Ölkələrimiz
arasında əməkdaşlıq bir çox sahələri əhatə
edir
İyulun
21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə
geniş tərkibdə görüşü keçirilib.
AZƏRTAC
xəbər verir ki, görüşdə
çıxış edən Prezident İlham Əliyev dedi:
-
Hörmətli Baş nazir və nümayəndə heyətinin
üzvləri. Bir daha xoş gəlmisiniz. Elə indicə
qarşılıqlı maraq doğuran bir çox məsələlərlə
bağlı cənab Baş nazirlə çox yaxşı
müzakirəmiz oldu və tərəfdaşlığımızın
gücləndirilməsi üçün bir çox
imkanları müəyyən etdik. Bu gün öncə
müzakirə etdiyimiz kimi, Bolqarıstanla Azərbaycan
arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın
inkişaf etdirilməsi üçün həqiqətən
yaxşı əsasdır. Biz bir neçə il əvvəl
Strateji Tərəfdaşlıq barədə Bəyannaməni
imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi,
sənayenin inkişafı, ticarət, enerji, daşımalar,
turizm, yüksək texnologiyalar və digər sahələrdə
əməkdaşlığımızın olduqca praktiki nəticələrinə
çevirmək vaxtı artıq yetişib. Əlbəttə
ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini
müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik.
Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın
dəmir yolu sistemini birləşdirmək üçün
qonşularımızla həyata keçirdiyimiz layihələri,
Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə
alsaq, daşımalar sahəsində böyük potensial
mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan
tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki,
bu, yalnız başlanğıcdır, çünki burada
potensial var. Bir sözlə, geniş əhatəli məsələlər
müzakirə edildi. Biz cənab Baş nazirlə artıq uzun
müddətdir ki, bir-birimizi telefonla tanıyırıq.
İndi isə artıq şəxsən tanış olduq. Sizi
görməyimə çox şadam və Sizə Bakıda
xoş səfər arzulayıram.
Bolqarıstanın
Baş naziri Kiril Petkov dedi:
-
Sağ olun, cənab Prezident. Çox məmnunam ki, bir-birimizlə
şəxsən görüşürük. Mən artıq
qeyd etdim və bir daha söyləmək istəyirəm,
dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa
arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll
etməyə gəldikdə, dostlar yenə də yan-yana
olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac
yarandığı zaman Siz Bolqarıstanın yanında
oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji
sektorunda və ondan başqa sahələrdə bir çox
imkanları müzakirə etdik.
Sizin
yanaşmanızı dəstəkləyirəm ki, biz Strateji Tərəfdaşlıq
sənədini imzaladıq, müzakirələr apardıq,
indi isə onları reallığa çevirməliyik. Hökumətimiz
indiki tərkibdə gələn bir neçə həftə ərzində,
ola bilsin, qalacaq. Lakin qərarlar var və biz tam əminik ki,
növbəti hökumət də bizim hökumət olacaq. Biz
belə nəticəyə gəldik ki, texnologiya, logistika,
Avropaya ixrac, enerji daşıyıcılarının
paylanması kimi sahələrdə bir çox işlər
görülə bilər.
Azərbaycan.-2022.- 22 iyul.- S.2.