Ağalını ağlaya-ağlaya tərk edənlər Ağalıya gülə-gülə qayıtdılar

 

 

O yurd ki, 28 ildir həsrətindən qovrulub yanır, sevincimizi, təsəllimizi yuxularımıza gəlməsilə tapırdıq, o yurd ki, şəkillərdə, xəyallarda yaşadırdıq, bu gün ona qovuşmuşuq. Yurdumuz yağı düşməndən azad olunub, həsrətimizə son qoyulub.

Yurd bizi bağışladı, qollarını  geniş açıb bağrına basdı bizi. İllərdir küskün qalmış kəndlərimizin, şəhərlərimizin çöhrəsində güllər açıb indi, Zəngilana dönən, köçkün, qaçqın tənəsindən qurtulan soydaşlarımızın çöhrəsində açdığı kimi... Necə sevinirdilər, necə tələsirdilər yurda dönməyə. Geriyə dönən bu köçü görəndə illərlə yaşadığımız günlərin acısı getdi ürəyimizdən.

Ağalıdan ağlaya-ağlaya gələnlər Ağalıya gülə-gülə qayıtdılar. İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Keçmiş köçkünlərimizin ilk qrupu Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəngilan şəhərciyindən" öz doğma yurd-yuvalarına döndülər.

Ağalı sakinlərini yolasalma tədbirindən sonra jurnalistlərin suallarını cavablandıran Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bütün köç prosesinin dövlət başçısının birbaşa nəzarəti altında olduğunu bildirdi... Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğuladı. Dedi ki, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

 Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmidir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir. Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürüləcək. Yola salınan ilk köç 10 ailədən ibarətdir.

Bu köçdən sonra daha heç kəs qarşımızı kəsə bilməz, daha heç bir düşmən üstümüzə hücum çəkməyə cürət etməz. Çünki bu torpağın əzəli sakinləri dədə-baba yurduna dönür. Çünki bu yurdun igid əsgərləri, ağlı, siyasəti ilə seçilən Ali Baş Komandanı və onların sayəsində etibarlı güvəni var.

İndi mən bir az da səbirsizləşmişəm, xəyalən də olsa, kəndimizə getmişəm. Bir ağ yola düşüb Qabartı çayı boyunca üzüyuxarı qalxmışam. Evimiz görünəndə dizlərimi yerə qoyub üzümü kəndimizin tozlu-torpaqlı yollarına sürtmüşəm. Nə vaxtdır burnuma kəndimizin şehli otunun, torpağının qoxusu gəlirdi. İndi isə bu xəyalımın tezliklə gerçəkləşəcəyinə inanıram. Niyə də inanmayım? Axı gözümüzün önündə Ağalıya qayıdış nümunəsi var.

 

 

Zəkurə QULİYEVA,

Azərbaycan.-2022.- 21 iyul.- S.9.