Azərbaycan balının qeyri-neft məhsulu kimi ixrac potensialı genişdir

 

İşğaldan azad olunmuş ərazilərdə 300 min arı ailəsi saxlamaq mümkündür

 

 

Prezident İlham Əliyevin "Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında" 2018-ci il 5 mart tarixli sərəncamı bu sahədə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Sərəncamın imzalanmasından ötən 4 il ərzində ölkə üzrə arı ailələrinin sayı 4,4, bal istehsalı isə 4,8 dəfə artmışdır. Xatırladaq ki, sözügedən sərəncama əsasən, arıçılıqla məşğul olan fizikihüquqi şəxslərə hər arı ailəsinə (pətəyə) görə subsidiya ödənilir.

Arıçılığın inkişafına verilən dövlət dəstəyi özünü statistik rəqəmlərdə də aydın göstərir. Məsələn, 5 il əvvəl ölkədə 250 min arı ailəsi olduğu halda, hazırda bu rəqəm 500 mindən çoxdur. Ötən il Azərbaycanda 6802,7 ton bal istehsal olunub, halbuki daxili tələbatımız 5 min tondur. Deməli, 2 min tona yaxın ixrac potensialımız olub. Bununla yanaşı, keçən il arıçılarımız 172,6 ton mum, 15,6 ton vələmum, 17,8 ton güləm, 215,4 kiloqram arı südü əldə ediblər.

Məlumdur ki, arıçılığın inkişafında məhsuldar arı növlərinin yetişdirilməsi xüsusi önəm daşıyır. Bu üzdən ölkəmizdə yerli genefondların qorunması və damazlıq növünün müəyyən edilməsi istiqamətlərində lazımi tədbirlər görülür. Məsələn, yerli genefond olan "Boz dağ Qafqaz" arı cinsi yetişdirilən 3 arıçılıq təsərrüfatında zootexniki qiymətləndirmə aparılıb. Təsərrüfatlar damazlıq təsərrüfatları kimi qeydiyyata götürülərək dövlət reyestrinə daxil edilib. Ümumiyyətlə, bu prosesə daim nəzarət olunur. Belə ki, damazlıq təsərrüfatlarının yaradılması, seleksiya-damazlıq işlərinin təşkil edilməsi üçün mütəmadi monitorinqlər keçirilərək qiymətləndirmələr aparılır, cinslər üzrə əldə olunan göstəricilər təhlil edilir. Söz düşmüşkən onu da qeyd edək ki, damazlıq arıçılığının inkişafı məqsədilə ölkədə ilk dəfə Zaqatalada "təcrid" zonası yaradılıb.

Bu gün Azərbaycanda dövlət dəstəyi sayəsində arıçılıq gəlirli sahəyə çevrilib. Buna görə də fermerlərin arıçılığa marağı artıb. İldən-ilə arıçılıqla məşğul olan rayonların sayında da artım var. Mütəxəssislərin rəyinə görə, işğaldan azad edilən rayonların 300 min arı ailəsini saxlamaq potensialı var. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur  bölgələrində arıçılığın inkişafı üçün zəngin yem bazası mövcuddur. Bu isə o deməkdir ki, qarşıdakı illərdə ölkəmizdə arı ailələrinin sayının və deməli, məhsul istehsalının artacağı qaçılmazdır.

Bu il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatı köçürülüb. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında, Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı, Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdirilib. "Dağ Arıçıları" İctimai Birliyinin rəhbəri Yusif Quliyev bildirir ki, bu köç Qubadlı arıçılarının həmişəlik yaddaşında qalacaq.

Azərbaycan balı dünyada ən keyfiyyətli bal hesab olunur. FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak deyir: "Beynəlxalq ekspertlərin fikrincə, ən yaxşı arı cinsi ən yaxşı bal Azərbaycana məxsusdur. Biz bu məhsulun daha çox istehsal edilib dünya bazarına çıxarılmasına dəstək verməyə çalışırıq". Bu yerdə bildirək ki, mütəxəssislərin sözlərinə görə, ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur. Onların da təxminən 200-ü nektar çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük imkanlar yaradır.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 21 iyul.- S.10.