəfn mərasimini də özünə qıymamışdı. "Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…"

Bu, Həsən bəy Zərdabinin son arzusu, son umacağıydı. Ömrü boyu çox sınaqlarla qarşılaşdı, həyatı mücadilələrdə, mübarizələrdə keçdi. Vətəninin, millətdaşlarının gerilikdən, ətalətdən və əsarətdən qurtulmasına səy göstərdi. Bu məqsədlə yurddaşlarının o vaxtadək üz tutmadıqları, getmədikləri yolları seçdi. Birincilərin qisməti isə hər zaman alqışlanmaq, mükafatlar, təltiflər və təriflər olmur. Həsən bəy Zərdabinin keçdiyi həyat yolu bunun acı bir örnəyi idi.

 

 

Zəkası və istedadı ilə uşaqlıq illərindən seçilib

 

 

O, Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində dünyaya gəldi. Yeddi-səkkiz yaşlarında atası Səlim bəy onu mədrəsəyə apardı. Ancaq Səlim bəyin çox istedadlı, zəkalı və iti hafizəli oğlu ilahiyyata maraq göstərmədi. Atası 1852-ci ildə onu Şamaxıdakı ibtidai rus məktəbinə yazdırdı. Məktəbin buraxılış imtahanında Qafqaz Təhsil İdarəsi müdirinin diqqətini çəkən Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına Birinci Tiflis Gimnaziyasına daxil oldu. 1861-ci ildə həmin məktəbi uğurla başa vurdu. Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil oldu. Yenə fərqləndi. "Dövlət təqaüdçüsü" statusunu aldı. Bu savadlı, oxuyub öyrənməyə marağı tükənməz olan gənc universitetin rektoru, tarixçi Sergey Mixayloviç Solovyovun hörmətini qazandı. Dostlaşdılar. Həsən bəy Solovyovun evinə dəvət olunmağa başlandı. Rektorun qızını tanıdı. Bir-birlərini sevdilər. Həsən bəy 1865-ci ildə universiteti təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə verilən namizəd diplomu ilə bitirən ilk azərbaycanlı oldu.  Moskvada qalıb-işləmək təklifi aldı. Vəd edilənlər cəlbedici idi. Sevdiyi qızla evlənə, Moskvanın kübar cəmiyyətində tanınıb rahat şəraitdə yaşaya, çalışa bilərdi. Gənc Həsən bəy bütün bunları düşündü və qərarını verdi. Ölkəsini, millətini işıqlı sabaha aparanlara ehtiyac vardı. Və Həsən bəy geri döndü. Reallıq olduqca acınacaqlı idi. Vətəni sanki bitib-tükənməyən problemlərin məngənəsinə salınmışdı. Yurddaşlarının əksəriyyəti cahil idi, dövrün tələblərini anlamır, çoxu anlamaq da istəmirdi.

Həsən bəy Tiflisdə Torpaq Palatasında, Bakıda Quberniya İdarəsində, Qubada məhkəmədə işlədi, məşəqqətlər çəkdi, sui-qəsdlə üzləşdi. 1869-cu ildə çətinliklə də olsa, Bakı Realnı Gimnaziyasına təbiət tarixi müəllimi təyin edildi. O, Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər arasında ali təhsilli ilk və tək azərbaycanlı oldu. Azərbaycanlı şagirdlərin yox dərəcəsində olduğu məktəbə millət övladlarını cəlb etməyə çalışdı. Yoxsul, kimsəsiz uşaqların təhsilinə yardım göstərilməsi üçün müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyəti-xeyriyyə" yaratdı. Gimnaziyada təhsil alan şagirdləri - Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov Gorani ilə Azərbaycan şəhərlərini, kəndlərini gəzib, "Cəmiyyəti-xeyriyyə"yə üzvlər yazdırdı. Toplanan 1600 manatla 2 yoxsul və kimsəsiz şagirdin təhsil haqqı ödənildi.

 

 

 

Həsən bəy Zərdabinin keşməkeşli ömrünün cəfakeş yoldaşı - Hənifə xanım

 

 

1872-ci ildə "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın Gimnaziyasını bitirən qızların siyahısında Hənifə Abayeva adlı müsəlman, türk qızının adını oxudu. Onunla tanış olmaq üçün Tiflisə yollandı. Gimnaziyada Hənifə xanımla görüşdü. Qızın ağlına, düşüncələrinə heyran qaldı. Həsən bəy Hənifə xanıma evlənmək təklifi etdi. Razılığını aldı. Məktəbə dəvət olunan molla kəbinlərini kəsdi. Həsən bəy gənc xanımı ilə Bakıya döndü. O gündən keşməkeşli ömür yolunda tək addımlamadı. Hənifə xanım Həsən bəyə həyat yoldaşı, dost, sirdaş oldu.

 

 

Sözün qüdrətinə sonsuz inamla bünövrəsi qoyulan milli mətbuatımız

 

 

Həsən bəy Zərdabi mətbuatın əhəmiyyətini yaxşı bilirdi.  Odur ki, qəzet açmaq ən ümdə arzularından biri idi. Mətbu orqan yaratmağın çox ağır, müşkül olduğu, böyük zəhmət, dözüm, səbir tələb etdiyi vaxtda fəaliyyətə başladı. Çar imperiyası üçün müstəmləkəsi altında olan ölkələrdə, xüsusilə müsəlmanların, türklərin yaşadıqları yerlərdə maarifin, mətbuatın inkişafı arzuolunan deyildi. Bu səbəbdən Azərbaycan mətbuatsız, əhalisinin böyük əksəriyyəti savadsız idi. Ozamankı vəziyyətdən çıxış yolu axtarışını Həsən bəy sonralar bunu belə təsvir edəcəkdi: "Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!.."

Çarizmin müvafiq idarələrinə ünvanladığı məktublara müsbət cavab verilmirdi. Həsən bəy sonralar yazacaqdı: "Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürüfat yox. Dövlət tərəfindən izn almaq da ki, bu, böyük bəladır"... Bakı valisi Staroselski senzura məsələsini öhdəsinə götürdü. Qəzetin nəşrinə icazə alındı. Həsən bəy İstanbuldan hürufat gətirtdi. Axır ki, Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin ilk sayının işıq üzü görməsinə nail oldu.

O, sözün qüdrətinə sonsuz inamı ilə milli mətbuatın bünövrəsini qoydu. Bu inam və etiqadla yazdı: "Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir. Habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə qəzetə çıxarmaqdan savay bir qeyri-əlac yoxdur ki, o kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar...".

Yazıb-oxumağı bacaranların az olduğu bir məmləkətdə qəzet çap edirdi Həsən bəy Zərdabi. Yaşadığı mühitin, gördüyü mənzərələrin aşıladığı ümidsizlikləri, bədbinlikləri mübariz ruhuna yaxın buraxmadan yandırdığı mətbuat işığının sönməməsinə səy göstərirdi.   "Əkinçi"nin ilk sayında yazırdı: "Qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayan və pirşov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun".

Ana dilində ilk qəzetin nəşrə başladğı gün Həsən bəy Zərdabinin halını Hənifə xanım belə təsvir edib: "Həsən bəyin gözləri sevincdən yaşarmışdı. Olduqca həyəcanlı vəziyyətdə evə gəldi. Həmin gün onun həyatının ən xoşbəxt anları idi".

Bu xəbər Azərbaycanın digər vətənpərvər, millətsevər övladlarını - Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani və başqalarını da çox sevindirdi. Onlar "Əkinçi"nin fəaliyyəti üçün köməklərini əsirgəmədilər.

"Əkinçi" və onun baş redaktoru Həsən bəy Zərdabi barəsində çar idarələrinə danoslar göndərirdilər. Təəssüf ki, danosçular arasında öz millətimizdən olanlar da vardı. "Əkinçi"nin ilk sayını alan polkovnik Əlibəy Əlixanov təəssüfləndiyini bildirmişdi: "Təəssüf eyləyirəm redaktor nə üçün bilmir ki, öz çarına sədaqətlə xidmət edən bir nökər hökumət tərəfindən buraxılmayan bir qəzeti oxumaz".

 

 

 

"Doğrusu, siz əsl qəhrəmansınız!"

 

 

Milli mətbuatımızın ilkinin nəşri getdikcə çətinləşirdi. Mətbəədə hürufat çatmır, olanlar köhnəlirdi. Müxbirlərinin sayı yetərli deyildi. Həsən bəy yazırdı: "Köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtlı-vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq". Məqalə və xəbərləri Azərbaycan dilinə özü tərcümə edən, çox zaman korrektor işini də görən Həsən bəy yazırdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur".

 "Əkinçi"nin vəziyyəti Qafqaz xalqlarının xeyirxahı kimi tanınan Staroselski Bakıdan gedəndən sonra daha da ağırlaşdı. Zərdabi yazırdı ki, müsəlmanların düşmənləri Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən "Əkinçi"nin üstə tökülüb onun bağlanmasına səy edirdilər. Xüsusilə 1877-ci ildə Rusiya-Türkiyə müharibəsinin başlanması, Dağıstanda üsyanların baş verməsi "Əkinçi"yə və onun "siyasi cəhətdən təhlükəli və etibarsız" elan olunmuş baş redaktoruna qarşı senzor nəzarətinin gücləndirilməsi ilə nəticələndi, 1906-cı ildə Həsən bəy həmin günləri belə xatırladı: "Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm, təhsil almağa çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə, o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri-mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri-nömrə çap edəsən. Cavab verdim ki, qeyri-nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb payladı. Çünki nömrə mənim adımdan çıxmışdı, mən təvəqqe elədim ki, dəxi mənim adımdan qəzet çıxarmasınlar".

 "Əkinçi"nin 56 sayı işıq üzü gördü. 1877-ci il  sentyabrın 29-da qəzetin fəaliyyətinə son qoyuldu. Ancaq xalqın maarifi, mədəniyyəti, anadilli məktəblərin, mətbu orqanların açılması yolunda "Əkinçi"nin gördüyü işləri XIX əsrin sonları, XX əsrin əvvəllərində "Ziya" və "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Molla Nəsrəddin" və başqa mətbu orqanlar davam etdirdilər.

Təqiblər "Əkinçi"dən sonra da bitmədi. 1878-ci il noyabrın 20-də Həsən bəy Zərdabi Bakı Realnı məktəbinin müəllimi vəzifəsindən azad edildi. 1880-ci ildən doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşadı. Həmin illərdə də maarifçilik işini davam etdirdi, rusdilli qəzetlərə məqalələr yazdı.

1896-cı ildə Bakıya qayıtdı. Yenidən ən fəal ziyalılardan biri kimi diqqət mərkəzində oldu. 1897-ci ildə naşirinin milyonçu Hacı Zeynalabidin Tağıyev olması "Kaspi" qəzetinin fəaliyyətində yeni səhifələr açdı. Həsən bəyin böyük qızı Pərinin həyat yoldaşı Əlimərdan bəy Topçubaşov 1898-ci ildə bu qəzetin baş redaktoru oldu. Həsən bəy Zərdabi də qəzetçilik fəaliyyətini "Kaspi"də davam etdirdi.

O, Bakı şəhər Dumasına deputat (qlasnı) seçildi. Dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələlərini qaldırdı.

1901-ci ildə Bakıda Həsən bəy Zərdabinin məsləhəti, Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Qızlar Məktəbi açıldı. Məktəbin ilk müdiri Hənifə xanım oldu.

Dünya malına meyil etmədi. Bakıda evi belə yox idi. Qəzet redaksiyasının kirayə etdiyi, Təzəpir məscidinin yaxınlığında, Staraya Poçtovaya (indiki Cəlil Məmmədquluzadə) küçəsində, Tağıyevin mülklərindən birində yerləşən mənzildə yaşayırdı. Böyük rus yazıçısı Maksim Qorki və məşhur müğənni Fyodr Şalyapin də qonaq olduğu, Həsən bəyin təşkil etdiyi ailə ziyafətində Şalyapin bir neçə rus romansı belə oxuduğu o altıotaqlı mənzili Qəribsoltan xanım Məlikova belə xatırlayırdı. "Bu otaqlar həmişə evimizdə nahar eləyən, gecəni burada keçirən kənar adamlarla dolu olurdu. Onlar ya ailəmizin saysız-hesabsız qonaqları, ya da öz işləri üçün Bakıya, atamın yanına gələn tanış kəndlilər idilər". Həsən bəy yaşadığı mənzili pansionata çevirmişdi. Hənifə xanım azərbaycanlı uşaqları məktəb və gimnaziyalara imtahan vermək üçün hazırlaşdırırdı. Mənzil-pansionatda yaşayan və təhsil alan oğlan uşaqlarının sayının on nəfərə çatdığı vaxtlar da olurdu.

Vətən övladlarının maariflənmələri, inkişaf etmiş millətlərin nümayəndələri ilə eyni sıralarda dayanmaları, ağ günlərə çıxmaları üçün Həsən bəy Zərdabi öz ömrünü şam kimi yandırdı. Böyük zəhmət, ağır sarsıntılar cansağlığını ondan aldı. Skleroz xəstəliyinə düçar oldu. 1906-cı ilin yazında beyninə qan sızdı, iflic vurdu. Qayğısını çəkdikləri, ustadı olduqları, yol göstərdikləri belə ona qarşı biganə, laqeyd oldular. Həsən bəyi sevgidən, qayğıdan bir an belə məhrum etməyən ailəsi isə "Kaspi" redaksiyasının verdiyi mənzildən çıxarılacaqlarının narahatlığı içində yaşadılar.

Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat etdi. Gördüyü böyük işlər yenidən bütün əzəməti ilə xatırlandı. Ona minnətdarlıqlarını ifadə etmək üçün gələnlərin ardı-arası kəsilmədi. Zərdabinin sonbeşiyi, Bakıdakı III Rus-müsəlman qızlar məktəbində müəllim işləyən Qəribsoltan Məlikovanın xatirələrinə həmin gün belə köçdü: "Otağa bir ucdan əklillər gətirirdilər. Onlar üzərində təsəlli sözləri yazılmış enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi". Qəribsoltan xanım sonralar yada salırdı ki, dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhərin bura toplaşması təəssüratını yaradırdı.

 

 

 

Öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşanlar...

 

 

Noyabrın 30-da Həsən bəyin təntənəli dəfn mərasiminə gələn hər kəsin yükü ağır idi. Millətin dərdlərinə yanan ustadın yasına heç kim yalnız öz dərdini, qubarını, problemlərini götürüb gələ bilməzdi. Millətin birliyinin təntənəsi kimi tarixə çevrilən 1907-ci ilin o soyuq payız günü barədə Qəribsoltan xanım sonralar yazmışdı: "Şəhərin tanınmış adamları mərhuma özlərinin son borcunu vermək üçün tabutunun yanında cərgə ilə dayanmışdılar. Onların sifətində nəcib kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin qırışlar basmış, gözlərindən sonsuz ehtiyac və əzab oxunan bütöv insan dənizi dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı özünün bütün təbiiliyi və səmimiliyi ilə məhz bu arxa sıralarda dayananların üzlərində sezilməkdə idi. Bu zavallı adamlar öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşırdı".

Azərbaycanın tanınmış, adlı-sanlı ziyalıları çıxış edir, Həsən bəy Zərdabinin millət qarşısındakı xidmətlərindən danışırdılar. "Aləmi-İslam bir qaranlıq içərisində qaldığı zaman bu adam  əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi...", - dedi Əlibəy Hüseynzadə.

Doktor Qara bəy Qarabəyov çıxışında Həsən bəyin birinciliklərini xatırlatdı: "Elə bir müsəlman ziyalısı tapılmaz ki, bizim ən qocaman müsəlman ziyalımız və həqiqi universitetimiz olan Həsən bəyə müraciət etməsin, ondan məsləhət almasın. O, qəflət yuxusuna dalmış müsəlmanların ilk oyadıcısı idi. O, ilk qəzeti yaratmışdı. O. ilk müsəlman teatr truppasını təşkil etmişdi. O, ilk rus-müsəlman məktəblərinin açılmasına səy göstərmişdi. O, ilk dəfə müsəlman gəncliyini məktəblərə, maarifə səsləmişdi". O, dəfn mərasiminə toplaşanların çoxunun qəlbindəki peşmanlıq duyğularını da dilə gətirdi: "Qocaman ədibimizi əlimizdən aldığına görə Allahdan şikayətçi deyilik. Bəlkə də vaxtı çatmışdı. Onun yoxsulluq içərisində vəfat etməsi də bizi kədərləndirmir. Bizi ən çox qüssə və ələmə qərq edən Həsən bəy xəstəliyi ucbatından ictimai işlərdən uzaqlaşdığı zaman onu unutmağımızdır. Heç birimiz ona baş çəkməyə getmədik. Şəhər nümayəndələri də sayğısızlıq göstərdilər".

Dekabrın 1-də "Kaspi" qəzetində verilmiş "Həsən bəy Məlikovun dəfni" adlı məqalədə ustadın vəsiyyətinə əməl edilməməsinin səbəbi belə izah olundu: "Ənənələr və Həsən bəyin şəxsiyyətinə böyük ehtiram üstün gəldi və cəmiyyət onun sakit, səssiz-küysüz, təntənəsiz dəfn olunması haqqındakı vəsiyyətinə əməl edə bilmədi"...

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 21 iyul.- S.8.