Milli mətbuatda ənənə
və innovasiya
"Əkinçi" qəzeti Azərbaycan mədəniyyətinin və ictimai fikrinin kəhkəşanında bir günəş kimi doğdu!
22 iyul 1875-ci ildən onun açdığı çətin və şərəfli yol bu gün də davam edir!
Həsən bəy Zərdabinin sadiq olduğu cəhalətə və savadsızlığa qarşı mübarizə, insanları maarifləndirmək, elmi bilikləri təbliğ etmək, müxtəlif yenilikləri insanlara çatdırmaq istəyi xalqa xidmətin parlaq nümunəsi idi.
Bəli, bu fədakar insan paranın, mətbəə və hürufatın, yazanın və yayanın, hətta kifayət qədər oxuyanın olmadığı bir zamanda ilk Azərbaycan qəzetini, mətbuatımızın qaranquşunu yaratdı!
Həm də təkcə qəzet yaratmadı, qəzetçiliyin təməlini qoydu, milli mətbuatımızın ənənə və prinsiplərinin yaranmasına dəyərli töhfələrini verdi!
Jurnalist fədakarlığının, peşəkarlığının, obyektivliyin, düzlüyün, doğruçuluğun nümunəsini ortaya qoydu!
Sonralar Həsən bəy Zərdabinin açdığı bu cığırı Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli və onlarca digər qüdrətli qələm sahibləri öz fəaliyyətləri ilə geniş yola çevirdilər.
Bu yol senzuranın sərt nəzarətindən, jurnalist peşəsinin çətinliklərindən və sınaqlarından, sovet dövrünün sərt tələb və məhdudiyyətlərindən uğurla keçərək uzun məsafə qət etdi.
Büdrəmələrə, itki və əngəllərə baxmayaraq, yenidən dövlət müstəqilliyinə qovuşdu, Ulu Öndər Heydər Əliyevin qətiyyət və hünəri sayəsində 6 avqust 1998-ci il Fərmanı ilə yarandığı gündən davam edən senzura nəzarətinin buxovlarından xilas oldu.
Azad nəfəs almaq, düz danışmaq, gördüyünü, bildiyini olduğu kimi yazmaq imkanı qazandı!
***
Jurnalistika ictimai-siyasi fəaliyyət sahəsidir.
Onun məhsulları insanlara ünvanlanır, cəmiyyətə
təqdim olunur.
Jurnalistika ilk növbədə məsuliyyət və vətənpərvərlik
deməkdir.
Xüsusən
onun yayımı üçün sərhədlərin
mövcud olmadığı indiki dövrdə!
Milli mətbuatımızın və Azərbaycan
jurnalistikasının ənənə və prinsipləri də
vardır.
Bütün bunlar beynəlxalq norma və tələblərlə
ziddiyyət təşkil etmir.
İstər
mətbuatla bağlı qanunların hazırlanmasında və
qəbulunda, istərsə də dövlət və mətbuat
münasibətlərinin tənzimlənməsində beynəlxalq
tələb və qaydalar, norma və
prinsiplər gözlənilir və nəzərə
alınır.
Artıq
çoxdandır ki, Azərbaycanda mətbuat və söz
azadlığına heç bir maneə və məhdudiyyət
yoxdur!
İstənilən insan istədiyi zaman maneəsiz və
bürokratik əngəlsiz qəzet yarada, sayt aça,
telekanal və internet televiziyası təsis edə, jurnalistika
sahəsində fəaliyyət göstərə bilir.
İnternetin yaranması isə söz və fikir
azadlığını hüdudsuz etmişdir.
Hər bir insan düşündüyünü, dediyini,
gördüyünü, bildiyini dərhal başqalarına
çatdıra, hamı ilə bölüşə bilir.
İstər jurnalist olsun, istərsə də qeyrisi.
Əlbəttə, söz azadlığının
hüdudsuzluğu və yayımının
asanlığı, əlçatanlığı müsbət
cəhətlərlə yanaşı, müəyyən fəsadlara
da yol açmışdır.
Bu, ilk növbədə informasiya təhlükəsizliyi,
doğru ilə yalanın, həqiqətlə qərəzin, səmimiyyətlə
məkrin, ən nəhayət, peşəkarlıqla səriştəsizliyin
fərqləndirilməsi, ayırd edilməsi, bəzən də
onların yetirə biləcəyi zərərdən
qorunmanın çətinlikləri ilə bağlıdır.
Jurnalistikanı
özü üçün peşə, fəaliyyət sahəsi
seçənlər üçün isə heç bir
çətinlik və mürəkkəblik yoxdur.
Bu gün Azərbaycanda yüzlərlə, bəlkə də
minlərlə halal qələm sahibi bu sahədə
çalışır, öz yaşayışını təmin
edir, həm də xalqına, dövlətinə müəyyən
xidmət də göstərir.
Qəbul edilmiş qanunlar, dövlətimizin bu sahəyə
xüsusi diqqət və qayğısı onların rahat və
maneəsiz çalışmalarına şərait
yaradır.
***
Mətbuat,
jurnalistika canlı orqanizmdir!
Canlı orqanizm isə həmişə inkişaf edir, dəyişir.
Dövrlə,
zamanla ayaqlaşmaq, hər gün dünyada baş verən
ziddiyyətli, maraqlı və gərəkli hadisələri,
informasiyaları operativ şəkildə insanlara
çatdırmaq üçün mətbuat özü də
mütəmadi şəkildə dəyişməli, yeni
texnologiyaların tətbiqindən, mövcud imkanlardan bəhrələnməklə
öz işini müasir çağırışlara
uyğun qura bilməlidir.
Mətbuat
informasiya daşıyıcısı, informasiya
yayıcısı və informasiya çatdıranı olmaqla
yanaşı, daim ayaqda qalmaq üçün innovativ yeniliklərdən
də istifadə etməli, öz "məhsulu"nun adi məhsul
olmamasının fərqinə varmalıdır!
Adətən, hər hansı bir informasiyanı
dövriyyəyə buraxanlar heç zaman öz
maraqlarının təminini də unutmurlar.
Bəzən
isə hətta fərdi maraqları naminə informasiyanı təhrif
etməyə, öz istəklərinin təmininə
uyğunlaşdırmağa belə can atırlar.
İnformasiyadan qərəzli və məqsədli şəkildə,
çaşdırıcı formada istifadə də
günün reallıqlarındandır.
"Soyuq
müharibə"nin "informasiya
müharibəsi" adı altında davam etməsi heç də
onun mahiyyətini və arxasında gizlənən qərəzli,
məkrli niyyətləri dəyişmir.
Belədə
niyyət eynidir: düşmənçiliyi informasiya cəbhəsində
də davam etdirmək, növbəti hücumlara ictimai rəyin
dəstəyini təmin etmək!
Günümüzün
bu reallığını unutmağa, informasiyanın
toplanılması və yayılması zamanı bu vacib məqamı
yaddan çıxarmağa heç bir vətənpərvər
qələm sahibinin haqqı yoxdur!
Müstəqil
Azərbaycan zəngin təbii sərvətlərə, əlverişli
geosiyasi mövqeyə malikdir!
O,
müstəqil, milli və dövləti maraqlarına əsaslanan
daxili və xarici siyasət yürüdür!
Azərbaycanın
bu qətiyyəti və cəsarəti çoxlarının
xoşuna gəlməyə bilər və gəlmir!
İkili standartların mövcudluğunun mühüm səbəblərindən
biri də elə budur.
Odur ki, hər
bir azərbaycanlı jurnalist informasiya cəbhəsinin əsgəri
olduğunu da heç zaman unutmamalıdır!
***
İlk dəfə
Aprel müharibəsində belə paradoksal vəziyyətlə
kütləvi şəkildə üzləşdik!
Sosial
şəbəkə və saytlar "cəbhə xəbərləri"
ilə aşıb-daşdı!
Kim harda nə
gördüsə, şəklini çəkdi, nə
eşitdisə, hansısa tanımadığı saytda nəyəsə
rast gəldisə, dərhal "isti-isti" oxucusuna,
başqalarına çatdırmağa
çalışdı!
Nə
informasiyanın doğruluğuna, nə də çəkdiklərinin
və yazdıqlarının düşmən
üçün gərəkli faktlar ola
biləcəyinə əhəmiyyət verdi.
Ümumi
işimizə vurduğu ziyan nəzərə alınmadı!
Nə
yaxşı ki Vətən müharibəsində ağıllandıq
və keçmiş səhvlərimizi təkrarlamadıq!
Təkcə
informasiyanı birinci verməyə tələsmək
azdır!
Hansı
informasiyanı yaydığımızın da fərqində
olmalıyıq!
Məsələn,
bəzən jurnalistikanın təkcə "həqiqətə
sadiqlik" prinsipini gözləmək də məqsədəmüvafiq
olmur!
Elə
informasiyalar var ki, milli maraqlar naminə onların Azərbaycan
saytlarında görünməsi səhv və zərərli nəticələrə
gətirir!
Yaxud
içimizdə "5-ci kolon"un
mövcudluğu kimsəyə sirr deyil!
Bu kolonun
üzvləri qrant xatirinə, yaxud xaricdə
sığınacaq almaq üçün hər cür xəyanətə
hazırdırlar və edirlər də!
Onların
dövriyyəyə buraxdıqları "xəbərləri"
maraq xatirinə təkrarlamaq və yaymaq mahiyyətcə həmin
xəyanətə şərik çıxmaq anlamına gətirir!
***
İnformasiya müharibəsində
yanlışlığa və səhvlərə gətirən
səbəblərdən biri də "sensasiya xəstəliyi"dir.
Bu xəstəlik
sosial şəbəkədə daha geniş
yayılmışdır və "tələ"yə
düşənlər onu öz saytlarına transfer etməklə,
əslində, şərə qulluq göstərmiş olurlar.
Təcrübəli
jurnalistlər və insanlar hansı informasiyanın həqiqət
və ya "şübhəli" olduğunu dərhal
ayırd edə bilirlər!
Lakin xəbərin "qışqırması",
"qeyri-adiliyi" çoxlarının saqqızını
oğurlayır.
Dərininə getmədən, mahiyyətə varmadan həmin
"çığıran" xəbərin təkrarlayıcısına
və yayıcısına çevrilirlər.
Bəzən isə həmin "sensasiya" hesabına
saytlara girişin artırılması niyyəti, "məşhurlaşma"
istəyi yalana göz yummağın səbəbinə
çevrilir.
Nəticədə insanlar aldadılır, cəmiyyətə
yalan informasiyalar sırınır.
Belə sensasiyalar düşmənlərimiz tərəfindən
dövriyyəyə buraxılanda isə milli
maraqlarımız, xalqımızın mənafeyi ziyan çəkmiş
olur.
Hələ
ayrı-ayrı insanlara dəyən mənəvi zərbəni,
onlara münasibətdə ədalətsizliyə yol verilməsini
demirik!
Bütün bunlar nəticə etibarilə
jurnalistikamızın prinsiplərinin pozulması, milli mətbuatımızın
əsrlərboyu formalaşmış ənənələrinə
sayğısızlıq, peşə davranışı
qaydalarına hörmətsizlik kimi də dəyərləndirilir.
***
Belə yanaşma sərgiləyənlər buna mətbuat
və söz azadlığına "sədaqət" bəhanəsi
ilə haqq qazandırmağa çalışırlar.
"Qərbin
dəyərləri"ni, "beynəlxalq jurnalistika"nı misal çəkirlər!
Biz 44
günlük Vətən müharibəsi və ondan
sonrakı günlərdə "söz azadlığına sədaqəti"
də, beynəlxalq jurnalistikanın prinsiplərini də
"öyrənmək istədiklərimiz"in özlərinin
nə sayaq əməl etdiklərini yaxşıca
gördük!
Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev qırxadək
dünya KİV-inə, informasiya agentliyinə və telekanala
müsahibə verdi.
Az bir
qisim istisna olmaqla, müsahibə götürən həmin
jurnalistlərin mövqelərindən və verdikləri
suallardan açıq-aydın erməni maraqlarının
şiddətli qoxusu gəlirdi!
Sanki onlar
müsahibə almağa deyil, prokuror kimi ittiham etməyə gəlmişdilər!
Məqsədləri
həqiqəti yazmaq və demək yox, erməniləri
müdafiə etmək, suya çəkmək idi!
Ermənilərin
etdikləri bütün alçaqlıqları bizim
ayağımıza yazmaq üçün dəridən-qabıqdan
çıxırdılar!
Söz azadlığı bu idimi?
Həqiqətə sədaqət bu idimi?
Tərəfsiz, qərəzsiz mövqe bu idimi?
Beynəlxalq jurnalistikanın təməl prinsiplərinə
beləmi əməl olunur?
Ən nəhayət, biz belələrindən öyrənib
onlara oxşamalıyıqmı?!
Prezidentimizin
fədakarlığı, yüksək hazırlığı
və faktlardan məharətlə istifadəetmə
bacarığı olmasaydı, onlar bəlkə də
ağı qara kimi dünyaya təqdim edəcəkdilər!
Əksinə,
Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin
mətbu qurumların tribunasından bacarıqla istifadə edərək
məkrli niyyətləri və yanaşmaları ifşa etdi, əsl
həqiqətləri dünya ictimaiyyətinə məharətlə
çatdırdı!
***
Milli mətbuatımızın
ənənə və prinsiplərinə, jurnalistlərin
peşə davranışı qaydalarına əməl etmək
üçün ən əvvəl onları bilmək
lazımdır!
Bu gün
KİV-də çalışanların böyük əksəriyyətinin
ixtisas təhsili, jurnalistikaya dair zəruri bilgiləri, Azərbaycan
milli mətbuatının ənənələri ilə
tanışlığı yoxdur!
Hətta
belələri arasında qəribə təsəvvür də
mövcuddur: yazı yaza bilirsənsə, nəzəriyyəyə,
milli mətbuatın ənənələrini yaşatmağa və
keçmiş təcrübəyə ehtiyac yoxdur!
Sovet dövründə belə düşüncə
sahiblərinə "kosmopolit"lər deyirdilər.
Əlbəttə, çalışdığın sahə
ilə bağlı dərin biliyə malik olmaq tələbi
kimlərəsə xoş gəlməyə bilər.
Lakin özünə peşə, necə deyərlər,
çörək qazanmaq üçün seçdiyin fəaliyyət
sahəsində elementar biliyə malik olmamaq, ən pisi isə
buna cəhd göstərməmək təkcə işinə
laqeyd və biganə münasibət deyil, həm də
hörmətsizlik əlamətidir.
ADA Universitetinin rektoru professor Hafiz Paşayevin təşəbbüsü
ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
işıq üzü görmüş "Azərbaycan"
qəzetinin nömrələri transliterasiya edilib.
"Azərbaycan" qəzeti isə bu xeyirxah təşəbbüsə
dəstək olaraq, həm də əlçatanlıq mənasında
həmin qəzet nömrələrini yenidən öz səhifələrində
çap edir.
"Azərbaycan" qəzetinin həmin nüsxələrinin
hər biri milli mətbuatımızın ənənələri
barədə dolğun təsəvvür yaratmaqla bərabər,
milli maraqları necə qorumağın, hansı mövqedən
yazılar yazmağın klassik nümunələrini ortaya
qoyur.
***
Dünya dəyişir, dünya inkişaf edir.
Bu inkişaf və dəyişikliklər müəyyən informasiyalarla müşahidə olunur.
Amma hər şeyin tam dəyişdiyini də güman etmək sadəlövhlük olardı...
Dünya dəyişməz və bəzən də yazılmamış qanunlarla, prinsiplərlə idarə olunur.
Bu qanun və prinsiplərdə ədalətsizlik də var, güclünün daim özünü haqlı sayması da, zəifin hüquqlarının tapdalanması da, üstəlik, ikili standartlar da!
Terminlər də dəyişə bilər: "ideoloji mübarizə" "demokratiyanın və insan haqlarının qorunması", "soyuq müharibə" "informasiya müharibəsi", "tələblər çağırışlar"la əvəz olunursa, bu hələ məsələnin zahiri tərəfidir.
Niyyət isə əbədi və dəyişməz qalır!
Belə bir vəziyyətdə ən doğru yol başını salamat saxlamaq üçün ağıllı, tədbirli və güclü olmaqdır.
Mətbuatda da belədir: söz azadlığı, informasiyanı dərhal çatdırmaq imkanları, kreativlik, sensasiya yaratmaq istəyi heç zaman milli maraqlardan üstün tutulmamalıdır!
İnformasiyanın operativ yayılması, mətbuat və söz azadlığı nə qədər vacib olsa da, bizi milli mətbuatımızın əsrlərin sınağından keçib gələn ənənə və prinsiplərindən uzaqlaşdırmamalıdır!
Xüsusən də vətəni sevmək, vətənpərvərlik ənənəsindən!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 22 iyul.- S.1;4.