Ölkəmizdə
taxılçılığın inkişafı üçün hər cür
imkan və şərait var
Sadəcə
olaraq, həmin imkanlardan səmərəli istifadə
olunmalı, işə can yandırılmalıdır
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda həyata keçirilən aqrar islahatlara uyğun yeni hüquqi bazanın yaradılmasına zərurət yaranmışdır. Bu səbəbdən aqrar sahədə Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş ilk qanunun "Toxumçuluq haqqında" olması, daha sonra "Seleksiya nailiyyətləri haqqında", "Taxıl haqqında" və digər qanunların qəbulu, eləcə də "Kənd təsərrüfatı bitkilərinin toxumlarının sort və səpin keyfiyyəti"nə dair Milli Dövlət Standartının, "Aprobasiya" haqqında təlimat və bir çox digər sənədlərin hazırlanması təsadüfi deyil.
Bütün ölkələr kimi, Azərbaycanın da sosial-iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatının xüsusi rolu var. Ona görə də dünyada baş verən ərzaq çatışmazlığı fonunda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində təxirəsalınmaz işlərin görülməsi çox vacibdir. Prezident İlham Əliyevin çox ciddi şəkildə qarşıya qoyduğu buğda idxalını azaltmaq, yerli məhsul hesabına əhalinin ərzağa olan tələbatını ödəmək bu gün aqrar sahənin qarşısında duran əsas vəzifədir. Dünyanın hər yerində taxılçılığın, xüsusilə buğda bitkisinin inkişafına xüsusi diqqət yetirilir. İnkişaf etmiş ölkələrdə buğda toxumu səpilmiş sahənin hər hektarından 80-100 sentner məhsul götürülsə də, ölkəmizdə bu rəqəm xeyli aşağıdır. Bunun bir çox səbəbləri var və onların əksəriyyətinin həlli mümkündür.
Bildiyimiz kimi, toxum kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının bünövrəsidir. Toxumun keyfiyyəti nə qədər yüksəkdirsə, ondan inkişaf edən bitkilər də bir o qədər güclü və məhsuldardır. Məhsuldarlığı yüksəltmək işində toxumun əhəmiyyətini nəzərə alaraq toxumların təmiz, cücərmə qabiliyyətinin yüksək, dolğun, sağlam olması üçün yüksək təsərrüfat tələbkarlığı göstərilməlidir. Əfsuslar olsun ki, bizdə fermerlərin böyük əksəriyyəti bu sahənin mütəxəssisi olmadığı üçün həmin məsələlər diqqətdən kənar qalır. Halbuki yüksəkkeyfiyyətli toxumlarla səpin aparılarkən aqrotexniki tədbirlərin düzgün həyata keçirildiyi şəraitdə məhsuldarlığı ən azı 20-30 faiz artırmaq mümkündür. Deməli, əsas iş keyfiyyət göstəriciləri yüksək olan toxumdan başlayır.
Hazırda fermerlərin böyük əksəriyyəti mənbəyi və mənşəyi bilinməyən material ilə səpin aparır. Onun toxum və ya əmtəəlik məhsul olması barədə hər hansı sənədə və məlumata malik olmurlar. Rayonlaşmamış, sertifikatı olmayan, bazardan alınmış toxum ilə aparılan səpinlərdən isə yüksək məhsul əldə etmək mümkün deyil. Ucuz başa gəldiyi üçün səpin aparan şəxslərin böyük bir qisminin belə etdiyini nəzərə alaraq onlar arasında maarifləndirmə işlərinin aparılması, alim və mütəxəssislər tərəfindən treninqlərin keçirilməsi çox vacibdir. Bu məsələni həll etmək üçün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) imkanlarından istifadə edilməsi məqsədəuyğun olardı.
Amma bunun əvəzinə əksər hallarda heç bir analiz aparmadan toxum materialının səpini həyata keçirilir ki, bu da nəticədə külli miqdarda məhsul itkisinə gətirib çıxarır. Halbuki toxum partiyasının sənədlərində göstərilmiş sortluq və səpin keyfiyyət göstəricilərinə baxmayaraq, onların səpinqabağı analiz edilməsi bu problemi həll etmiş olardı. Çünki bəzi hallarda toxumun sənədlərində göstərilənlər həqiqəti əks etdirmir. Unudulmamalıdır ki, aprobasiya edilməmiş sahənin məhsulundan toxum kimi istifadə etmək olmaz. Aprobasiya toxum üçün əkilmiş sahənin məhsulunun toxum kimi istifadəsinin bəyənilməsidir. Bunun üçün xüsusi təlimat işlənmiş və qəbul edilmişdir. Buna əməl edilməsi hər bir toxum yetişdirənin əsas vəzifəsidir. Bu iş isə bitkinin tam yetişmə mərhələsində, yığımqabağı həyata keçirilir ki, bu da yayın ən isti aylarına düşdüyündən bir çox hallarda tam təlimata uyğun gəlmir. Buna cavabdeh olan dövlət qurumları çox səy göstərsələr də, yerlərdə onu həyata keçirən şəxslərin məsuliyyətsizliyi, bəzən də səhlənkarlığı düzgün nəticələrin əldə edilməsinə imkan vermir. Toxum barədə düzgün nəticələrin əldə edilməsi bu prosesdən asılıdır. Sahələrimizin əksər hissəsinin bu gün də qarışıqlardan - yumşaq və bərk buğda növləri, növ müxtəliflikləri, onların sortları, arpa, çovdar və s. ilə qarışıq olması da bunun nəticəsidir.
Onda ortaya sual çıxır: niyə sahələrimiz qarışıqdır? Təbii ki, burada ikinci bir səbəb də var. Bu, fermerlərimizin kiçiksahəli pay torpaqlarına sahib olduqları üçün növbəli əkin sistemini tətbiq edə bilməmələridir. Bunun nəticəsidir ki, onlar uzun illər eyni sahədə eyni bitkini əkir və bu, sahələri həmin bitkinin xəstəlikləri və zərərvericiləri ilə sirayətləndirir. Odur ki, fermerlərimizə növbəli əkin sistemini tətbiq etmələri tövsiyə olunur. Çünki həm aprobasiyanın təlimata uyğun aparılması, həm də növbəli əkinlərin tətbiqi bu məsələni qismən də olsa həll edir.
Ticarət dövriyyəsinə daxil edilərkən rayonlaşmamış sortların, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan, qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış və sort qarışığı olan toxumların istifadəsinə icazə verilməməlidir. Bəzən əkinçilərimiz öz əkin sahələrindən götürdükləri məhsul ilə, bəzən də qonşudan, tanışdan və ya bazardan aldığı məhsul ilə səpin aparırlar. Heç bir sənədi olmayan, analiz edilməmiş belə toxumlarla səpin aparmaq olmaz. Bu işə daha ciddi nəzarət etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin yerlərdə olan qurumlarına daha böyük səlahiyyətlər vermək lazımdır. Məhz onlar hər bir əkin sahəsini yoxlamalı və yerindəcə ciddi tədbir görməli, yalnız tövsiyə verib getməməli, toxumun sənədlərini, onların düzgünlüyünü yoxlamalıdırlar. Bu sənədlərin tərtibi isə, qeyd etdiyimiz kimi, sahələrin aprobasiyasından asılıdır.
Bütün bu deyilən problemlərin həlli günün ən vacib və təxirəsalınmaz məsələsidir. Çünki toxumçuluqda olan bu problemləri həll etmədən heç bir zaman yüksək və keyfiyyətli məhsul əldə etmək mümkün deyil. Yeri gəlmişkən, qeyd edək ki, sözügedən problemin həlli üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində toxumçuluq laboratoriyaları fəaliyyət göstərir. Ancaq fermerlərin bu sahəni bilməmələri sonda adi məhsulla səpin aparılmasına gətirib çıxarır. Vacib olan isə səpindən qabaq toxumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini yoxlamaqdır. Toxum kondisiyaya uyğun olmazsa, müəyyən tədbirlər görülməlidir. Adətən, toxumun keyfiyyəti toxum nəzarət laboratoriyalarında təyin edilir və keyfiyyətə dair sənəd verilir. Amma toxumun çeşidlənməsinə, dərmanlanmasına, saxlanmasına da xüsusi nəzarət olmalıdır.
Fermer təsərrüfatlarında yüksək məhsul, yaxşı gəlir əldə etmək üçün hər zonanın torpaq iqlim şəraitinə uyğun sortlar əkilməlidir. Bəzən bizim fermerlər bunu nəzərə almır, suvarma üçün yaradılan sortu dəmyədə və ya əksinə, yaxud vegetasiya müddətini nəzərə almadan dağlıq sortu aranda və ya əksinə əkirlər. Yekunda istədiyi qədər məhsul əldə edə bilmir. Bu isə çox diqqət yetirilməli məsələdir. Bundan əlavə, çox zaman xaricdən gətirilmiş eyni toxumun bir zonada yaxşı, başqa yerdə isə pis olması ilə rastlaşırıq. Bizdə bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Hər zonanın şəraitinə uyğun sortlar yaradılmalı və tətbiq olunmalıdır. Xaricdən gətirilmiş sortlar həm də müəyyən xəstəliklərin yayılmasına səbəb olur. Odur ki, onların əvəzinə son illər alimlərimiz tərəfindən yaradılan yüksək məhsuldar sortlara üstünlük verilməsi daha məqsədəuyğun olardı. Bu, həm də ölkəmizdə seleksiya işinin geniş aparılmasına təkan verərdi.
Toxum və sort amilləri ilə yanaşı, bəzi məsələlər də var ki, fermer onları da mütləq nəzərə almalıdır. Məsələn, torpaq analizi. Bol məhsul üçün torpaqları analiz etmək, onu tanımaq, lazımi qida elementləri ilə zənginləşdirmək lazımdır. Analiz etmədən, hansı qida elementinə ehtiyac olduğunu bilmədən səpin aparmaq, gübrələri necə gəldi vermək olmaz. Bu, əksinə, daha da pis nəticə verər, torpaqların korlanmasına səbəb olar. Gübrələrin baha olduğu, tərkibinin, keyfiyyətinin dəqiq bilinmədiyi halda bu, daha mənfi nəticələrə gətirib çıxara bilər. Bəzən fermer ucuz gübrə alaraq tətbiq edir və sonda zəhməti və xərci batır. Odur ki, bu məsələyə də diqqət yetirilməli, yəni gübrələr düzgün və vaxtında verilməlidir.
Qeyd edək ki, bu sahədə də dövlət daim fermerlərə qayğıkeşlik göstərir, o cümlədən onlara subsidiyalar verir, yardım edir. Lakin bu zaman onların aldıqları dərmanın, gübrənin, herbisidin də keyfiyyəti bəzən aşağı olur. Bunu ən çox xəstəliklərə qarşı mübarizə tədbirlərində müşahidə edirik. Fermer tədbir görür, ancaq nəticəsi olmur. Xəstəliklər isə məhsuldarlığa 30-50 faiz, bəzən daha çox ziyan vurur. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumları həmin məsələni çox ciddi nəzarətdə saxlamalıdır.
Fermer yüksək məhsul istəyirsə, o, yüksək aqrotexniki tədbirləri həyata keçirməli, növbəli əkinə əməl etməli, əkindən biçinə qədər sahəni diqqətdə saxlamalıdır. Lakin fermerlərimiz bəzi hallarda səpində gedib bir də biçin vaxtı sahəyə gəlirlər. Belə etinasız yanaşma olmaz. Başqa vacib məsələ: hazırda ölkəmizdə biçin yekunlaşmaq üzrədir. Bəzi fermerlər sahəni yandırır, bunun xeyirli olduğunu düşünürlər. Buna qəti yol verilməməlidir. Biz bununla torpağı məhv edirik. Onun strukturunu pozur, faydalı mikroorqanizmlərini öldürür, məhsuldarlığını aşağı salırıq. Əvəzində isə fermer gecikmədən sahəni şumlamalı, imkan varsa, onu sulamalı, sahədə olan müxtəlif toxumların cücərməsinə, ziyanvericilərin məhv edilməsinə çalışmalıdır. Növbəti mərhələdə sahədə şumun, eləcə də optimal müddətdə səpinin aparılması vacibdir. Səpini tez və ya gec aparmaq olmaz.
Bitkilərin inkişaf fazaları izlənilməli, lazım olan aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bura sahənin suvarılması, ziyanvericilərə qarşı mübarizənin aparılması, yemləmə gübrələrinin verilməsi və digərləri aiddir. Bəzən payız aylarında havanın az miqdarda yağmurlu keçməsi əkinçilərimizi aldadır. Onlar bunu kifayətedici sanır, suvarma həyata keçirmirlər. Əksinə, bitkinin inkişaf fazalarında daha diqqətli olmaq lazımdır. Məhsuldar kollanma yüksək olmazsa, təbii ki, məhsuldarlıq da aşağı düşəcək. Hazırda ölkəmizdə müxtəlif suvarma sistemlərindən, qurğularından istifadə etməklə vegetasiya suvarmaları həyata keçirilir. Bu təqdirəlayiqdir. Çalışmaq lazımdır ki, qlobal iqlim dəyişkənliklərinin baş verdiyi, su qıtlığının yarandığı indiki zamanda fermerlərimiz belə suvarma üsullarına üstünlük versinlər. Bu, həm də iqtisadi baxımdan daha sərfəlidir.
Bitkilərin qışlama dövründə də onlara müəyyən aqrotexniki qulluq edilməlidir. İlk növbədə ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir. Yazın ilk aylarında yemləmə gübrələrinin verilməsi, sahənin alaqlardan təmizlənməsi mütləqdir. Bəzən isə bu tədbirlər həyata keçirilmir. Bu halda sahələrdən yüksək məhsul əldə etmək mümkün deyil. Bəzən də fermerlərimiz bu tədbirləri həyata keçirsələr də, yaxşı nəticə əldə edə bilmirlər. Bunun başlıca səbəbi, qeyd etdiyimiz kimi, onların istifadə etdikləri dərman və preparatların keyfiyyətinin aşağı və ya saxta olmasıdır. Bəzən əkinçilərimiz ucuz gübrə və dərmanlardan istifadə edirlər ki, bunun da elə bir müsbət nəticəsi olmur. Odur ki, bu məsələyə ciddi nəzarət edilməlidir.
Məhsul itkisinə səbəb olan amillərdən biri də onun vaxtında yığılmamasıdır. Bəzən sahələr yumşaq və bərk buğda növlərinin qarışığından ibarət olur ki, bu da tam yetişmədə özünü büruzə verir. Yumşaq buğdalar bərk buğdalara nisbətən tez yetişdiyi üçün biçini vaxtında aparmaq olmur. Həm də yumşaq buğdalar tam yetişən kimi yığılmadıqda dənin tökülməsi baş verir ki, bu da məhsuldarlığı aşağı salır. Eləcə də belə qarışıq əkinlərin məhsulundan təyinatı üzrə istifadə etmək mümkün deyil. Ən əsası biz ondan çörəkbişirmədə istifadə edə bilmirik. Sonra deyirlər ki, yerli buğdaların keyfiyyəti aşağıdır. Halbuki yerli buğdalarımız (məsələn, Qırmızı buğda, Kəhraba buğda, Zoğal buğda, Qızıl buğda, Sarı buğda, Qaraqılçıq buğda, Ağ buğda və s.) dünyaca məşhur olub.
İkinci böyük problem isə taxılyığan kombaynların çatışmamasıdır. Bu işdə iri sahələri olan fermerlərin, şirkətlərin ciddi problemləri olmasa da, xırda əkin sahələri olan mülkiyyətçilər çox çətinlik çəkirlər. Kiçik sahələrə kombaynçılar ya getmir, ya da ən sonda gedirlər. Bu zaman isə dən tökülmüş olur, bəzən də sahəni alaq bitkiləri basmış olur. Bunun çıxış yolu xırda təsərrüfatların birləşərək iri təsərrüfatlar yaratması, eyni bitkinin daha geniş ərazilərdə əkilməsidir. Bu, həm də digər aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsinə şərait yaradar.
Son illər dövlət təkrar əkinlərə xüsusi üstünlük verir, taxılın biçinindən sonra sahələrdə ikinci bir bitkinin əkininə ayrıca subsidiyalar verir. Fermerlərimiz də taxıl yığıldıqdan sonra əksər hallarda həmin sahələrdə qarğıdalı əkirlər. Bu, həm yem bazasının möhkəmlənməsinə, həm də əlavə məhsulun əldə olunmasına səbəb olur. Amma bu zaman təkrar əkinin hansı məqsədlə aparılmasına diqqət vermək lazımdır. Əgər sahə dən məhsulu üçün əkilirsə, o zaman qısa vegetasiyalı, yəni tezyetişən sort və hibridlərə üstünlük vermək lazımdır. Yox, silos məqsədilə əkilirsə, daha hündürboylu, uzunvegetasiyalı sort və hibridlərin əkilməsi tövsiyə olunur.
Toxumçuluqda problemlərə gəldikdə, onlar, əsasən, sortlar və onların toxumları üzərində nəzarətin olmaması, beynəlxalq təcrübəyə əsaslanmayan seleksiya fəaliyyətinin aparılması, toxum istehsalı və tədarükündə pərakəndəlik, toxum bazarı və dövriyyəsində olan problemlərdir. Toxum istehsalı ilə məşğul olan təsərrüfatların maddi-texniki bazasının zəifliyi, toxumların saxlanılmasının təşkilində baş verən çatışmazlıqlar, özəl toxum istehsalçılarının işinin qeyri- mütəşəkilliyi, superelit və elit toxum istehsalı üçün planlaşdırmanın zəif aparılması, toxum istehsalı istiqamətində beynəlxalq layihələrin yetərincə olmaması da toxumçuluqda olan problemlərdəndir. Toxum bazarı və dövriyyəsində olan problemlər isə alıcılar tərəfindən yaranan inamsızlıq, toxum satışı ilə məşğul olan özəl şirkətlərin işinin pərakəndəliyidir. Bu səbəbdən toxumçuluğa kömək və dəstək siyasətinin inkişafı, toxum sahələrində nəzarət sisteminin gücləndirilməsi, bu sahədə azad bazar strukturunun yaradılması, beynəlxalq standartlar və sertifikatlaşdırma sisteminin (OECD/İSTA) tətbiqi, özəl toxumçuluq sisteminin inkişafı, toxumçuluqla məşğul olan kadrların bilik və bacarıqlarının artırılması kimi tədbirlər sisteminin işlənib həyata keçirilməsi lazımdır.
Ümumilikdə ölkədə bu sahənin inkişafı aqrar sektorun qarşısında duran ən prioritet məsələ olmalıdır. İlk növbədə istifadə edilən sortların yaxşılaşdırılması və yeni sortların yaradılması istiqamətində işlər genişləndirilməli, hər zonanın torpaq-iqlim şəraitinə uyğun sortların yaradılmasına nail olmaq lazımdır. Bunun üçün isə ölkədə seleksiya və toxumçuluq işlərinin elmi təminatının gücləndirilməsi və irihəcmli elmi-tədqiqat işlərinin aparılması çox vacibdir.
Eyni zamanda ölkədə dövlət və özəl toxumçuluq təsərrüfatlarının istehsal imkanlarının genişləndirilməsi və istehsal edilən toxumun keyfiyyətinə nəzarət sisteminin gücləndirilməsi, yeni irihəcmli müasir dövlət və özəl toxumçuluq təsərrüfatlarının yaradılması da məqsədəuyğun olardı.
Bunlardan
əlavə, fermerlərə və torpaq istifadəçilərinə
sort seçimi və toxumçuluq sahəsində təlimlərin
keçirilməsi və sahə məsləhət xidmətinin
təşkili, toxumluq sahələrinin aprobasiyasının
aparılmasına nəzarətin gücləndirilməsi və
aprobatorların yenidən hazırlanması işinin təşkili,
seleksiya və toxumçuluq sahəsində kadr
hazırlığının
yaxşılaşdırılması üçün ali və
orta təhsil müəssisələrində xüsusi
ixtisaslar üzrə mütəxəssislərin
hazırlanması müsbət nəticə verərdi.
Firudin QURBANOV,
Azərbaycan
Dövlət Aqrar Universitetinin professoru, "Taxıl və
paxlalı bitkilər" sahəvi laboratoriyasının
müdiri, Əməkdar kənd təsərrüfatı
işçisi
Azərbaycan.-2022.-
21 iyul.- S.11.