Yenidən canlanan turizm

 

Xarici turistlərin  sayında iki il davam edən azalma başa çatır

 

 

Azərbaycan tarixən böyük turizm potensialı ilə fərqlənib. Şərqlə Qərbi birləşdirən əlverişli coğrafiyada yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən multikultural dəyərlərə, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, füsunkar təbiəti, qədim tarixi və mədəniyyət abidələri respublikamızın geniş turizm imkanlarından xəbər verir. Bu potensialdan səmərəli istifadə edilməsi dövlət siyasətinin tərkib hissəsi olmaqla yanaşı, iqtisadi tərəqqi və yüksəlişə xidmət edən mühüm amildir.

 

 

2019-cu ildə Azərbaycana gələn əcnəbilərin sayı 3 milyon nəfərdən çox olub

 

 

Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin yaradılması, bu sahədə sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması istiqamətində son dövrlərdə məqsədyönlü işlər görülüb və görülməkdədir. Demək olar ki, respublikamızın bölgələrindəki bütün hava limanları müasir standartlar səviyyəsində yenidən inşa olunub və hər biri beynəlxalq status daşıyır. Eyni zamanda ölkəmizdə nəinki beynəlxalq əhəmiyyətli avtomobil yolları, o cümlədən rayonlararası, kəndlərarası şose yolları yenidən qurulub. Vaxtilə yolu olmayan yaşayış ünvanlarına yeni yollar çəkilib.

Digər tərəfdən Azərbaycanda tamamilə yeni, beynəlxalq standartlar səviyyəsində hotel infrastrukturu formalaşıb. İndi Bakı ilə yanaşı, digər şəhərlərimizdə və rayonlarda beşulduzlu, dördulduzlu, üçulduzlu mehmanxanalar, qonaq evləri, hostellər fəaliyyət göstərir. Azərbaycana gələn turist büdcəsinə uyğun istirahət məkanı seçməkdə heç bir çətinliklə üzləşmir.

Azərbaycanın turizm imkanlarının və potensialının təbliğində, xarici turistlərin sayının dinamik artımında mühüm rol oynayan vasitələrdən biri  ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsidir. Xüsusilə qeyd edilməlidir ki, Bakıda 2012-ci ildə keçirilən "Avroviziya" mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən I Avropa Oyunları, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları, həmçinin "Formula-1" yarışları Azərbaycanı dünyaya daha yaxından tanıdıb və bunun da  nəticəsində ölkəmizə gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım baş verib. Təsadüfi deyil ki, 2018-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 2,8 milyon nəfərə çatmışdı. Bu, 2017-ci illə müqayisədə 153 minya 5,7 faiz çox idi.

2019-cu ildə isə Azərbaycana gələn əcnəbilərin sayı 3,17 milyon nəfərə çatmışdı ki, bu da əvvəlki illə müqayisədə təxminən 11,3 faiz çoxdur. Onların 90 faizi Azərbaycana turist kimi gəlmişdi.

 

 

 

Ötən ilin ilk yarısı ilə müqayisədə 127 faiz artım var

 

 

 

COVID-19 pandemiyası səbəbindən bütün dünyada quruhava yolları ilə hərəkətin məhdudlaşdırılması, o cümlədən turizm xidmət sahələrinin fəaliyyətinin dayandırılması qlobal miqyasda turizmə güclü təsir göstərdi. Elə buna görə də 2020-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 74,9 faiz azalaraq 796 min nəfər təşkil etdi. 2020-ci ildə Azərbaycana gələn əcnəbilərin 65 faizi yanvar-mart aylarında ölkəmizə səyahət edənlər idi. 2021-ci ilin yanvar-dekabr aylarında isə Azərbaycana gələnlərin sayı 790 min nəfər təşkil etdi.

Pandemiyanın əvvəlki dövrlə müqayisədə zəifləməsi, məhdudiyyətlərin aradan qaldırılması ölkəmizə gələn turistlərin sayında da özünü göstərməkdədir. Belə ki, 2022-ci ilin ilk yarısının statistikası göstərir ki, respublikamıza səyahət edən əcnəbilərin sayı yenidən artıb. Bu ilin yanvar-iyun aylarında respublikamıza səyahət edənlərin sayı 638 min 770 nəfər olub. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 127 faiz çoxdur. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələnlərin sayı cəmi 281 min 817 nəfər təşkil etmişdi. Təkcə bu ilin iyun ayında Azərbaycana 170 min 600 nəfər gəlib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 154 faiz çoxdur.

Görünən odur ki, pandemiyanın azalması və məhdudiyyətlərin aradan götürülməsi səbəbindən respublikamızda turizm sahəsində yenidən canlanma yaranmaqdadır. Şübhə yoxdur ki, hazırkı gedişlə ən qısa vaxtda respublikamıza gələn xarici turistlərin sayında artım müşahidə ediləcək.

Ümumiyyətlə, turizm sahəsi pandemiyadan ən çox zərərçəkən fəaliyyət sahələrindən biri hesab olunur. Hazırda Avropa ölkələrinə də səyahət edən əcnəbi turistlərin sayı hələ koronavirus pandemiyasından əvvəlki göstəricilərdən aşağıdır.

 

 

Qarabağ  və Şərqi Zəngəzurun böyük turizm potensialı var

 

 

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın turizm imkanlarını daha da artırıb. Saf havası, gözəl təbiəti olan Qarabağ  və Şərqi Zəngəzur tək Azərbaycanın deyil, dünyanın ən füsunkar yerlərindəndir. Bu ərazilərin meşə, sutorpaq resursları ölkəmizdə turizmin inkişafı üçün böyük imkanlar yaradır. Azərbaycanın mineral su ehtiyatlarının böyük bir qismi bu ərazilərdədir. Bu yerlərdə qoruqlar, yasaqlıqlar və tarixi abidələrin olması sayəsində turizmin inkişafı üçün böyük potensial var. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının da turizm imkanları çox genişdir.

İyunun 26-da Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: "Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn ildavam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur".

Qarabağ və Şərqi Zəngəzur tezliklə tamamilə yenidən qurulacaq. İşğaldan azad olunan torpaqlarımız tarixi şöhrətlərini özlərinə qaytarmaqla yanaşı, həm də turizm bölgəsi kimi inkişaf edəcək.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 21 iyul.- S.11.