Tarixə dönən günlər

 

Yaşanan gözlənilən günlərdir. 29 illik həsrət bitdi. Ağalı kənd sakinlərinin gözləri yollardan yığışdı. Yollar onları doğma yurdlarına apardı. Bu, işğaldan azad olunan ərazilərə - Zəngilana ilk qayıdışdır. Bu, bir kəndin - Ağalı kəndinin yeni tarixinin başlanğıc günləridir...

 

 

Müharibədən, münaqişədən uzaq çağlar...

 

 

XX əsrin sonuncu onilliyinədək Qarabağın və Şərqi Zəngəzurun bütün yaşayış məntəqələrində olduğu kimi, Zəngilan rayonunun Ağalı kəndində də həyat öz sakit axarındaydı. Ailə, ev-eşik qayğıları, təsərrüfat işləri başlarını qatsa da, qohum-qonşunun, el-obanın sevincinə, dərd-sərinə biganə qalmırdılar. Üç kəndin birləşdiyi inzibati ərazidə 261 ailə yaşayırdı. Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) vardı.

1980-ci illərin sonlarında Ermənistan qondarma ad və əsassız iddialarla Azərbaycan ərazilərində münaqişələr törətməyə başladı. Sonralar şübhə qalmayacaqdı ki, bütün təxribatlara, münaqişələrə rəvac verilməsi, əslində, elə əvvəldən planlı şəkildə aparılıb. Azərbaycanlıların ayrı-ayrı yaşayış məntəqələrində erməni quldurları tərəfindən qətlə yetirilməsi barədə xəbərlər yayılırdı. Ağalılar da böyük nigaranlıq və narahatlıq içərisində idi. Təcavüzkar ermənilər isə getdikcə daha da azğınlaşırdılar. 1990-cı illərin əvvəllərində vəziyyət olduqca gərginləşdi. Qarabağ və Şərqi Zəngəzur əraziləri bir-bir erməni silahlıları tərəfindən işğal olundu. 1993-cü ilin oktyabrında Zəngilan rayonu da düşmən əlinə keçdi. Payızın soyuq günündə on minlərlə əhali Araz çayını keçib canlarını erməni silahlılarından qurtara bildilər. Rayonun bütün yaşayış məntəqələri kimi, Ağalı kəndini də ermənilər işğal etdilər.

2020-ci il sentyabrın 27-də, Vətən müharibəsi başlayan gündən zəngilanlılar da böyük həyəcanla Azərbaycan Silahlı Qüvvələrinin düşməni darmadağın edib qələbə qazanması xəbərini səbirsizliklə gözləyirdilər. Nəhayət, ümidləri doğruldu. Arzuları həyata keçdi. 44 gün davam edən müharibədə Ermənistan silahlı qüvvələri layiq olduqları məğlubiyyəti yaşadı. Azərbaycan Ordusunun igid döyüşçüləri onları ölkəmizin ərazilərindən qovdular. Vətən torpaqları azad edildi. Həmin günlərdən biri - 2020-ci ilin 28 oktyabrı da Zəngilanın tarixinə düşməndən xilas olduğu gün kimi yazıldı.

 

 

 

Yenidən salınan köhnə yurd yerlərimiz

 

 

Ermənistan silahlı qüvvələrinin işğal müddətində vandallar kəndlərimizi, qəsəbələrimizi, rayonlarımızı, şəhərlərimizi xarabalığa çevirdilər. Qədim və müasir tikililəri uçurub dağıtdılar, talan etdilər, yandırdılar. Zəfərdən sonra Azərbaycan dövləti düşmənin qəddarlıqla, amansızlıqla dağıdıb yerləyeksan etdiyi yurd yerlərimizdə geniş və sürətli tikinti-quruculuq işlərinə başladı. Belə ünvanlardan biri də Ağalı kəndi oldu.

Ağalı kəndi artıq müasir şəhərsalma standartları tətbiq olunmaqla yenidən qurulub. 2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Kənd sakinlərinin rahatlığı üçün burada hər cür şərait yaradılıb. "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, KiçikOrta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Ağalının küçələrinin "ağıllı" işıqlandırılması, istisoyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması yüksək səviyyədə reallaşdırılıb. Kənddə "Gillmed" tikiş fabriki, Ailə sağlamlıq mərkəzi, uşaq bağçası və orta məktəb tikilib.

Ağalı kəndinin mərkəzi meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb.

Artıq 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb. Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək. V.Hacıyev ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastrukturun qurulduğunu qeyd edib: "Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda ümumilikdə Ağalı kəndindən 1457 nəfər var. Onlarda 1357 nəfər bu kənddə yaşamaq niyyətini bildiriblər".

Sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin ediləcək.

 

 

 

Ağalının xoş günləri başlayır

 

 

İyirmi doqquz il qabaq doğma yurdundan ağlaya-ağlaya çıxanlar, artıq gülər üzlə, sevinclə, böyük xoşbəxtlik hissi ilə geri dönürlər. Ozamankı cavanlar yaşa dolublar, aradan uzun illər keçib, ancaq onların saçlarının ağları, üzlərinin qırışları hamısı illərin gətirdikləri deyil. Çoxu yurd ağrılarının, ayrı düşdükləri el-oba, doğma ev-ocaq qüssəsinin, nisgilinin nişanəsidir.

Ovaxtkı körpələr Ağalını xatırlamırdılar. Ağalı onlar üçün valideynlərinin, qohum-qonşularının danışdıqlarından ibarət idi.

Ağalı kəndində dünyaya göz açıb, buranı uşaq ikən tərk edənlərin çoxu da doğma yurdunu heç düz-əməlli xatırlaya bilmirdi, bəzilərinin isə yadında qalanlar nağıla, xəyala, yuxuya bənzəyirdi.

Ağalı sakinləri sevinclə, qürurla öz kəndlərinə qayıdırlar. İyirmi doqquz il qabaq qucaqlarında körpə balaları ilə kəndi tərk edənlər indi nəvələri ilə birlikdə doğma yurda dönürlər. Deməli, Ağalının xoş günləri başlayır...

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 21 iyul.- S.9.