Ağalıya Böyük qayıdış ermənilərdə xof yaradıb: "Etiraf edək ki, Qarabağ bizim deyil"

 

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış proqramı üzrə Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanması ölkə tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.

Zəngilan rayonunun Ağalı kəndinin 58 sakininin - 10 ailənin artıq doğma yurd həsrətinə son verilib. Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur. Hazırda işğaldan azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və bərpa işləri Azərbaycanın öz gücünə aparılır.

 

 

 

"Qarabağda erməni qalmayacaq"

 

 

Bütün bunları indi ermənilər özləri də etiraf edirlər. Ermənistan mediasına, ekspertlərin, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, zəfərdən sonra Qarabağa qayıdışın başlanması qarşı tərəfdə ciddi narahatlıq yaradıb.

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının üzvü Qeqam Manukyan bildirib ki, Bakı yenidən istəyinə nail olur: "Azərbaycan azad etdiyi ərazilərə insanların köçürülməsinə başlayıb. Bu, Qarabağda ermənilərin olmayacağının ictimai təsdiqidir. Ermənistan dövlət və cəmiyyət olaraq yenidən müharibə etmək gücündə deyil. Bakı yenə istəyinə nail olur".

Ermənistan parlamentinin sədrinin sabiq müavini İşxan Saqatelyan isə qeyd edir: "Azərbaycan tərəfindən alternativ yol çəkilir, deyəsən, Nikol Paşinyanın Azərbaycan lideri ilə gizli razılaşması var ki, nəticədə bugünkü Laçın yolunu itirəcəyik. Stepanakertə (red.-Xankəndi) doğru Laçından yan keçən yol çəkilir və 2-3 ay sonra istismara veriləcək. Əgər o yol işləsə, bu o deməkdir ki, biz Laçını, o cümlədən Zabuxu, bir neçə kəndi tamamilə itirəcəyik. Ən əsası isə bütün kommunikasiyalarımız, yəni qaz, işıq rəqibin nəzarətində olacaq. Bu o deməkdir ki, biz tam asılı olacağıq. Ermənilərin Qarabağdan çıxarılacağını dedikdə bunu nəzərdə tuturduq. Bütün elektrik və qaz kommunikasiyaları Azərbaycan tərəfinin nəzarətinə keçəcək. Nəticədə Ermənistan tamamilə Azərbaycandan asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq. Elə buna görədir ki, Azərbaycan köç prosesinə start verib. Zəngilana qayıdışın başlaması bunun təzahürüdür".

"Şərəf duyuram" parlament fraksiyasının deputatı Tiqran Abramyan da vəziyyətin ağır olduğunu bildirir: "Laçından keçən mövcud yola alternativ yolun tikintisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulub. Bakıda isə məlum səbəblərdən bu bəndi tez bir zamanda icra etməyə tələsirlər. Bakının məqsədi ermənilərin Laçından yan keçməsidir ki, şəhər tam olaraq onların nəzarətinə keçsin.  Çünki alternativ yolun yaranması nəticəsində Rusiya sülhməramlılarının patrul marşrutu da dəyişəcək. Müvafiq olaraq Ermənistan və Qarabağ arasında yerüstü əlaqənin təmin edilməsi baxımından biz bugünkündən xeyli çətin vəziyyətə düşəcəyik".

 

 

 

"Xankəndini tərk etməyəcəklərini deyənlər indi oradan getməyi düşünürlər"

 

 

"4rd.am" portalı hazırladığı reportajda diqqəti Laçından keçən və Azərbaycan tərəfindən inşası həyata keçirilən yola yönəldir: "Tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadədir. Belə ki, ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Lakin tezliklə buna son qoyulacaq. 10 noyabr Bəyanatının 6-cı bəndinə uyğun olaraq, Laçın şəhərinin içindən keçən yola alternativ yol üç il ərzində inşa edilməli, bundan sonra şəhərin mərkəzi Azərbaycanın nəzarətinə keçməlidir.  Yeni yolun istifadəsindən sonra ermənilər bu əraziləri tərk etməli olacaqlar. Bununla yanaşı, Kiçik Qaladərəsi və Böyük Qaladərəsində yaşayan ermənilər hazırda istifadə etdikləri əkin və otlaq sahələrinin böyük hissəsini də itirmiş olacaqlar".

Ermənistanın "Qrapark" qəzeti məsələ ilə bağlı yazır: "Qarabağdan bizə bildiriblər ki, azərbaycanlıların qayıdışı fonunda Xankəndi və digər ərazilərdən mühacirət etmək niyyətində olan ermənilərin sayı kəskin artıb. Hətta Xankəndini heç vaxt tərk etməyəcəklərini deyənlər də indi oradan getməyi düşünürlər. Deyirlər ki, bu ərazi birdəfəlik Azərbaycanın nəzarətinə keçir, belə olan halda Qarabağda qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil. Bu vəziyyətdə onlar köçməyə üstünlük verirlər".

 

 

 

"İlham Əliyev yavaş-yavaş Zəngəzura, Mehriyə, Qafana  doğru irəliləyir"

 

 

Manvel  Qasparyan adlı instaqram istifadəçisi sakinlərin Ağalı kəndinə qayıdışı ilə bağlı yer alan xəbər paylaşımına belə şərh verib: "Ermənistan ölüb, ağlayanı yoxdur. Azərbaycanlıların qayıdışla bağlı açıqlamalarını izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Zəngəzura, Mehriyə, Qafana  doğru irəliləyir. Etiraf edək ki, Qarabağ biz ermənilərin deyil. Boş yerə gənclərimiz həlak oldular".

"Vkontakte" sosial şəbəkəsində "İlham Əliyev iki ilə Qarabağı abadlaşdırdı, artıq qayıdış başladı" başlığı ilə bağlı paylaşılan şəkilə münasibət bildirən Qaqik Melkumyanın səhifəsi isə əyləncə məkanlarında çəkilmiş fotolarla dolu idi. Rumıniyada ticarətlə məşğul olan Qaqik gülüş işarəsi ilə paylaşılan şəklə belə rəy bildirib: "Yazıq Ermənistandakı həmvətənlərimin halına. İllər öncə Qarabağ bizim nəyimizə lazımdır dedikdə, Sarkisyan rejimi məni və ailəmi ölümlə hədələmişdi. Bir dəfə dostum Nikosyanın dəvəti ilə Qarabağa getmişdim. Yollar bərbad, yaşayış çox acınacaqlı idi. Yazıq millətimi sanki sürgün etmişdilər. İndi isə videodan görürəm ki, Əliyev oraları cənnətə çevirib". 

 

 

 

"Qarabağ heç vaxt biz ermənilərin olmayıb"

 

 

Robert Vazgenyan adlı biri isə tviterdə yazıb: "Niyə sülh müqaviləsi imzalamırıq? Artıq azərbaycanlılar Qarabağa qayıtmağa başlayıblar. Vətənşüvənlik etmək lazım deyil, Qarabağ heç vaxt biz ermənilərin olmayıb. İndi dostluq zamanıdır. Müharibədən sonrakı qorxu hələ də canımızdadır. Paşinyan, sülh müqaviləsini niyə uzadırsan, kimlərdən qorxursan? Cəsarətli ol, İlham Əliyevdən nümunə götür".

Edvard Karapetyan instaqramda Zəngilandan şəkil paylaşaraq qeyd edib: "Xankəndidə yaşayıram. Deyəsən, burada da son günlərim keçir. Acı olsa da, reallığı İkinci Qarabağ müharibəsində gördük. O vaxt əsgər kimi məni Zəngilana göndərmişdilər. Xarabalıqlar içərisində nələr çəkdiyimizi bir Tanrı bilir. İndi isə  inanmaq çətindir, İlham Əliyev tez bir zamanda oraları necə abadlaşdırıb, şokdayam".

 

 

 

"Xilasımız sülh müqaviləsidir"

 

 

Daha bir Ermənistan vətəndaşı Karen İvanyan isə tviterdə belə bir status paylaşıb: "Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Müharibədəki səhvlərini təkrar etməsin. Xilasımız sülh müqaviləsidir".

Henrix Poqosyan isə "Odnoklassniki"də zəngilanlıların Ağalı kəndinə qayıdışı ilə bağlı paylaşımın altına belə bir şərh yazıb: "Açıq reallıq budur. Əliyev  Qarabağa erkən qayıdışla Paşinyana əsl dərs verdi. Bizim Nikol bəs nə edəcək? Seyrçi mövqeyində qalacaq".

Bütün bunlar zəngilanlıların Ağalı kəndinə qayıdışının Qarabağda yaşayan ermənilər üçün nə dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirir.  Azərbaycan ərazilərində rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan zonalarda yaşayan ermənilər də Qarabağı tərk etməyə başlayır. Bu prosesin qarşısını artıq heç bir qüvvə ala bilmir.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 21 iyul.- S.9.